Əli Əhmədov BMT Baş katibinin birinci müavinini Bakıya dəvət edib

16 İyul 2019 10:07 (UTC+04:00)

BMT-nin İqtisadi və Sosial Şurası tərəfindən təşkil edilən Yüksək Səviyyəli Siyasi forumda Azərbaycanın Dayanıqlı İnkişafa dair ikinci Könüllü Milli Hesabatının təqdim edilməsi məqsədi ilə ABŞ-ın Nyu York şəhərinə rəsmi səfər çərçivəsində Azərbaycanın Baş nazirinin müavini, Dayanılı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Sədri Əli Əhmədov BMT Baş katibinin birinci müavini Amina Mohammedlə görüşüb.

Movqe.az-ın xəbərinə görə, görüş zamanı Ə.Əhmədov qlobal problemlərin həllində iştiraka töhfə verməyə yüksək səy göstərən, habelə beynəlxalq tərəfdaşlığa əhəmiyyət verən ölkə olaraq, Azərbaycanın qarşıdakı illərdə də bu cür əməkdaşlıq əlaqələrinin yaradılmasını və möhkəmləndirilməsini əsas prioritet kimi müəyyənləşdirdiyini bildirib.

1992-ci ildə BMT-yə üzv olduqdan sonra BMT-nin müxtəlif qurumları ilə səmərəli əməkdaşlığın davam etdiyini, bu əməkdaşlıq çərçivəsində bir sıra mühüm sənədlərin imzalandığını diqqətə çatdıran Baş Nazirin müavini Azərbaycanın “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyi”nə qoşulması ilə BMT ilə əməkdaşlıqda yeni səhifə açıldığını vurğulayıb.

Azərbaycan Respublikasının Minilliyin İnkişaf Məqsədlərinə nail olunmasında qazandığı təcrübəyə istinad edərək Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunmasında da ön sıralarda olmağı planlaşdırdığı diqqətə çatdırılıb.

Ə.Əhmədov qeyd edib ki, bütün tərəfdaşlar DİM-lərin ölkə üçün uyğunluğunu qəbul edirlər: “Bütün dövlət qurumları DİM-lərin öz fəaliyyət istiqamət və siyasətlərinə inteqrasiya olunmasına dəstək göstərməyə hazırdır. Bu baxımdan Hökumət milli prioritetlərə uyğunlaşdırılmış DİM-lərə nail olunması üzrə əlaqələndirici qismində çıxış etməklə, bütün maraqlı tərəfdaşların Gündəliyin səmərəli icrasına yönəldilmiş təşəbbüslərinə əhatəli dəstəyi təmin edəcək. Eyni zamanda, yeni Azərbaycan 2030 strategiyasının hazırlanması və DİM-lərin bu strategiyaya inteqrasiyası nəzərdə tutulub”.

Baş Nazirin müavini Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu və 1 milyondan çox soydaşımızın yurd-yuvalarından qaçqın və məcburi köçkün düşdüyünü və bütün bunların ölkədə dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında çətinliklər yaratdığını diqqətə çatdırıb.

BMT-nin Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi məlum qətnamələrin indiyədək yerinə yetirilmədiyi Baş katibin müavininin  diqqətinə çatdırılıb.

BMT Baş Katibinin birinci müavini Amina Mohammed Azərbaycanda DİM-lərdən irəli gələn öhdəliklərlə bağlı vəzifələrin kompleks əlaqələndirilməsi və icrası üçün yüksək səviyyəli Milli Əlaqələndirmə Qurumunun yaradılmasını, qısa müddət ərzində DİM-lərə inteqrasiya istiqamətində görülən işləri, habelə regionda və MDB məkanında ilk ölkə olaraq Azərbaycan tərəfindən ikinci dəfə Birləşmiş Millətlər Təşkilatının Yüksək Səviyyəli Siyasi Forumunda ikinci Könüllü Milli Hesabatın təqdim olunduğunu yüksək qiymətləndirdiyini və DİM-lərin ümumilikdə icrası yönündə ölkə tərəfindən atılan addımların təqdirəlayiq olduğu diqqətə çatdırıb.

Bununla yanaşı, dayanıqlı inkişafa nail olunmasında sülh və sülhpərvər institutların yaradılmasının əhəmiyyətini vurğulayan baş katibin müavini Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsi üçün BMT-nin hər zaman Azərbaycana dəstək verməyə hazır olduğunu vurğulayıb.

Sonda Baş nazirinin müavini Əli Əhmədov 2020-ci ildə keçirilməsi planlaşdırılan “Dayanıqlı İnkişafa dair 2-ci Bakı Forumu”nda iştirak etmək üçün Baş katibin müavinini Bakıya rəsmi səfərə dəvət edib və Amina Mohammed bunu müsbət qarşılayıb və dəvət təsdiq edilib.