Fermerlərin soyuducu anbarlara ehtiyacı var, amma…

10 Sentyabr 2019 08:30 (UTC+04:00)

Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının xarab olmasının qarşısının alınması və il boyu onlardan səmərəli istifadə olunmasını təmin etmək məqsədi ilə soyuducu anbarlara boyük tələbat var. İstehsal olunan meyvə-tərəvəz məhsulları soyuducu anbarlarda saxlanmadıqda həmin məhsulların bir hissəsi xarab olur. Aparılan hesablamalara görə istehsalçı yetişdirilən meyvə və tərəvəzi düzgün saxlamadıqda məhsulların 25-30 % itkiyə gedir.

Soyuducu anbarların olmamasından xüsusən kiçik fermerlər əziyyət çəkir. Aqrar məsələlər üzrə ekspert Nicat Nəsirli bildirir ki, ölkəmizdə soyuducu anbarlara ehtiyac var. O, xatırlatdı ki, 2008-2009-cu ildən başlayaraq soyuducu anbarların tikilməsinə dövlət tərəfindən güzəştli kreditlər ayrılır. Bu kreditlər hesablna bölgələrdə soyuducu anbarlar tikilib və onlar əsasən ixtisaslaşmış anbarlardır. O cümlədən şimalda meyvə və tərəvəz saxlamaq üçün, Bərdə və Ağcəbədi baş soğan saxlamaq üçün anbarlar inşa edilib. Ekspert dedi ki, tikilən anbarlar yetərli deyil və xüsusən kiçik istehsalçılara səmərə vermir: “Böyük anbarlar əsasən iri istehsalçıların idarəçiliyindədir və onlar öz məhsullarını saxlamaqda maraqlıdır. Bizim üçün vacib olan məsələ kiçik fermerlərin iqtisadi müdafiəsi, qorunması və bazara çıxışışıdır. Mövcud soyuducu anbarlar fermerlər üçün əlverişli, rentabelli deyil. Çünki saxlama xərcləri yüksəkdir və anbarlar əsasən iri fermerlərin məhsulları ilə dolur.

Bu sahədə ciddi boşluq var. Kiçik fermerin maddi imkanı özünə ayrıca soyuducu anbar tikmək imkanını vermir. Soyuducu anbarların tikintisi baha başa gəlir. Məsələn, 5 min ton tutumu olan soyuducu anbarın tikintisi 1 milyon manata başa gəlir. Ona görə də qabaqcıl ölkələrin təcrübəsində kiçik fermerlərin məhsullarının saxlanması işi öyrənilməlidir”.

N.Nəsirli söylədi ki, xaricdə kiçik istehsalçılar üçün soyuducu anbarlardan yox, refrejator sistemindən istifadə edilir. Onun sözlərinə görə bu sistemin üstünlüyü ucuz olmasında və daşına bilməsindədir: “Refrejatorlar məhsulu soyuducu anbarlar kimi 1 il saxlaya bilmir, orada məhsullar ən yaxşı halda 6 ay qalır. Amma bu müddət istehsalçıya məhsulunu növbəti mövsümə qədər saxlamağa imkan yaradır. Refrejator sistemlərinin tutumu 1 tondan 15-20 tona qədər artır. Kiçik fermerə bu cür texnologiya lazımdır. Refrejatorların yerini dəyişmək də imkanı var. İstehsalçı onu əkin sahəsinə yerləşdirib topladığı məhsulu birbaşa onun içinə yığa bilir. Məhsul orada 5-6 ay qala bilir və istehsalçı mövsüm bitdikdən sonra daha əlverişli qiymətə məhsulunu satır.

Soyuducu anbarlara isə məhsulu çatdırmaq üçün əlavə nəqliyyat xərci, toplama və boşaltma xərci tələb edilir. Soyuducu anbara hər məhsulu qoymaq olmur, bunun üçün onun çeşidlənməsi lazımdır. Bu zaman itkiyə də yol verilir. Refrejatorlarda saxlanma xərcləri də ucuzdur, məhsulun maya dəyərinə cüzi təsiri olur. Soyuducu anbarlarda saxlanma xərci yüksəkdir.

Buna görə də kiçik fermerlərin müdafiəsi üçün ölkəyə refrejatorların gətirilməsi vacibdir. Dünyada bu metodlardlardan istifadə edilir. İri fermerlərin soyuducu anbar problemi yoxdur. Onların əksəriyyətinin saxlama anbarları var, bu anbarları ya öz pulları ilə tikiblər, ya da güzəştli kreditlər götürməklə tikintini həyata keçiriblər. İri vermerlərin kifayət qədər texnikası da var. Bu il Kənd Təsərrüfatı Nazirliyi bəyan etdi ki, taxıl biçini zamanı ilk növbədə 50 hektardan kiçik sahəsi olan fermerlərin məhsulu biçiləcək. Böyük taxıl sahələrinə sahib olan fermerlər buna etiraz etmədilər, çünki onların hamısının kombaynı var”.

Ekspert qeyd etdi ki, burada əsas məsələ kiçik fermerlərin müdafiəsindən, onların zərər görməməsindən ibarətdir: “ Əsas məhsul istehsal edən, iqtisadi dəyər yaradan, məşğulluğu daha çox təmin edən kiçik fermerlərlərdir. Böyük təsərrüfatlar tətbiq etdiyi müasir texnologiya ilə cəmi 20-30 adama iş verir. Ancaq kiçik təsərrüfatların bir və ya ikisində  bu qədər adam işləyir. Məşğulluq daha çox kiçik təsərrüfatlarda olduğuna görə onların iqtisadi müdafiəsinə daha çox diqqət ayrılmalıdır.

2020-ci ildə aqrar sığortanın tətbiqi genişləncək. Bu, yaxşı hadisədir. Kiçik fermerlərin müdafiəsində ikinci mühüm məsələ texnoloji təminatın həyata keçirilməsidir. Bunlardan biri də refrejator sistemlərinin tətbiqidir. Refrejatorların gətirilməsi və istifadəyə verilməsi müxtəlif variantlarda həyata keçirmək olar. Ayrı-ayrı sahibkarlar refrejatoru gətirib, fermerlərə icarəyə də verə bilər”.

N.Nəsirli xatırlatdı ki, 2009-2011-ci illərdə “Aqrolizinq”in xətti ilə İtaliya texnologiyası ilə işləyən təxminən 100-ə yaxın refrejator gətirilmişdi. Amma bu avadanlıqların iqtisadi əsaslandırılması düzgün olmadığından və fermerlərlə maarifləndirmə düzgün aparılmadığından onların istifadəsi mümkün olmadı. Ekspert hesab edir ki, istənilən layihənin tətbiqində hökmən iqtisadi amillər öyrənilməlidir. 

Qeyd edək ki, “Hər Kəndliyə Bir Soyuducu Anbar" proqramı əsasında Kənd Təsərüfatı Nazirliyi və “Aqrolizinq” Açıq Səhimdar Cəmiyyətinin xətti ilə Azərbaycana 20 ton tutumu olan soyuducu anbarlar gətirilmişdi. Əsasən kiçik sahibkarlıqla məşğul olan kəndli-fermer təsərrüfatı üçün nəzərdə tutulan bu lahiyədə, hər bir kəndliyə maliyə vəziyyətindən aslı olmayaraq, bir soyuducu anbar təklif olunurdu. Bölgələrdə kiçik sahibkarlıqla məşğul olan ailə kəndli-fermerlər iri tutumlu soyuducuların alınmasında çətinlik çəkdiyindən bu cür proqram həyata keçirildi.

 

Vasif CƏFƏROV