Kürdəmirdə yol qəzası olub, xəsarət alanlar var - FOTO

8 Sentyabr 2019 12:40 (UTC+04:00)

Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Ağsu-Kürdəmir-İmişli yolunun Çöl-Ərəbkəndindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı avtomobil Kürdəmir istiqamətində hərəkətdə olarkən gözlənilmədən onun qarşısına iribuynuzlu heyvan çıxıb. Nəticədə sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib və avtomobil yolun kənarına aşıb. 

Hadisə zamanı sürücü və yanında olan sərnişin müxtəlif növ bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşını vasitəsilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.