LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”

11 Sentyabr 2019 07:15 (UTC+04:00)

Azərbaycanın turizm cəlbediciliyinin artırılması və ölkənin bu sahədəki mövcud potensialından səmərəli istifadə olunması sahəsində yürüdülən dövlət siyasətinin əsas hədəflərindən biri də qeyri-neft sektorunda büdcə daxilolmalarının artırılmasıdır. Son illərdə bu istiqamətdə həyata keçirilən qanunverici-institusional tədbirlər ölkəyə turist axınının stimullaşdırılmasına hesablanıb.

Statistika Komitəsinin məlumatına əsasən, 2019-cu ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 187 ölkəsindən 1777,4 min və ya 2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 7,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 30,6 faizi Rusiya Federasiyası, 22,8 faizi Gürcüstan, 9,9 faizi Türkiyə, 7,2 faizi İran, 3,6 faizi Səudiyyə Ərəbistanı, 2,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,9 faiz olmaqla Ukrayna və Hindistan, hər birindən 1,5 faiz olmaqla Türkmənistan və İraq, hər birindən 1,4 faiz olmaqla Qazaxıstan, İsrail və Pakistan, 1,3 faizi Böyük Britaniya, 11,2 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olublar. Gələnlərin 66,8 faizini kişilər, 33,2 faizini isə qadınlar təşkil edib.

Ölkəmizə yanvar-iyul aylarında gələnlərin sayında daha çox artım Misir (83,2 faiz), Hindistan (80,6 faiz), Türkmənistan (78,5 faiz), Çin (74,3 faiz), Səudiyyə Ərəbistanı (48,8 faiz), Macarıstan (48,1 faiz), Böyük Britaniya (30,9 faiz), Cənubi Koreya (30,9 faiz), Yaponiya (29,3 faiz), Polşa (27,7 faiz), Kanada (25,2 faiz), Almaniya (25,1 faiz) və Gürcüstan (23,4 faiz) vətəndaşları arasında qeydə alınıb.

2019-cu ilin yanvar-iyul aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 26,3 faiz artaraq 83,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 6,7 faiz artaraq 655,1 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 57,8 faizi dəmir yolu və avtomobil, 41,4 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib. 2019-cu ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23,9 faiz artaraq 3115,1 min nəfər olub. Ölkə vətəndaşlarının 37,8 faizi İrana, 28,1 faizi Gürcüstana, 17,7 faizi Rusiya Federasiyasına, 11,0 faizi Türkiyəyə, 5,4 faizi digər ölkələrə getmişdir. Gedənlərin 64,7 faizini kişilər, 35,3 faizini qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 61,8 faiz, Gürcüstana gedənlərin sayı 12,4 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 7,7 faiz, Türkiyəyə gedənlərin sayı isə 3,7 faiz artıb. Cari ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 82,7 faizi dəmir yolu və avtomobil, 16,5 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

Ümumiyyətlə, mövcud potensial respublikanın dünya turizm xəritəsində layiqli yerini təmin etməsinə və rəqabətə davam gətirməsinə imkan verir. Əlverişli iqlim şəraiti, əsrarəngiz meşələr, çaylar, şəlalələr, təbii göllər, dağ massivləri, eləcə də unikal yaşayış məskənləri və tarixi mədəniyyət abidələri turizmi daha cazibəli vəziyyətə gətirir. Bundan başqa, son illər ayrı-ayrı bölgələrdə müasir tələblərə cavab verən istirahət mərkəzlərinin, hotellərin inşa edilməsi, yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi həm xarici, həm də yerli turistlərin bölgələrə marağını artırıb.

Əcnəbi turistlərin diqqətinin səfalı guşələrə cəlb edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeddi turizm marşrutu müəyyən olunub. Bunlardan dördü əsas, üçü əlavə marşrut hesab edilir. Əsas turizm marşrutları Bakı-Xaçmaz, Bakı-Balakən, Bakı-Astara və Bakı-Qazax; əlavə marşrutlar isə Bakı-Abşeron yarımadası, Bakı-Dağlıq Qarabağ, Bakı-Naxçıvandır. Turizm zonalarının hər biri təbii gözəlliyi, zəngin bitki və heyvanat aləmi, təmiz havası, mineral bulaqları və s. ilə turistlərin diqqətini çəkir.

Xatırlatmaq lazımdır ki, hələ 2012-ci ildə "Evrovizion" musiqi yarışması, ilk Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları, habelə qadınlardan ibarət futbol komandalarının dünya çempionatı Azərbaycanda yüksək səviyyədə keçirilib, ümumilikdə, beynəlxalq ictimaiyyət Bakının yüksək təşkilatçılığına, müasir şəhər infrastrukturuna, qonaqpərvərliyinə heyran qalıb.

