Bəzi yerli mallar hələ də xarici brendlərin etiketi ilə satılır

21 Avqust 2019 09:12 (UTC+04:00)

Azərbaycanda istehsal edilən bəzi məhsulların üzərinə xarici ölkələrin məhşur markalarının etiketlərinin vurulub satılması faktlarına tez-tez rast gəlinir. İqtisadi münasibətlərdə bunun qanunu formaları ilə yanaşı, qeyri-qanuni, gizli formalarına da təsdüf edilir. Ölkəmizdə müxtəlif  brendlərin adı altında kərə yağları, sərinləşdirici içkilərin satışı var. Bu nümunələr qanuni formada mənşə ölkə ilə əldə edilən razılıq əsasında həyata keçirilən istehsalla bağlıdır. Amma təəssüflər olsun ki, istehsalçıların bəzilərinin yerli brend əvəzinə xarici brendlərdən istifadə etməsi gizli şəkildə həyata keçirilir, bundan nə istehlakçı, nə də brendin sahibidinin xəbəri olur. Azərbaycanda bu cür nümunələr əsasən geyim, mebel və digər qeyri-ərzaq mallarının istehsalında var.

İqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, patent hüquqları tam formalaşdırılmayan ölkələrdə gizli şəkildə tanınmış brendlərdən istifadə faktlarına rast gəlinir. Onun sözlərinə görə Azərbaycanda bəzi istehsalçılar reklama pul xərcləyib, öz brendini yaradıb, onu tanıtmaqdansa tanınmış brendlərin adından istifadə edərək alıcı cəlb edib məhsulunu satmağı üstün tutur: “Hər hansı rəsmi şirkət qurursansa onun tanıdılması üçün ciddi reklam kampaniyası aparmaq lazımdır. Bu da böyük vəsait tələb edir. Reklam olmadan alıcını inandırmaq, məhsulun daha yaxşı olduğuna dair təsəvvür formalaşdırmaq mümkün deyil.

Bunun üçün ilk növbədə leqal fəaliyyət lazımdır. Əslində başqa markanın adını vurub məhsulu satışa çıxartmaq qeyri-qanunidir. Azərbaycanda hələlik bu məsələlərin üzərinə gedilmir, istehsalçılara təzyiq yoxdur. Son vaxtlar bununla bağlı reydlər olsa da sona qədər bunun üzərinə gedilmədi. Bu məsələlərin həll edilməsi ilə bağlı görüləsi işlər çoxdur.

Ona görə də bəzi istehsalçılar özünü tanıtmaq, məhsulunun reklamına pul xərcləmək əvəzinə tanınmış markaların adından istifadə etməyi üstün tutur”.

N.Cəfərli söylədi ki, bu cür davranış bir çox hallarda bu alıcıların aldadılmasına səbəb olur: “Alıcılar məhsulun əslində başqa bir şirkət tərəfindən istehsal edildiyini bilmədən məhsulu alıb istifadə edir. Alıcı bu zaman berendin adına görə həmin məhsula üstünlük verir”.

 

Ekspert hesab edir ki, bir şirkət yaxşı məhsul istehsal etmək imkanına sahibdirsə hökmən öz brendini yaratmalıdır. Onun sözlərinə görə özünə aid olan brend uzunmüddətli dövrdə istehsalçıya böyük divident gətirəcək və ən əsası həmin istehsalçı bazarını genişləndirmək qabiliyyətinə sahib olacaq: “Əgər bir şirkətin normal mal istehsal edib bazara çıxartmaq qabiliyyəti varsa, o, öz brendini yaratmalıdır. Əks halda onun gələcəkdə daha böyük bazarlara çıxmaq imkanı olmayacaq. Yalnız özünə aid ticarət markalarına sahib olmaqla bazarları genişləndirmək mümkündür.

Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda da marka tələbi gec-tez sərtləşəcək, həmin fəaliyyət növü ilə məşğul ola bilməyəcək. Çünki bu hal ədalətli rəqabətə ziddir. Rəqabət mühiti ikişaf etdikcə, keyfiyyət dəyişikliyi yaxşılaşdıqca bazarda qalmaq, inkişaf etmək çətinləşəcək. Bunun üçün hökmən özünə aid yaxşı markalar yaradılmalıdır”.

N.Cəfərli düşünür ki, hər bir şirkətin yaxşı mənada ambisiyası olmalıdır, ambisiyalı plan qurub bazarda daha böyük pay uğrunda mübarizəni gücləndirməlidir: “İstehlakçını aldadaraq başqa tanınmış şirkətin markasından istifadə edib satışa nail olmaq müvəqqəti biznesdir, müvəqqəti pul qazanmaq yoludur. Bir müddətdən sonra belə istehsalçı bazardan çıxmalı olacaq.

Hazırda dünyada ticarət markalarından düzgün istifadə ilə bağlı tələblər sərtləşməkdədir. Azərbaycand a dünyanın bir parçasıdır və hökmən bu yolu gedəcək. Belə şirlkətlər indidən ticarət qaydalarına uyğunlaşmasa bazarlarını itirirəcək”.

Qeyd edək ki, yerli brendin yaradılması və ona müsbət imicin qazandırılması ölkə məhsullarının cəlbediciliyinin yüksəldilməsinin ən güclü alətlərindən hesab edilir. Yaxşı brend yüksək gəlirin əldə edilməsinə səbəb olur və ölkənin uzunmüddətli inkişafını təmin edir.

İqtisadiyyat Nazirliyinin apardığı bir araşdırmaya görə brendin əsas xüsusiyyətlərindən biri də davamlı müvcud olan böyük miqdarda sadiq istehlakçıların olmasıdır. Bunun nəticəsidir ki, brendləri olan ölkələr nəinki xarici turistləri cəlb edir, həmçinin onun məhsulları rəqabət mübarizəsində güclü dəstək əldə etmiş olur. Eyni zamanda, ölkənin brendləşməsi xarici investisiyaların cəlb edilməsinə və daxili bazarın stimullaşdırılmasına, ixrac həcminin artmasına, valyutanın möhkəmlənməsinə, yüksək ixtisaslı və istedadlı işçilərin ölkəyə axınına şərait yaradır.

Hazırda uğurlu brendlərin böyük hissəsi bir neçə meqabrend ölkələrdən, o cümlədən ABŞ, Almaniya, Yaponiya, İsveçrə, Böyük Britaniya, Fransa, İtaliyadan bazara daxil olur. Artıq istehlakçılar bu ölkələrdə istehsal olunan məhsullardan müəyyən səviyyədə keyfiyyət gözləyir və bunun müqabilində istənilən məbləği verməyə hazırdır.

Hazırda Azərbaycanda əmtəə nişanları, onların hüquqi təminatı, keyfiyyət standartlarına uyğunluğu, reklamı, ixracı bir sıra qanunvericilik aktları ilə, o cümlədən “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Patent haqqında”, “Standartlaşdırma haqqında”, “Reklam haqqında”, “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.

Ölkəmizdən müxtəlif brendlərlə qonşu ölkələrə ixrac olunan məhsullar da var. Onların tərkibini əsasən, yeyinti, içki və tikinti sənayesi məhsulları təşkil edir.

Vasif CƏFƏROV