Ombudsmana əlavə səlahiyyətlər verilə bilər

3 Aprel 2012 19:29 (UTC+04:00)
Dünən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib. Milli Məclis sədrinin müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovun sədrliyi ilə keçirilən iclasda "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri nizamnaməsi"nə dəyişiklik haqqında qanun layihəsi müzakirə olunub. Əsgərov dəyişiklik barədə məlumat verərək bildirib ki, nizamnamənin 5-ci maddəsinin 1-ci bəndinə təklif olunan əlavəyə əsasən, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) və Milli Preventiv Qrupun üzvləri istənilən vaxt maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən qarnizon hauptvaxtlarına daxil olub orada saxlanılan şəxslə görüşə, onların həmin yerdə saxlanılmasının qanuniliyini təsdiq edən sənədlə tanış ola bilərlər. İnsan hüquqları üzrə müvəkkilə qarnizon hauptvaxtlarına müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavab almaq hüququ verilir. Yeni qanun layihəsi müzakirə olunub və təsdiqlənmək üçün Milli Məclisə tövsiyə olunub.