Separatçı rejim yenidən təxribata əl atır
3 Aprel 2012 20:30 (UTC+04:00)
Dağlıq Qarabağın separatçı rejimi iyun-iyul aylarında Xankəndi
aeroportundan ilk reysi gerçəkləşdirməyə hazırlaşır. Bu barədə
Ermənistanın rəsmi agentliyi olan "Armenpress"-ə separatçı rejimin
Mülki Aviasiya ofisinin rəhbəri Dmitri Adabaşyan deyib.
O bildirib ki, Xankəndi aeroportu istifadə üçün tam hazırdır,
aeroport bütün zəruri avadanlıqlarla təmin olunub və lazımi
maddi-texniki bazası qurulub. Hazırda isə ekipajın sertifikasiyası
ilə məşğuldurlar. Onun sözlərinə görə bu proses 2-3 həftə davam
edəcək, amma bu ümumi işə mane olmur. "İndi təyyarələrin alınması
ilə məşğuluq. İyun-iyul aylarında ilk reysi gerçəkləşdirə
biləcəyik. Bu müddətə kimi isə pilotlara və texniki heyətə kurslar
keçiləcək. Onlar Vilnüsdə təcrübə keçəcəklər". Adabaşyan ilk reysin
sərnişinlərinin adi vətəndaşlar olacağını, amma bu reyslə hansısa
nümayəndə heyətlərinin uçuşlarını da istisna etməyib.