Qızıl-zinət əşyaları bahalaşmağa başladı

9 Avqust 2019 09:45 (UTC+04:00)

Xalis qızılın 1 unsiyasının (31,1 qramının) qiyməti 2013-cü ilin avqust ayından bəri ilk dəfə olaraq 1 500 dolları keçib. Hətta beynəlxalq birjalarda qızılın unsiyası 1 510 dollar (qramı 48,55 dollar) ətrafında dəyişib.

Ötən 6 il ərzində qızılın dəyəri heç zaman 1500 dollara yaxın olmayıb. Ən yaxşı halda qızıl 1445 dollara alıcı tapıb. “Nəcib metal”ın indiki qiymət səviyyəsinə yüksəlişi 2019-cu ilin aprelindən müşahidə edilir. Həmin tarixdə qızılın unsiyasının qiyməti 1320 dollar idi. Son 4 ayda qızıl davamlı bahalaşaraq bazar dəyəri 1500 dolları ötüb.   Qızılın bahalaşqmasını şərtləndirən səbəb nədir və bu hal Azərbaycanda satılan qızıl məmulatlarının qiymətinə necə təsir edəcək?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyir ki, rəhbərlik etdiyi təşkilat qızılın qiymətinin 2019-cu ildə artacağını əvvəlcədən proqnozlaşdırmışdı. “Biz hələ 2018-ci ilin dekabrında proqnozlaşdırırdıq ki, növbəti ildə qızıla tələb artacaq və bu amil qızılın qiymətinin yüksəlməsinə səbəb olacaq”, - söyləyən V.Bayramov qızılın qiymətinin dünya bazarında neftin ucuzlaşması fonunda baş verdiyini vurğuladı.

 

Onun sözlərinə görə investorların qızıl bazarına marağının artması müşahidə edilir: “2018-ci ildə başlanan ticarət müharibəsindən sonra investorların qızıl bazarına sərmayə qoyuluşunu artıracağı gözlənilən idi. Çünki qızıl bazarı daha az riskli bazardır. Ticarət müharibələri fonunda daha stabil gəlir vəd edən sahə olduğuna görə investorlar üçün qızıl bazarı cəlbedici idi.

Yalnız son bir ildə qızılın qiymətində 24 faiz, son 6 ayda 15 faiz artım qeydə alınıb. Son 6 ildə ilk dəfə olaraq qızılın bir qramının qiyməti 48 dolları ötüb. Halbuki uzun müddət qızılın qiyməti 40, daha sonra 45 dollar ətrafında dəyişirdi. Artıq qızılın bir unsiyası 1500 dollardan, qramı 48 dollardan bahadır”.

Ekspertin qənaətincə, qiymətlərdəki davamlı artım ondan xəbər verir ki, qızıl bazarında tələb yüksəlir. O hesab edir ki, investorların qızıl bazarına marağı növbəti dövrdə də qızılın qiymətinə təsir göstərəcək: “Çünki ticarət müharibəsi davam edir, sentyabrın 1-dən etibarən ABŞ Çindən idxal edilən daha 300 milyard dollar dəyərindəki mallara qarşı 10 faiz  

 10 faiz idxal rüsumu tətbiq edəcək. Bu, ticarət müharibəsində yeni mərhələyə qədəm qoyulması deməkdir. İqtisadi müharibələr fonunda qızıla tələbin artması gözləniləndir və vəziyyət dəyişməsə növbəti aylarda da qızılın qiymətində artım proqnozlaşdırılır. Qızıl 2019-cu ili yüksək qiymət artımları ilə başa vuracaq”.

Qızılın bahalaşmasının Azərbaycanın qızıl-zinət bazarındakı qiymətlərə təsir göstərəcəyini söyləyən V.Bayramov bunu idxalın həcminin çox olması ilə əlaqələndirdi: “Ölkəmiz zərgərlik məmulatlarına olan tələbatının 95 faizini idxal hesabına ödəyir. Biz 4 ölkədən (İtaliya, Rusiya, Birləşmiş Ərəb Əmirliyi və Türkiyə) qızıl-zinət əşyaları idxal edirik. Buna görə də dünya bazarında qızılın bahalaşması ondan hazırlanan məmulatların da bahalaşmasına səbəb olacaq. Nəticə etibarilə idxal edilən baha mallar daxili bazarda qiymətləri yüksəldəcək. Gözlənilir ki, sentyabr-oktyabrda Məhərrəmlik ayı ilə əlaqədar qızılın qiyməti stabilləşəcək. Amma noyabrda qızılın qiymətində artımların olacağını proqnozlaşdırırıq. 2019-cu ildə Azərbaycanda da qızılın qiymətində artım ikirəqəmli olacaq”.

Ekspert qızılın dəyərinin artdığı indiki şəraitdə Azərbaycan Dövlət Neft Fonduna qızıla sərmayə qoyuluşunu davam etdirməyi tövsiyə etdi: “Dövlət Neft Fondunun aldığı qızılın bir qismi qızılın qiyməti yüksək olan dövrə təsadüf edib. Fond qızıl alanda qızılın bir qramının qiyməti 60 dollar səviyyəsində idi. Hələlik qızılın indiki qiyməti Neft Fondunun ilkin qızıl aldığı dövrlə müqayisədə aşağıdır. Buna görə də Neft Fondu qızıl alışını davam etdirməlidir və aktivlərin bir hissəsinin qızılda saxlanılması daha məqsədəuyğundur”.

Qeyd edək ki, qızılın bahalaşması Azərbaycanın qızıl ixracından gəlirlərini də artırır. 2019-cu ilin ilk 5 ayı ərzində ölkəmizdən 51 milyon dollar dəyərində xalis qızıl ixrac edilib. 2018-ci ilin eyni dövrü ilə müqayisədə qızıl ixracı 2,6 milyon dollar artıb. Qızıl ixracının artmasına səbəb bu il qızılın bahalaşması ilə bağlıdır. Ölkəmiz 2017-ci ildə 125,4 milyon dollarlıq, 2018-ci ildə 118 milyon dollarlıq xalis qızıl satıb.

Vasif CƏFƏROV