Türkiyə və ABŞ Suriyada təhlükəsizlik zonası yaradılmasının ilk mərhələsinə başlayırlar

22 Avqust 2019 14:38 (UTC+04:00)

Türkiyənin və Birləşmiş Ştatların Müdafiə nazirliklərinin rəhbərləri Hulusi Akar və Mark Esper arasında telefon danışığı olub. Movqe.az Anadolu agentliyinə istinadən  xəbər verir ki, tərəflər Suriyada təhlükəsizlik zonasının yaradılması üzrə birinci mərhələnin başlanmasına dair razılığa gəliblər.

Türkiyə Müdafiə Nazirliyinin bəyanatında bildirilir ki, bu məqsədlə Pentaqonun yüksək vəzifəli şəxslərindən ibarət nümayəndə heyəti yaxın günlərdə Ankaraya səfər edəcək və bufer zonanın yaradılmasının təfərrüatları ətrafında türkiyəli həmkarları ilə müzakirələr aparacaq. Türkiyəli nazir qeyd edib ki, Fərat çayının şərqində təhlükəsizlik zonasının yaradılması tez bir zamanda həyata keçirilməlidir və bu məsələdə gecikməyə yol vermək olmaz.

Xatırladaq ki, avqustun 7-də iki ölkənin hərbi idarələri arasında Suriyanın şimalında təhlükəsizlik zonası və evlərinə qayıdan suriyalılar üçün “sülh dəhlizi” yaradılmasına dair razılıq əldə olunub.