Ümumiyyətlə, son illər iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın turizm potensialının əhəmiyyətli dərəcədə güclənməsinə şərait yaradıb. Davamlı və tarazlı inkişafda, büdcə gəlirlərinin formalaşmasında, vergi daxilolmalarının həcminin artımında mühüm rolu oynayan turizm sektorunda zəruri infrastrukturun formalaşdırılması son illər hökumət üçün prioritet məsələlərdən birinə çevrilib. Ölkəmizin sosial-iqtisadi inkişafının sürətlənməsi, beynəlxalq əlaqələrin genişlənməsi, habelə mədəniyyət və idman sahələrində əldə olunan nailiyyətlər turizm sahəsinin davamlı inkişafını təmin edir.

Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlər beynəlxalq təşkilatların və maliyyə qurumlarının hesabatlarında yüksək dəyərləndirilir. Dünya Turizm Təşkilatı (DTT) Azərbaycanda turizmin inkişafını yüksək dəyərləndirərək, xüsusən də sadələşdirilmiş elektron viza sisteminə keçidi alqışlayıb.

Azərbaycanda elektron viza sistemi 2013-cü ilin martından tətbiq olunmağa başlayıb. Yeni sistem sənədləşmənin daha asan aparılmasına, viza xərclərinin azaldılmasına, habelə vaxta qənaət edilməsinə şərait yaradır. Yeni Miqrasiya Məcəlləsində də turist vizalarının elektron formada verilməsini nəzərdə tutan bir sıra maddələr əksini tapmışdır. Mühüm yeniliklərdən biri də turizm sahəsində elektron xidmətlərin təşkilidir. Hazırda əcnəbi turistlər elektron formada nüfuzlu hotellərdə nömrələr bron edə bilirlər və bu da mühüm irəliləyişlərdən sayılır.

2016-cı ildən reallaşdırılan “ASAN Viza” sistemi isə elektron viza alınması üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin birbaşa “ASAN Viza” sistemi vasitəsilə müraciət etməsi; elektron viza alınması üçün zəruri olan məlumatların bilavasitə “ASAN Viza” sisteminə daxil edilməsi; elektron vizanın rəsmiləşdirilməsinə görə müəyyən olunmuş dövlət rüsumunun “ASAN Viza” sistemi vasitəsilə elektron qaydada ödənilməsi; elektron vizanın üç iş günü müddətində verilməsi; elektron vizanın müraciət etmiş şəxsin elektron ünvanına göndərilməsi; “ASAN Viza” sisteminin “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi və Vahid Miqrasiya Məlumat Sistemi ilə inteqrasiyası vasitəsilə elektron informasiya mübadiləsinin aparılması; elektron viza verilməsi müddətlərinə riayət olunmasının, verilmiş elektron vizaların və imtina olunmuş viza müraciətlərinin monitorinqi, imtin a səbəblərinin ümumiləşdirilməsi və dövri statistik hesabatların hazırlanması kimi vacib məsələlərin rellaşmasını təmin edib.

İqtisadiyyatın qeyri-neft sektorunun inkişafı tədbirləri çərçivəsində son illər Azərbaycanda turizm infrastrukturunun müasirləşdirilməsi və bu sahədə mövcud potensialın səmərəli şəkildə gerçəkləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Ölkə başçısı İlham Əliyevin Azərbaycanda turizmin inkişafının sürətlə getdiyini bildirib: “Xalqımızın qonaqpərvərliyi, gözəl iqlim, gözəl şərait. Bütün bunlar turizmin inkişafı üçün əsas şərtlər idi ki, biz bunları yaratdıq. İkinci məsələ ondan ibarət idi ki, biz turistləri necə cəlb edək, Azərbaycanı dünyaya necə təqdim edək. Burada xüsusi rol oynayan Azərbaycanda keçirilmiş beynəlxalq tədbirlər idi. Avropa Oyunları. 2015-ci ildə keçirilmiş Avropa Oyunlarından sonra və 2016-cı ildə keçirilmiş birinci Formula 1 yarışından sonra Azərbaycana gələn turistlərin sayı 22 faiz artdı. Yaxşı, nəyə görə bu vaxta qədər artmırdı. Bu vaxta qədər də biz turistləri cəlb etmək üçün səylər göstərirdik. Məhz Avropa Oyunları, Formula 1 yarışları turistlərin sayını 22 faiz qaldırdı. Ondan sonra - 2017-ci ildə İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Biz gördük ki, müsəlman ölkələrindən gələn turistlərin sayı kəskin artdı. Bəzi ölkələrdən 3-4 dəfə. Yəni, bu Oyunların da çox böyük təsiri oldu. 2017-ci ildə turistlərin sayı 20 faiz artdı".

Son illər Azərbaycanın turizm potensialını əks etdirən reklam çarxları "CNN", «Euronews», «Travel Channel» və «Eurosport» kimi nüfuzlu dünya telekanallarında nümayiş olunub. Bundan başqa, dünyamiqyaslı «BMI Voyager», «Business Year», ABTA jurnallarında və «MITT» sərgisinin rəsmi kataloqunda Azərbaycanın turizm potensialına dair reklam bannerləri yerləşdirilib.

Samir Mustafayev