Pul bazası ilə bağlı maraqlı vəziyyət

6 Sentyabr 2019 09:45 (UTC+04:00)

Bu ilin avqustunda pul bazasının həcmi iyul ayına nisbətən 400 milyon manatdan çox və ya 4 faiz azalıb. Mərkəzi Bankın məlumatına əsasən, pul bazasının həcmi iyulda 10,574 milyard manat olduğu halda avqustun yekununda 10,158 milyard manata enib.

Bu il pul bazasının həcmində ardıcıl artım müşahidə edilirdi. Yanvardan bəri pul bazasının həcmi 1,865 milyard manat, yaxud 21,4 faiz artmışdı.

Yüksək artımdan sonra ötən 5 ilin rekord göstəricisi yeniləndi. 2019-cu ilin iyulunda qeydə alınan pul bazasının həcmi 2014-cü ildən sonrakı ən yüksək göstərici idi.

İndiyə kimi pul bazasında ən yüksək səviyyə 2014-cü ilin iyul və avqust aylarında qeydə alınıb. Həmin tarixlərdə pul bazarının həcmi 11,7 milyard manat olub. Sonradan 2015-ci ildən tədiyə balansında kəsirin yaranması ilə əlaqədar pul bazasının həcmi sürətlə azalmağa başladı. 2014-cü avqustunda 11,74 milyard manat olan bazanın həcmi 2016-cı ilin yanvarın sonunda 5,787 milyard manata qədər azaldıldı.

Sonrakı illərdə pul bazasının həcmi yenidən yüksəldi və 2019-cu ilin mayında 10 milyard manat həddini ötdü.

Pul bazasının azalması səbəblərini şərh edən bank sahəsi üzrə ekspert Əkrəm Həsənov bildirdi ki, azalma bilavasitə Mərkəzi Bankdan asılıdır. “Pul bazasının artıb-azalması birbaşa Mərkəzi Bankın müdaxiləsindən asılıdır”, - deyən ekspert pul bazası dedikdə pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsinin nəzərdə tutulduğunu söylədi. O qeyd etdi ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları, yəni kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları daxildir. Ə.Həsənovun sözlərinə görə Mərkəzi Bank dövriyyə çox pul buraxdıqda pul bazası artır, az buraxdıqda isə azalır: “Dövriyyə pul bir qayda olaraq kommersiya banklarına Mərkəzi Bank tərəfindən verilən kreditlər vasitəsilə təmin edilir. Baza azalıbsa deməli Mərkəzi Bank kreditləri azaldıb”.

Dünyada mərkəzi bankların pul bazasını inflyasiya ilə mübarizə aparmaq məqsədilə azaltdığını deyən Ə.Həsənov hesab edir ki, pul nə qədər az olarsa qiymətlərin yüksəlmə ehtimalı da azalır: “Azərbayvanda isə pul bazasının azalması həm inflyasiya ehtimalı ilə bağlıdır, həm də dollara tələbi tənzimləmək məqsədi güdür. Pul çox olanda insanlar dollar alışını artırır. Sentyabrdan əmək haqqı artımlarının icrasına başlanılacaq. Bununla əlaqədar olaraq dövriyyə əlavə pul kütləsi daxil olacaq. Əlavə pul kütləsi inflyasiya səviyyəsinin yüksəlməsi riskini artırır. Mərkəzi Bank pul bazasını azaltmaqla bu prosesə qarşı hazırlıq görür”.

Ekspert qarşıdakı aylarda pul bazasının həcminin bir qədər də azalacağını istisna etmir. Amma o bunun davamlı olacağına inanmır: “Balanslaşdırma təmin ediləndən sonra pul bazasının həcmi bir müddət sabit məcrada qalacaq. Mərkəzi Bank artan əməkhaqqı xərclərini maliyyələşdirmək məqsədilə müvafiq təşkilatları pulla təmin etməlidir. Amma digər tərəfdən özəl sektordan əlavə pulu yığmağa çalışacaq. Bununla da dövriyyədə olan pul kütləsi tənzimlənmiş olacaq”.

Ə.Həsənov pul bazasının azalmasının iqtisadiyyat üçün yaxşı hal olmadığını da söylədi: “Pulun çox olması problem deyil. Çalışmaq lazımdır ki, pul artdıqca o, real iqtisadiyyata getsin. Real iqtisadiyyatın pula olan ehtiyacı təmin ediləndə inkişaf baş verir. Çünki pul iqtisadiyyatın qanıdır. Qan azalanda insan hansı vəziyyətə düşürsə iqtisadiyyatda da eyni hal baş verir. Dövriyyədə olan puldan iqtisadiyyatın daha çox faydalanması üçün maliyyə-bank sistemi təkmilləşdirilməlidir”.

Qeyd edək ki, hazırda pul bazasının ümumi daxili məhsul (ÜDM) istehsalına olan nisbəti 5 il əvvəllə müqayisədə aşağıdır. 2014-cü ildə pul bazasının həcmi ÜDM-nin 19 faizi qədərinə bərabər idi, amma 2019-cu ildə 12-13 faiz səviyyəsindədir.  

 

Pul bazasındakı artın dövriyyədə olan nağd pulun artması deməkdir. Nağd pul artdıqca iqtisadiyyatın pula olan tələbatı daha asanlıqla ödənilir, tələb artır, ticarət dövriyyəsi genişlənir, nəticədə sahibkarların, fərdi şəxslərin gəliri artır.

Bu mənada pul bazasının artmasının iqtisadiyyat üçün əhəmiyyəti var. Lakin artım hüdudsuz olmamalı və o inflyasiya riskini gücləndirməməlidir.

Ümumiyyətlə, son illərdə Mərkəzi Bank mövcud situasiyanı və yaranmış yeni makroiqtisadi meyilləri nəzərə alaraq pul proqramının həyata keçirilməsində çevikliyi artırıb. Yaranmış vəziyyət makroiqtisadi sabitliyə xələl gətirmədən pul təklifini artırmağı zəruri edir. Burada əsas məqsəd artıq pul təklifi kanallarını tənzimləmək, manatın məzənnəsinə əlavə təzyiq yaratmamaq və bu yolla qiymətlərin-inflyasiyanın yüksəlməsinin qarşısını almaqdır. Bununla da faktiki olaraq pul bazası pul siyasətinin başlıca əməliyyat lövbərinə çevrilib.

Bir qayda olaraq pul bazasının tənzimləməsicari əməliyyatlar hesabından asılı olur. Cari əməliyyatlar balansı neftin qiymətindən, çevik məzənnə rejiminin və makroiqtisadi siyasətin təsirlərindən, idxalın azalması miqyasından, habelə qeyri-neft sektoru üzrə ixrac potensialının reallaşmasından asılı olaraq dəyişir. Əlverişli məzənnə ilə yanaşı, son vaxtlar hökumətin yerli istehsalın qorunması və ixracın stimullaşdırılması istiqamətində qəbul etdiyi qərarların cari əməliyyatlar hesabına müsbət təsir göstərəcəyi gözlənilir. Cari əməliyyatlar balansında müsbət fərq qalacağı təqdirdə pul bazasının həcminin tədricən artması ehtimalı yüksəkdir.

 

Vasif CƏFƏROV