GƏNCƏ VƏ AĞSUYA HƏR HƏFTƏ 1500 SAYĞAC GÖNDƏRİLİR

14 Avqust 2019 13:20 (UTC+04:00)

“Azəriqaz” İstehsalat Birliyinin Gəncə və Ağsu Regional qaz istismarı İdarələrinin xidməti ərazilərində yeni nəsil smart-kart tipli qaz sayğaclarının kütləvi olaraq quraşdırılması işləri davam edir. Uzun müddət istismarda olan və hazırda istismar müddətini başa vurmuş 115198 ədəd məişət təyinatlı mexaniki və smart-kart tipli qaz sayğacları daha müasirləri ilə əvəz edilir. Bununla əlaqədar olaraq hər regiona həftəlik 1500 ədəd “İtron Gallus Pay G-4 NGPP” markalı qaz sayğacı ayrılır. İstismar müddəti bitmiş qaz sayğacları təmənnasız olaraq yenisi ilə əvəzlənir və bu işlərin icrası üçün əməkdaşların çox hissəsi prosesə cəlb edilib. Yeni quraşdırılmış smart-kart tipli qaz sayğaclarının ödəniş kartlarının vətəndaşlar tərəfindən asanlıqla əldə edilməsi üçün “Azəriqaz” İB hər iki regionda rayonlar üzrə səyyar xidmət təşkil edib.