Ermənilər Gürcüstanı da özlərinə düşmən edirlər

19 İyul 2019 09:50 (UTC+04:00)

İrəvanın “Jamanak” qəzeti bu günlərdə xəbər verib ki, Gürcüstan hökuməti öz ərazisindən taxıl məhsullarının tranzit daşınmasına yenidən qadağa hazırlayır. İstisna edilmir ki, qadağa oktyabrın 1-dən qüvvəyə minə bilər. Qəzet xəbərdarlıq edir ki, bu unun, çörəyin və ətin bahalaşmasına gətirib çıxara bilər. Çünki, buğda ilə yanaşı donuz və quş əti istehsalı üçün lazım olan yem məhsullarının böyük hissəsi Ermənistana Rusiyadan idxal edilir.

Prinsipcə, bu qərar gözlənilən idi. Belə ki, hələ ötən ilin sentyabrında gürcü tərəfi “Yuxarı Lars” nəzarət-buraxılış məntəqəsinin erməni TIR-lары  üçün bağlana biləcəyini anons etmişdi. Bu məsələ o vaxtdan bir neçə dəfə təxirə salınsa da, ermənilərin qorxu içində yaşamalarına mane ola bilməmişdi. Ancaq hər bir halda yolun həmişəlik bağlanacağı fikri inandırıcı görünmürdü. Elə buna görə də ermənilər qonşulara münasibətdə sərgilədikləri xəyanətkarlığı davam etdirirdilər. Çünki, Axalkalaki rayonunda çoxdandır ki, ermənilərin separatçı fəaliyyətləri davam edir. Üstəlik, gürcülər Ermənistan hökumətinin regionda yerinə yetirdiklər çirkin vəzifələri görməmiş deyillər. Digər tərəfdən hazırda Gürcüstanda davam edən mitinqlərdə, habelə Azərbaycanla sərhəddə yerləşən və çox hissəsi Azərbaycan ərazisinə düşən Keşikçidağ monastırı ətrafında gedən pozuculuq fəaliyyətində erməni izi aydın görünür. Gürcüstanda yaşayan ermənilər adətlərinə xilaf çıxmayaraq bu ölkəyə qarşı da nankorluq yolunu tutublar və bəlkə də buna görə “Yuxarı Lars” məsələsi yenidən gündəmə gəlib.

Ermənistan hökuməti bu yolun asılılığından qurtulmaq üçün neçə illərdir ki, can-fəşanlıq edir, lakin hələ ki, bir nəticəyə nail ola bilməyib. Belə görünür ki, heç vaxt da nail ola bilməyəcək. Hər halda yaxın 10-15 ildə bu mümkün olmayacaq. Çünki, Ermənistanın Rusiyaya çıxışı ya Azərbaycandan, ya da Gürcüstandan olmalıdır. Gürcüstan yolu mövcuddur: “Yuxarı Lars” aşırımı. Lakin bu yol qış mövsümündə əksər vaxtlar bağlı olur. Ancaq alternativ varianlar nəzəri şəkildə mövcud olsa da, obyektiv və subyektiv səbəblərdən praktiki şəkildə bunu həyata keçirmək mümkün deyil. Əvvələn, siyasi sahədə işğal faktlarına görə Gürcüstan-Rusiya və Azərbaycan-Ermənistan münasibətləri gərgindir. İkincisi, Ermənistanın uzun illər ərzində təcavüzkarlıq etməsi onu iqtisadi blokadaya salıb və alternativ variantlardan istifadə üçün hansısa dəmiryol xəttini çəkməyə imkansızdır. Digər tərəfdən, Ermənistan regionun elə mühüm dövləti deyil ki, kimsə onun üçün gəlib yeni yol çəksin. Hətta hazırda Ermənistan üçün mühüm tərəfdaş olan İranla birgə iki ölkəni birləşdirən dəmiryol xəttinin çəkiləcəyi barədə 10 il əvvəl hay-küylü bəyanat verilsə də bunu həyata keçirmək mümkün olmadı. Ona görə ki, 200 milyon dollar vəsait tələb olunurdu.

Əslində, indi Cənubi Qafqaz regionunda hansısa çoğrafi məkanların birləşdirilməsi üçün yeni dəmiryol xəttinin çəkilməsinə ehtiyac yoxdur. Çünki, Azərbaycanın səyi və birbaşa iştirakı ilə artıq regionun dəmiryol xətləri beynəlxalq nəqliyyat şəbəkələrinin üzvi hissəsinə çevrilib. Təbii ki, Ermənistan bu şəbəkədən kənarda qalıb. Təsadüfi deyil ki, indi Ermənistan BMT-yə Türkiyədən şikayət edir ki, onun üzünə sərhədlərini bağlayıb və tələb edir ki, sərhədlərin açılması üçün BMT vasitəçilik və beynəlxalq qanunların gücündən istifadə etsin. Bu işlə Ermənistan baş nazirinin müavini məşğul olur. Ancaq Türkiyə sərhədləri nə üçün açmalıdır, bu sualın məlum cavabı barədə ermənilər düşünmək istəmirlər.

Beləliklə, qarşıdan gələn qışda Ermənistanda qaz və çörək, eyni zamanda ət problemi əhalinin belini qıra bilər. Qışın tədarükünü adətən yayda görürlər. Amma Ermənistanda heç buna da imkan yoxdur.

N.NOVRUZ