Manat regional valyutaya çevrilir

11 Sentyabr 2019 08:35 (UTC+04:00)

İrana müxtəlif məqsədlərlə səfər edən Azərbaycan vətəndaşlarının verdikləri məlumata əsasən qonşu ölkədə milli valyutamız olan manatla əməliyyatlar aparmaq, nağd ödənişlər həyata keçirmək mümkündür. İranda manata maraq getdikcə artır, manat sərbəst dövriyyədədir və ən populyar yığım valyutasına çevrilir. Azərbaycan vətəndaşları burada manatı asanlıqla dəyişib ticarət əməliyyatları yerinə yetirə bilirlər.

İranda manata olan tələb bu ölkəyə ticarət və turizm məqsədilə səfər edən vətəndaşlarımız tərəfindən təmin edilir. Cari ilin ilk 6 ayında İrana gedən vətəndaşlarımızın sayı kəskin artıb və 1 milyon nəfəri ötüb. 2019-cu ilin yanvar-iyul aylarında 3 milyon 115,1 min nəfər Azərbaycan vətəndaşı xarici ölkələrə səfər edib. Xaricə səfər edən vətəndaşlarımızın 37,8 faizi İrana gedib. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 61,8 faiz artıb.

İranda ərzaq və digər gündəlik tələbat məhsullarının, cehizlik əşyaların qiymətinin münasib olması azərbaycanlıların, xüsusən də bu ölkə ilə həmsərhəd rayonların əhalisinin İrana səfər etməsinə səbəb olur. Məlumatlara əsasən ildə bir milyona yaxın Azərbaycan vətəndaşı İrana səfər ediri və hər qonaq burada 500-1000 manata qədər pul xərcləyir. Müalicə məqsədilə ən çox Təbriz, Ərdəbil, Tehran və Urmiyə şəhərlərinə səfər edilir.

İranda manata tələbin artması iki ölkə arasında ticarətdə manatdan istifadə imkanlarını yaradır. Nəzərə alsaq ki, İran çoxdan ticarətin milli valyuta üzərindən aparılmasını istəyir. Bu halda manatla əməliyyatlar realdırmı ?

 

İqtisadçı Cümşüd Nuriyev bildirir ki, son bir ildə Azərbaycan manatından İranla bərabər Gürcüstanda da geniş istifadə edilir. O xatırlatdı ki, ölkəmizdə baş verən devalvasiyaya qədər manatdan istifadə edən xarici ölkə vətəndaşlarının sayı daha çox idi. Devalvasiyadan sonra manatla yığımlar dayandı. Amma son 2 ildə manatın məzənnəsinin sabit qalması manatla mübadilənin həcmini yenidən artırıb.

C.Nuriyev qeyd etdi ki, manat yavaş-yavaş lokallıqdan çıxır və region valyutasına çevrilir. Onun fikrincə, bu proseslərə dövlətlər səviyyəsində əldə ediləcək razılaşmalarla manatla əməliyyatlara dəstək vermək, bir qədər də genişləndirmək olar. 

Ekspertin sözlərinə görə Azərbaycanın İranla manatla mübadilə əməliyyatları aparması üçün zəmin də formalaşıb. O dedi ki, İranda dollar çox bahadır, eyni zamanda İran hökuməti dollar alışının azaldılması üçün müxtəlif tədbirlər görür və öz vətəndaşlarına digər xarici valyutalardan istifadə etməyi tövsiyə edir. C.Nuriyevin qənaətinjə, belə bir şəraitdə İran vətəndaşlarının manat alması başadüşüləndir: “Mövcud vəziyyəti nəzərə alaraq İranla aparılan ödənişlərlərdə, müxtəlif ticarət əməliyyatlarında manatdan istifadəyə dəstək verməklə onunla əməliyyatların həcmini artırmaq olar. Ümumiyyətlə, manatın regionun valyutasına çevrilməsi üçün şansı var. İran, Gürcüstan və Rusiyanın pulu dəyişkəndir. Belə valyutalarda yığıma maraq olmur. Sadəcə, ödəniş zamanı həmin valyutalardan istifadə edilir. Amma manatın məzənnəsi sabit qalır. 2015-ci ilə qədər manatın məzənnəsi dollar nəzərən 20 il sabit qalmışdı. Bu kimi göstəricilər yığım zamanı valyuta seçiminə təsir göstərir”.

C.Nuriyev əmindir ki, manat tədricən regional valyutaya çevrilə bilər. O hesab eidr ki, bu məsələdə Mərkəzi Bank da dəstək verməlidir: “Ölkələr arasında razılaşma da imzalana bilər və burada valyuta seçimi müəyyənləşdirilə bilər. Manat dönərli valyuta olduğuna görə həm lirəyə, həm lariyə, həm rubla, həm də riala nəzərən öz məzənnə dəyərini qoruyur, bir sıra hallarda isə onlara qarşı möhkəmlənir. Xarici ticarətdə manatla əməliyyatlar artarsa, dollar tələb də azalar”.

 

Vasif CƏFƏROV