“Bizi Ajax – PAOK matçı maraqlandırmır” – Qurban Qurbanov

10 Avqust 2019 22:00 (UTC+04:00)

“İlk oyunda qələbə qazandığımız üçün çox şadıq. Əfsuslar olsun ki, komandamızın artıq mərhələni keçdiyini düşünənlər var. Ancaq bu, bizə mane ola, təsir edə bilər”.

Bu sözləri Qarabağ-ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində səfərdə APOEL-ə qalib gəldikləri oyun (2:1) haqda danışarkən deyib.

O bildirib ki, həmin qalibiyyətə görə qəti arxayınlaşmaq olmaz: “Cavab oyununa da ciddi hazırlaşmalı, çox ehtiyatlı və diqqətli olmalıyıq. Rəqib güclüdür, ikinci matçda maksimum qüvvəsiylə uğur qazanmağa çalışacaq. Düşünürəm ki, Bakıdakı oyun daha çətin olacaq. Çempionlar Liqasında güclü komandalar mübarizə aparır. Dəfələrlə olub ki, ilk oyunda uduzan klub cavab görüşündə uğurlu nəticəylə istəyinə çatıb”.

Q.Qurbanov ÇL-in pley-off mərhələsində Qarabağ-ın potensial rəqibləri haqda sualı da cavablandırıb. O Ajax - PAOK qarşılaşmasında hansı komandanı rəqib görmək istərdiniz” sualına belə cavab verib:

“Ümumiyyətlə, bu barədə düşünmək istəmirik. Üçüncü təsnifat mərhələsində ilk oyunu uğurla bitirmişik. Bütün diqqət cavab qarşılaşmasında olmalıdır. Bizi Ajax – PAOK matçı maraqlandırmır”. (supersport.az)