Qızışan “valyuta müharibəsi” manata da təsirsiz ötüşməyəcək

9 Avqust 2019 07:00 (UTC+04:00)

Dünyada yenidən “valyuta müharibəsi” qızışır. Dünyanın inkişaf etməkdə olan ölkələrinin əksəriyyəti uçot dərəcəsini azaldır və bu, milli valyutaların dəyər itirməsinə səbəb olur. Aşağı faiz siyasətinə ABŞ da qoşulub. ABŞ Federal Ehtiyatlar Sistemi (FES) uçot dərəcəsini 0,25 faiz bəndi azaldıb. Amerika prezidenti Donald Tramp bu azalmanın yetərli olmadığını bildirərək FES-dən bir qədər də endirimə getməyi istəyib.

FES-in faizi endirmək qərarından sonra Çinin milli valyutası olan yuan dollar qarşısında məzənnə dəyəri itirməyə başlayıb. Bu ilin avqustundan dollar yüksələrək tarixdə ilk dəfə olaraq 7 yuan həddini ötüb. İyulun 30-da 6,88 olan dollar/yuan kursu hazırda 7,045-dir. Cəmi 10 gündə Çində dollar 2,3 faiz bahalaşıb. Çinin milli valyutasının ucuzlaşdırma siyasətindən sonra ABŞ Prezidenti Tramp açıqlama verərək baha dollardan imtina etməyin vaxtının çatdığını bildirib.

İnkişaf etməkdə olan ölkələrdə milli valyutaların ucuzlaşdıırlması, ABŞ-ın da oxşar maliyyə siyasətini yürüdəcəyi ehtimalından sonra Avropa Mərkəzi Bankı faiz dərəcələrini endirə biləcəyini açıqlayıb. Bundan sonra nə baş verəcək, FES faizləri bir qədər də azaldacaqmı və bunun Azərbaycan manatına təsiri necə olacaq?

İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi, iqtisadçı-ekspert Pərviz Heydərovun fikrincə, valyutaların ucuzlaşdırılması ABŞ-la Çin arasında baş verən ticarət savaşının başqa forma almasıdır. Onun sözlərinə görə, ABŞ və Çin anladı ki, birtərəfli şəkildə gömrük rüsumlarının artırılması, bir-birilərinə qarşı sərt ticarət siyasəti yürütməsi səmərə verməyəcək: “Hər iki ölkə başa düşdü ki, gömrük şərtlərini ağırlaşdırmaqla rəqabəti daha da kəskinləşdirəcəklər və bundan sadəcə, özləri yox, həm də dünya iqtisadiyyatı zərər görəcək. Valyutaları ucuzlaşdırmaqda məqsəd qarşıdakı tərəfin idxalını məhdudlaşdırmaq, əvəzində öz ixracını stimullaşdırmaqdır”.

 

P.Heydarov bildirdi ki, ABŞ-da bahalı pul siyasəti özünü doğrultmadı və bu ölkə yenidən dolları ucuzlaşdıra bilər: “Tramp hakimiyyətə gələndən FES-in siyasətini həmişə tənqid edib. ABŞ prezidenti deyirdi ki, baza faiz dərəcəsinin sürətli artırılması ölkə iqtisadiyyatı üçün xeyirli deyil. Zaman göstərdi ki, Trampın dedikləri öz təsdiqini tapdı. FES baza faizini 2,5 faizə qədər artırmaqla ABŞ iqtisadiyyatında əldə olunan yüksək makroiqtisadi göstəricilərin durğun vəziyyətinə saldı. Buna görə də FES faiz dərəcəsini 0,25 faizn bəndi azaltdı. Çox güman ki, faiz dərəcəsinin azaldılması davam edəcək. Sentyabrın 18-19-da FES-in növbəti iclası olacaq. Dərəcələr daha 0,25 faiz bəndi azaldılacaq.

Digər tərəfdən ABŞ-ın əsas iqtisadi rəqibi olan Çində yuanın aşağı salınması siyasətini yürüdür. 2008-ci ildən bəri yuanda belə yüksək sürətlə ucuzlaşma olmamışdı. Bunun qarşılığında FES faiz dərəcəsini ən azı 0,5, hətta bir qədər də yüksık faiz bəndi endirməyə məcbur ola bilər. Bütün bunlar ticarət müharibəsinin yeni forma almasından başqa bir şey deyil. Valyutaların ucuzlaşdırılması siyasəti daha doğrudur. Avropa Birliyi də avronun kursunu aşağı salacaq. Bu tədbirlər həm də gözlənilər qlobal böhranın qarşısını almaq məqsədi güdür. İndidən başda ABŞ olmaqla kəmiyyət yumşaldılması siyasətinə keçiblər. Bunun davam edəcəyini gözləmək olar”.  

İqtisadi Təhlil İnsitutunun sədri Məhəmməd Talıblı bildirdi ki, beynəlxalq valyuta münasibətləri sistemində bir valyutanın digər valyuta qarşısında dəyər itirməsi və ya dəyər qazanması davamlı, periodik prosesdir. Onun qənaətincə, burada narahatverici dəyişiklik baş vermir. Ekspert hesab edir ki, valyuta münasibətlərində əsas diqqət yetiriləcək valyuta ABŞ dollarıdır: “Çünki dünyada bütün milli valyutalar kurslarını ABŞ dollarına nəzərən müəyyən edir. Buna görə də ölkələrin milli valyutaları dollarla bağlı dəyişikliklərə daha həssasdır. Hazırda dünyada valyuta ehtiyatlarının 60 faizi dollarla saxlanılır. Eyni zamanda dünyada xarici ticarətin əhəmiyyətli hissəsi ABŞ dolları ilə aparılır”. 

 

M.Talıblı dedi ki, valyuta bazarlarında baş verənlərin Azərbaycan manatına təsiri var. Onun sözlərinə görə, bu təsir bir çox hallarda Dövlət Neft Fondunun aktivləri hesabına neytrallaşdırılır: “Neft Fondunda saxlanılan 42 milyard dollarlıq aktivlər valyuta bazarlarında baş verən kəskin dəyişikliklərin təsirindən Azərbaycan iqtisadiyyatını qoruyur. Fondun vəsaiti dünyada yaranan dollar təzyiqinin ölkəmizə daxil olmasını neytrallaşdırır. Gələcəkdə daha böyük təzyiqlərdən yayınmaq məqsədilə Azırbaycan valyuta ehtiyatlarını, eyni zamanda xarici valyuta ilə satılan malların ixracını artırmalıdır. Əmtəə ixracı ilə bərabər valyuta gətirən xidmətlərin çeşidi də artırılmalıdır. O zaman dünyada baş verən şokların ölkəmizə təsiri böyük olmayacaq.

Azərbaycan iqtisadiyyatının konstruksiyası elədir ki, kənar təsirlərə həssasdır. Xüsusilə monetar siyasətdə dollara qarşı həssaslıq yüksəkdir. Buna görə də nəinki FES-in, hətta Avropa Mərkəzi Bankının, region ölkələrinin mərkəzi banklarının qərarları, yaxın ölkələrdəki valyuta bazarlarındakı dəyişikliklər Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmür. Bizim xarici ticarətimizin 40 faizi MDB ölkələri, bir o qədəri Avropa Birliyi ölkələriylədir. Ölkəmiz bu regionlara qeyri-neft məhsullarının ixrac potensialını artırmalıdır. Bu halda xarici valyutaların məzənnələrindəki dəyişikliklərin manata neqativ təsiri azalmış olar”.

 Vasif CƏFƏROV