Azərbaycana üz tutan əcnəbilərin sayı artacaq

23 Avqust 2019 08:50 (UTC+04:00)

2015-ci ildən başlayaraq ölkəmizə xarici turist səfərlərinin sayında davamlı artım müşahidə edilir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2015-ci ildə ölkəmizə 2 milyon əcnəbi gəldiyi halda, bu göstərici 2017-ci ildə 2,7 milyona çatıb, 2018-ci ildə 2,84 milyonu ötüb. Turist səfərlərinin sayında artım dinamikası 2019-cu ildə də davam edir və proqnoza əsasən ilin yekununda Azərbaycana gələn əcnəbilərin sayı 3 milyonu keçəcək.

Azərbaycana gələn turistlərin sayında artımın baş verməsinin əsas səbəblərindən biri bu istiqamətdə həyata keçirilən tədbirlərlə bağlıdır. Müvafiq dövlət qurumları, xüsusən də Dövlət Turizm Agentliyi əcnəbilərin səfərlərinin artması üçün tədbirlər görür, hədəf ölkələr müəyyənləşdirir. Daha çox turist cəlb etmək məqsədilə Agetnliyin tabeliyində olan Azərbaycan Turizm Bürosu xarici ölkələrdə silsilə tədbirlər təşkiledir. Belə tədbirlərdən biri sentyabrın 9-dan 13-dək Hindistanın Dehli, Benqaluru və Mumbay şəhərlərində olacaq.

"Azerbaijan-India Roadshow on Travel Trade" adlı tədbirdə Azərbaycandan 16, Hindistandan 100-ə yaxın turizm şirkəti iştirak edəcək. Turizmin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış təşkilatlar arasında B2B (Biznesdən-biznesə) xarakterli görüşlər baş tutacaq və gələcək tərəfdaşlıq üçün ikitərəfli müzakirələr aparılacaq.

Təqdimatlar çərçivəsində Hindistan turizm şirkətlərini Azərbaycanın turizm potensialı barədə ətraflı məlumatlandırmaq və maraq doğuran sualları cavablandırmaq məqsədilə mətbuat konfransı təşkil olunacaq.

Bəs, Azərbayacana daha çox turist cəlb edilməsi üçün hansı ölkələrə üstünlük verilməlidir? Əhalisi çox olan ölkələrlə, o cümlədən Çin, Hindistan, İndoneziya ilə işlər daha da gücləndirilməlidirmi? Məsələ ilə bağlı fikrini bildirən

 

Azərbaycan Dövlət Turizm Agentliyinin media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə qeyd etdi ki, Azərbaycana turist safərlərinin sayının artırılması üçün prioritet ölkələr müəyyən edilib. O bildirdi ki, artıq 12 prioritet ölkə müəyyənləşdirilib: “Xarici ölkələrdə silsilə təqdimatların keçirilməsi nəzərdə tutulur. İlkin olaraq Hindistan, Çin, Rusiya, Almaniya və Yaxın Şərq ölkələrində təqdimatların olması planlaşdırılır. Çinin 3 böyük şəhərində, Rusiyanın Yekatenburq, Kazan və Moskva şəhərlərində, Almaniyada Berlində, Franfrukta və s. şəhərlərdə təqdimatlar olacaq.

Dövlət Turizm Agentliyi ötən ilin oktyabrında Azərbaycan ictimayyətinə turizm inkişaf konsepsiyasını təqdim etdi. Konsepsiya 2018-2023-cü illəri əhatə edir. O konsepsiyaya uyğun olaraq yaxın 5 il ərzində Azərbaycana turist cəlbini artıra biləcəyimiz 12 prioritet bazar müəyyən etmişik. Ötən ilin dekabrında 6 ölkədə Azərbaycanın rəsmi turizm nümayəndəlikləri fəaliyyətə başlayıb. Onlar Hindistan, Çin, Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Rusiya və Almaniyadır.

