Türkiyədən Azərbaycana üz tutanların sayı artacaq

30 İyul 2019 08:00 (UTC+04:00)

2019-cu ilin sentyabrın 1-dən Türkiyə vətəndaşları Azərbaycana vizasız səfərlər edə biləcək. Ölkəmizə 30 günədək müddətə səfər etmək istəyən Türkiyənin ümumvətəndaş pasportuna malik vətəndaşlarından viza tələb edilməyəcək. Azərbaycan ərazisində 30 gündən artıq qalmaq istəyən Türkiyə vətəndaşlarının statusu isə Azərbaycanın müvafiq qanunları ilə tənzimlənəcək. 

Xatırladaq ki, 2007-ci ildə Türkiyə Azərbaycan vətəndaşlarına bu ölkəyə vizasız səfər etmək imkanı yaradıb. Azərbaycan vətəndaşları da 30 günədək Türkiyədə vizasız qala bilər. Viza tələbinin ləğvi Azərbaycan və Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinə yaxşı töhfə olacaq. Bu yeniliyin siyasi əhəmiyyəti ilə yanaşı turizmin inkişafına da fayda verəcəyi gözlənilir.

Turizm üzrə ekspert Elxan Vəliyevin fikrincə, viza tələbinin ləğvi iki ölkə arasında olan münasibətlərin səviyyəsini göstərir. Onun sözlərinə görə, iki ölkə arasənda qarşılıqlı münasibətlərin vəziyyəti Azərbaycanın da viza rejiminin tam ləğvini zəruri edirdi.  Ekspert qeyd etdi ki, hazırda da Türkiyə vətəndaşlarının Azərbaycana səfərləri üçün prosedur çox sadədir, onlar yalnız rüsum ödəyirdilər. Viza rejiminin ləğvindən sonra bu rüsum da aradan qaldırıldı və hava limanlarında Türkiyə vətəndaşları vaxt itkisi ilə üzləşməyəcək.

 

E.Vəliyev hesab edir ki, vizanın ləğvindən sonra Azərbaycana biznes məqsədilə gələn Türkiyə vətəndaşlarının sayında artım olacaq. O, turist səfərlərinin sayının artmasından ötrü digər zəruri tədbirlərin görülməsinin əhəmiyyətli olduğunu bildirdi: “Türkiyə vətəndaşları Azərbaycana hazırda da daha asanlıqla viza alıb gələ bilirlər. Viza rejiminin ləğvindən sonra işləmək üçün Azərbaycana gələn Türkiyə vətəndaşlarının sayı artacaq.  Turist səfərlərinin artması üçün Azərbaycan hökuməti kifayət qədər sadələşdirilmiş rejim tətbiq edir və Türkiyə vətəndaşları bundan yararlanır. Hazırda Türkiyədən Azərbaycana gələn turistlərin sayı çox deyil. Vizanın ləğvindən sonra turist səfərləri artacaq, amma ciddi artımın olacağını söyləmək çətindir. 
Türkiyə vətəndaşlarının xaricə turist səfərləri çox olur. Onlar bu sahədə böyük təcrübəyə sahib insanlardır. Türklər daha əlverişli turpaketlərdən istifadə edərərək səfərlər edirlər. Azərbaycana Türkiyədən turist səfərlərinin artması üçün qiymətlər əlverişli olmalıdır. Viza rejiminin ləğvi marağı artıracaq. Əgər qiymətlər, xidmətlər də əlverişli olarsa Türkiyədən gələn turistlərin sayı arta bilər”.

Turizm üzrə ekspert, Azərbaycan Turizm Assosasiyasının müşaviri Müzəffər Ağakərimov düşünür ki, viza rejiminin ləğvi turist səfərlərinə müsbət təsir edir. O, buna misal kimi ərəb turistlərin sayının artmasını göstərdi: “Viza rejiminin sadələşdirilməsindən sonra Fars körfəzi ərazisində yerləşən ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı dəfələrlə artdı. Viza ləğv ediləndən sonra gözləmək olar ki, Türkiyə vətəndaşlarının da ölkəmizə axını çoxalacaq. Amma hazırda Türkiyədən gələn turistlərin sayı başqa qonşu ölkələrlə müqayisədə azdır. Türkiyədən daha çox iş adamları gəlir, turizm məqsədilə gələnlər azdır”. 


M.Ağakərimovun qənaətincə, viza tələbinin dayandırılması Bakı-Tiflis-Qars dəmiryol xətti ilə sərnişindaşımanı artıracaq: “Bu xətlə turist səfərləri də təşkil ediləcək. Vizanın ləğvi Qars ətrafında yaşayan Türkiyə vətəndaşlarının Azərbaycana səfərlərini artıracaq. Orada yaşayan azərbaycanlılar çoxdur, onlarda Azərbaycana səfər etmək marağı artacaq”.

İqtisadi Resusrların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı Ruslan Atakişiyev viza rejiminin ləğvinin gözlənilən qərar olduğunu və bunun iqtisadi, sosial sahədə faydalı olacağı qənaətindədir: “Azərbaycan tərəfindən viza rejiminin ləğvi uzun müddət idi ki, gündəmdə idi. İki ölkənin hökumətlərinin son 10 ildə müzakirə etdiyi məsələlərdən biri viza məsələsi olub. Sentyabrın 1-nə kimi bütün texniki məsələlər öz həllini tapacaq və vizasız səfərlər mümkün olacaq”. 


R.Atakişiyev bildirdi ki, mövcud qaydalara əsasən Türkiyə vətəndaşları hava limanında viza alırlar və onlar üçün viza almaq rejimi asanlaşdırılmışdı. Onun sözlərinə görə, viza rejimim ləğvi iki ölkə arasında olan münasibətlərin ruhuna uyğun dəyişiklik olacaq. 

İqtisadçı-ekspert viza qərarının Azərbaycana iqtisadi faydasının olacağına da əmindir: “Turist səfərlərinin artmasında viza rejimlərinin ləğvinin, sadələşdirilməsinin əhəmiyyəti olur. Azərbaycanla Türkiyə arasında biznes sahəsində işləyən xeyli sayda insan var, iki ölkə arasında gediş-gəliş çoxdur. 
İki ölkə arasında səfərlər daha çox turizm məqsədilə yox, biznes, qohumluq münasibətlərində olan şəxslərin görüşü məqsədilə baş verir. Bu baxımdan viza rejiminin ləğvi əhəmiyyətlidir. 
Bakı-Tiflis-Qars dəmor yol xəttinin istifadəyə verildiyi dövrdə viza tələbinin dayandırılması bu qərarın əhəmiyyətini bir qədər də artıracaq. Bu xətlə gələcəkdə sərnişindaşıma həyata keçiriləcək və gözlənilir ki, istifadə edənlərin sayı çox olacaq. Sərnişinlərin daha rahat səfərləri üçün viza rejiminin ləğvi əhəmiyyət daşıyır”. 

Vasif CƏFƏROV