Avropa sərmayəçiləri pullarını Azərbaycanın kənd təsərrüfatına yönəldir

5 Sentyabr 2019 08:38 (UTC+04:00)

Azərbaycanın aqrar sahəsinə çoxsaylı dünya dövlətlərinin marağı artıb. Bu xüsusda əsasən də Avropa ölkələri daha çox maraq göstərir. Belə ki, bir sıra Avropa İttifaqı ölkələri Azərbaycanın kənd təsərrüfatına sərmayə yatırımına daha çox diqqət yetirməyə başlayıb. Bu ölkələr sırasında xüsusən də aqrar sahədə mühüm nailiyyətlərə imza atan Niderland seçilir.

Onu da qeyd edək ki, cari ilin aqustun 1-də Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Kənd təsərrüfatı sahəsinə dövlət dəstəyinin effektivliyinin və səmərəliliyinin artırılması üçün Kənd Təsərrüfatı Nazirliyinin potensialının gücləndirilməsi” adlı Tvinninq layihəsinin təqdimatı olub. Bu yeni layihənin Azərbaycanda kənd təsərrüfatının inkişafında, bu sahə üçün əhəmiyyətli olan kadrların yetişdirilməsi və biliklərin artırılmasında mühüm rol oynayacağı gözlənilir. Ötən müddət ərzində Aİ 2011-ci ildən bəri Azərbaycanda kənd təsərrüfatı sektorunun inkişafına 17 milyon avro kredit ayırıb. Cari ilin sentyabrdan isə bu istiqamətdə 13 milyon avroluq yeni layihənin icrasına başlanılacaq. Hansı ki, bu layihə çərçivəsində yerli sahibkarlara qrantlar veriləcək. Bir sözlə, görünən odur ki, Azərbaycanın kənd təsərrüfatına Avropanın marağı artıb və bu əsasda da onlar ölkəmizdə həmin sahəyə sərmayə yatırmaq qərarına gəliblər. Avropa şirkətlərinin ölkəmizin aqrar sektoruna marağının artmasına səbəb nədir? Azərbaycanda həyata keçirilən islahatların burada rolu olubmu?

Kənd təsərrüfatı üzrə mütəxəssis Nicat Nəsirlinin fikrincə, Avropa sərmayəçilərinin Azərbaycan kənd təsərrüfatına maraq göstərməsinin əsasında ölkəmizdə mövcud olan əlverişli iqlim şəraiti, günəşli günlərin çox olması xidmətin ucuz başa gəlməsi kimi amillər dayanır: “Avropa və İran maraqlıdır ki, Azərbaycanda aqrar sektorun bir çox sahələri üzrə birgə əməkdaşlıq həyata keçirsinlər. Bu mənada Avropanın ölkəmizin kənd təsərrüfatına marağının artmasının əsasında ilk növbədə Azərbaycanda mövcud olan normal iqlim şəraiti dayanır. İkinci bir tərəfdən, həmin marağın artmasına Azərbaycanda kənd təsərrüfatı sahəsindəki xidmətlərin ucuzluğu da öz təsirini göstərib. Niderland kimi Avropa ölkəsinin də bu mənada Azərbaycanın kənd təsərrüfatına investisiya qoymağa marağı çoxdan yaranıb. Amma müəyyən səbəblərə görə, bu proses uzanıb.

Azərbaycanda mövcud olan münbit torpaq imkanları, günəşli günlərin sayının çoxluğu da prosessə öz təsirini göstərib. Həm də Azərbaycanın kənd təsərrüfatı Avropa üçün işlənməmiş bir bazardır. Azərbaycanda kənd təsərrüfatının elə xidmət sahələri var ki, hələ geniş inkişaf etməyib. Ona görə bu amil də niderlandlılar və digər avropalılar üçün çox maraqlıdır. Söhbət burada tək məhsul istehsal etmək deyil, ondan əlavə dəyərin və satış kanallarının yaradılması məsələsindən gedir. Azərbaycanda Avropadan fərqli olaraq məhsulun keyfiyyəti məsələsi hələ ki, zəif yerimizdir. Qablaşdırma, ixtisaslaşmış soyuducu anbarlar, markalanma, standartların yaradılması bu sahələrdə də Azərbaycan avropalılar üçün geniş bazardır.

Niderlandlılar dünyada bir çox kənd təsərrüfatı məhsullarının istehsalı üzrə məşhurdur. Amma onların ən məşhur məhsulundan biri də pendir çeşididir.  Azərbaycanda isə pendir çeşidi çox azdır, təxminən iki çeşid. Bu istiqamətdə niderland təcrübəsini öyrənmək maraqlı olardı. Bir neçə il əvvəl niderlandlılar İmişli icra hakimiyyətilə müqavilə əsasənda orada pendir çeşidləri istehsal etməli idilər. Habelə, heyvandarlıq rayonlarımızda Niderland təcrübəsinin öyrənilməsi maraqlı olardı. Ölkəmizdə heyvandarlıq sahəsində məşğulluq yüksəkdir. Heyvandarlıq rayonları var ki, orada bir çox çeşiddə ağartı məhsullarının hazırlanmasına ciddi ehtiyac var. Ölkəmizdə problem odur ki, yaş süd sata bilmirik. Hansı ki, yaş süd birbaşa emala yönəldilə və ondan holland pendir çeşidləri hazırlana bilər”.

Həmsöhbətimiz onu da qeyd etdi ki, Avropadan olan sərmayəçilərin aqrar sektorumuza marağının artmasında Azərbaycanda son zamanlar həyata keçirilən islahatların da mühüm təsiri olub: “Ümumiyyətlə, ölkədə biznes mühitinin formalaşması amili bu tendensiyada mühüm rol oynayır. Kənardan ölkəmizi kifayət qədər diaqqətlə izləyirlər. Kənd təsərrüfatı sahəsinə birbaşa və dolayı dövlət dəstəyinin həyata keçirilməsi, reallaşacaq aqrar sığorta, yeni subsidiya qaydaları və digər islahatlar şübhəsiz kii, investisiya yatırmaq baxımından Qərb ölkələrinin diqqətini Azərbaycana yönəldib”.

Avropa sərmayəsinin verəcəyi nəticələrə gəldikdə, ekspert bildirdi ki, Qərb sərmayəsinin Azərbaycanın aqrar sektoruna gəlməsilə ilk növbədə onların əldə etdiyi təcrübələrdən faydalanacağıq: “Hansı ki, ölkəmizin buna böyük ehtiyacı var. Texnoloji, innovasiya ilə bağlı təcrübələrə yiyələnəcəyik. Proses son nəticədə təsərrüfatlarımızın mexanikləşdirilməsi, avtomatlaşdırılmasına ciddi təsir göstərəcək. Bu təcrübələrdən yararlanmağımız məhsuldarlığın artımına, sağlam toxumdan daha çox istifadə etməyimizə gətirib çıxaracaq”.

Rüfət NADİROĞLU