Paşinyanı gəldiyi kimi yola salırlar

11 Sentyabr 2019 08:20 (UTC+04:00)

Ermənistanda bir müddətdir davam edən “Amulsar məsələsi” kulminasiya nöqtəsinə çatıb. Hökumətlə ictimaiyyət qarşılıqlı razılığa gələ bilmir. Paşinyan narazıları əvvəlcə quru vədlərlə aldatmaq istəsə də son nəticədə bu iş alınmayıb. Cermuq sakinləri təbii sərvətləri qorumaq adı ilə “iki ayağını bir başmağa dirəyib” Amulsar dağında dağ-mədən işlərinin görülməsinin yasaqlanmasını istəyir. Çünki, hökumət artıq xarici Lidian şirkəti ilə imzalanmış müvafiq müqavilənin şərtlərini poza bilməz. Əks təqdirdə onun rəhbərlik etdiyi kasıb dövləti ciddi beynəlxalq cərimə gözləyir. Buna görə də naəlac qalan baş nazir bir neçə gün əvvəl sosial şəbəkədə etirazçılara müraciətlə Amulsar mədəninin istismar edilməsini dayandırmaq üçün hüquqi əsasların olmadığını bəyan edib.

Paşinyanın bəyanatı ehtirasları daha da qızışdırıb. Cermuq sakinləri arasında fəallıq göstərənlər dərhal yığıncaq keçirib və mədənə gedən yolun bağlanmasını davam etdirmək haqda qərar qəbul ediblər. İştirakçılar birmənalı olaraq bildiriblər ki, yolu açmaq fikrində deyillər. Hətta şəhərdən yolun açılması üçün hərbi asayış keşikçilərinin göndərilməsi məsələsi də müzakirə olunub. Nəticədə sakinlər baş nazir Paşinyana 10 gün vaxt veriblər. Əks halda 20 sentyabrdan etibarən kütləvi itaətsizlik aksiyalarına başlanılacaq.

Baş nazirin vəziyyətini ağırlaşdıran əsas məsələ odur ki, artıq etiraz əhvalı bölgədən aşaraq ölkə miqyasında genişlənməkdədir. Ayk Barseqyan adlı bloqçu facebook-da açdığı “SOS” proqramında istifadəçilərə müraciət edərək deyib ki, Amulsara gedib yolu bağlayanlara qoşulacaq və narahat olan digər vətəndaşları da ona qoşulmağa çağırıb. “Nikol Paşinyan Facebook-un birbaşa efirində Cermuq sakinlərindən xahiş edib ki, Amulsar mədəninə gedən yolu açsınlar. Bu mövzuda narahat olan adamlara müraciət edirəm. Amulsar yalnız Cermuq camaatına yox, Ermənistan təbiətini və dağlarını özününkü sayan hər bir erməniyə məxsusdur. Bu o deməkdir ki, biz hamımız Amulsar dağına gedib mədənin blokadasına qoşulmalı və Nikola izah etməliyik ki, Amulsar təkcə Cermuk və Horayk camaatına yox, bizim hamımıza aiddir” deyə, bloqçu Ayk çağırış edib. Sonra da əlavə ediv ki, qoy, milislər döyüşə hazırlaşsınlar. Hətta blokadada iştirak edənlərin yemək məsələsini də qaldırıb. Bu da o deməkdir ki, camaatın niyyəti qətidir və axıradək mübarizə aparacaq.

Ancaq bu işdə bir nüans var. Doğrudanmı əhali Amulsar mədəninin istismarına qarşıə belə həssaslıq göstərir? Axı, mədənin işlədilməsində pis nə var ki...? Yeni iş yerləri yaradılacaq, xarici valyuta qazanılacaq. Başqa ölkələrlə iqtisadi əlaqələr genişlənəcək. İş tapmaqda problemlər yaşayan əhali isə bunun əleyhinədir. Aşkar görünür ki, bu işdə başqa məqsədlər güdülür.

İlk növbədə onu qeyd etmək olar ki, əhaliyə verdiyi vədləri yerinə yetirməyən baş nazirdən camaat acığını çıxır. Onlar yaxşı başa düşürlər ki, mədənin istismarından gələn gəlir onların sosial vəziyyətinin düzəldilməsinə yox, kimlərinsə ciblərinin şişməsinə xidmət edəcək. Axı, nə qədər dözmək olar. Paşinyan eıə hey deyir ki, ölkə demokratikləşir, iş yerləri açılır, xarici investisiyalar ölkəyə axır və s. Amma əhali bunları nə görür, nə də hiss edir. Bu yalanlardan əhali yorulub. Bu mənada köhnə hakimiyyətlə yenisi arasında heç bir fərq yoxdur.

Hadisələrin bu cür inkişafı və qarşıduran tərəflərin gətirdikləri arqumentlərin kəskin ziddiyyəti Paşinyanın vəziyyətini ağırlaşdırır. P, mitinq edəndə ona qarşı hüquq-mühafizə orqanları güc tətbiq etməyiblər. Bəs, indi o necə, blokadanı polisin gücü ilə dağıtsa, öz repotasiyasını qoruyub saxlaya biləcək?! Bəs, dağıtmasa necə, beynəlxalq məhkəmədə necə davam gətirəcək?

Sentyabrın 20-i Paşinyan üçün məhşər ayağı da ola bilər. Hakimiyyətdə olduğu müddətdə dail manevrlər edərək vəziyyətdən çıxmağa çalışan baş nazir, belə demək mümkünsə, yaman yerdə axşamlayıb.

N.NOVRUZ