Sarkozi və Ollandın oxşar və fərqlilikləri

5 May 2012 14:37 (UTC+04:00)
Mövqe.Az xəbər verir ki, bu gün Fransada Prezident seçkilərinin ikinci turundan əvvəl bütün təbliğat-təşviqat kampaniyası rəsmi şəkildə başa çatıb. Respublikada prezidentliyə namizədlərin təbliğatı və rəy sorğularının aparılması qadağandır. Ən son Fransanın 20 incəsənət xadimi vətəndaşları Nikolya Sarkoziyə səs verməyə çağırıb. Fransua Olland isə seçkinin birinci turunda məğlub olmuş mərkəzçi Fransua Bayrunun tərəfdarlarının dəstəyinə ümid edə bilər.
Seçkiqabağı Nikolya Sarkozi və Fransua Ollandı müqayisə edənlər onların çox fərqli olduğunu, lakin eyni zamanda, oxşar çox şeylərinin olduğunu bildirirlər. Onların ikisi də 58 yaşındadır, ikisinin də 4 övladı var, ikisi də ixtisasca vəkildir, ikisinin də gəncliyi Parisin elitar rayonunda keçib. İkisi də siyasətin əsaslarına Syans-Po universitetində yiyələnib. Fərq yalnız ondadır ki, Fransua Olland universiteti fərqlənmə ilə bitirib, Nikolya Sarkozi isə ingilis dili imtahanından keçə bilmədiyi üçün oradan qovulub.
Nikolya Sarkozinin siyasətdə müəllimi Jak Şirak olub, Fransua Olland isə ömrü boyu Fransua Mitterana bənzəməyə çalışıb. Əvvəllər xarici görünüşü və səsi güclü liderə uyğun gəlməyən Fransua Olland bu məqsədlə pəhrizə oturaraq, 15 kiloqram arıqlayıb. Səsinin isə daha inamlı olması üçün Marko Beakko adlı vokal mütəxəssisindən dərs alıb. Nikolya Sarkozi isə, əksinə, hiperaktiv siyasətəçi hesab edilir. Sarkozi parıldayan hər dəbdəbə predmetlərinə maraq göstərdiyinə görə, Fransa mətbuatında "Blinq-blinq" ləqəbi alıb.
Qeyd edək ki, Fransa prezidenti seçilmək üçün namizədlərdən biri səslərin 50 faizini və 1 səs qazanmalıdır. Xatırladaq ki, prezident seçkilərinin birinci turunda Fransua Olland səslərin 28,6, Nikolya Sarkozi isə 27,1 faizini toplamışdı.

Tural QABİLOĞLU