Bu yaxınlarda planlaşdırırıq ki, daha bir neçə nümayəndəlik açılsın. Yaxın planlarımızda Cənubi Koreya, Böyük Britaniya və digərləri var. Xarici nümayəndəliklər vasitəsilə prioritet bazarlarda mütəmadi olaraq təbliğat və marketinq işi aparırıq. İlk növbədə bazarları, tələbatı öyrənirik, tələbata uyğun olaraq Azərbaycanda turistik məhsullar yaradılır, təkliflər formalaşdırılır, həmin bazarlardan turizm agentliklərinin rəhbərlərinin mütəmadi qaydada Azərbaycana infoturları təşkil edilir, mediaturlar həyata keçirilir, film və roliklırin çəkilişi, sosial şəbəkələrdə reklamların, məqalələrin yerləşdirilməsi və s. kimi təbliğat işləri aparılır. Bunlardan əlavə mütəmadi olaraq turizm sərgilərində Azərbaycanın turizm şirkətlərinin məhsulları  təqdim olunur”.

K.Quluzadə söylədi ki, turist səfərlərinin sayının artırılması məqsədilə  dövlətlərarası danışıqlar aparılır və daha intensiv əlaqələlər qurulur. O tədbirlər sayəsində Azərbaycana gələn turistlərin sayında artımın baş verdiyini vurğuladı: “Bu ilin martında Çinlə Dövlət Turizm Agentliyi arasında saziş imzalandı. Sazişə əsasən Çin hökumətindən kvota götürüldü. Bu kvotaya uyğun olaraq Azərbaycana yaxın zamanlarda dövlət xətti ilə 200 mindən çox turist göndəriləcək.

Bunun nəticəsi olaraq Azərbaycana turist səfərlərində artım müşahidə edirik. 2019-cu ilin ilk 7 ayında ötən ilin eyni dövrü ilə müqayisədə gələn turistlərin sayı 7,4 faiz artıb. Yalnız iyulda ötən ilin iyuluna nisbətən artım 10,6 faiz olub. Azərbaycana daha çox turist gələn ölkələr Rusiya, Gürcüstan, Türkiyə, Səudiyyə Ərəbistanı və İrandır. Bunlar qonşu və yaxın ölkələrdir. Səudiyyə Ərəbistanı ilk beşlikdə yeni ölkədir. Turist səfərlərində faiz nisbətində ciddi artım Çindən, Hindistan və Pakistandan, Yaxın Şərqin bəzi ölkələrindən müşahidə edirik. Bunlarla bərabər Avropadan turist səfərlərinin də artımı qeydə alınıb. Xüsusilə Böyük Britaniya və Almaniyadan artım var”.

K.Quluzadə dedi ki, prioritet ölkələr müəyyən edilən zaman ölkələrin əhali sayı əsas götürülmür: “Məsələn, İndoneziya hələlik prioritet ölkələr sırasında deyil. Prioritet ölkələr müəyyənləşdirilən zaman ölkələrin əhali sayı əsas götürülmür. Burada əsas göstərici ölkədən xaricə gedən turistlərin sayıdır. İndoneziya turist qəbul edən ölkədir. Amma əhalisi xarici səyahətdə bir o qədər də aktiv deyil.

Çini götürdükdə bu ölkədən xaricə turist səfərlərinin sayında son 10 ildə ciddi artım var. Əvəllər çinlilər xaricə çıxmırdı. Son illərdə isə ildə 140-150 milyon turist səfərləri olur.

İranı götürəndə bu ölkə Azərbaycana ən çox turist göndərən ölkə idi. Amma son bir ildə beynəlxalq sanksiyalarla əlaqədar olaraq İranın xarici valyuta gəlirləri azaldığından ölkədə xaricə turist səfərlərinə qarşı vergilər artırılıb. Bunun nəticəsində də vətəndaşlarının xaricə turist səfərləri 50 faizdən çox azalıb.

Turizmin inkişafı iki tərəfli məsələdir. Turist səfərləri az olan ölkələrdən turist cəlb etmək çətindir. Gərək bir ölkədən xaricə gedən turistlər çox olsun ki, onların cəlb edilməsi məqsədilə tədbirlər səmərə versin. Azərbaycan prioritet ölkələr müəyyən edən zaman bu amili nəzərə alır”.

 

Vasif CƏFƏROV