AXCP-də Əli Kərimlidən üz döndərənlərin sayı artır

12 Sentyabr 2019 08:31 (UTC+04:00)

Radikal müxalifət mövqeyindən çıxış edən AXCP və onun lideri Əli Kərimlinin fəaliyyətindən nəinki sözügedən təşkilatın üzvü olmayan kənar insanlar, hətta həmin partiyanın üzvü olan şəxslər arasında belə narazılıq artmaqdadır. Əli Kərimlinin fəaliyyətində demokratik ənənələrə söykənən hər hansı bir əlamət müşahidə edilmir. Partiya daxilində belə, yalnız onun fikirləri keçərlidir. Digər partiya üzvlərinin isə müstəqil fikir səsləndirmələrinə imkan verilmir. Partiyada hər hansı bir müstəqil fikiri elə beşiyindəcə boğurlar. Buna baxmayaraq, AXCP rəhbərliyi hər çıxışında demokratiya və plüralizmdən dəm vurur.

Belədə  Əli Kərimli partiyasında demokratik ənənələri tamamilə dağıdaraq, özünün şəxsi diktaturasını qurub. Məhz bunun nəticəsidir ki, zaman-zaman bu partiyadan qopmaların şahidi olmuşuq. Nəticədə hazırda AXCP sanki dərnək səviyyəsinə enən bir təşkilata çevrilib. Yaranmış mövcud vəziyyət, radikal partiya rəhbərliyinin normal mesajlar verə bilməməsi həmin təşkilatda rəhbərlikdən narazılığın daha da artmasına gətirib çıxara bilər. Bu səpkidə AXCP daxilində növbəti qopmaların olması mümkündürmü? Yeni qopmalar, istefalar radikal müxalifətə nə vəd edir?

Yurddaş Partiyasının sədri Mais Səfərli bildirdi ki, AXCP-də növbəti qopmaların olması nəinki gözləniləndir, hətta labüddür: “AXCP-də, ümumiyyətlə radikal mövqe tutan siyasi təşkilatlardan istefaların olması özünü zaman-zaman göstərib. Özü də bu təşkilatda istefalar kütləvi xarakter alıb. Zaman-zaman Əli Kərimlinin rəhbərlik etdiyi AXCP daxilində rəhbərliyə qarşı müəyyən etirazlar olub. Son  vaxtlar isə bu səpkili etiraz və narazılıqlar daha da güclənir.

Bildiyiniz kimi, artıq AXCP adlanan qurum partiya olaraq fəaliyyət göstərmir. Cəmiyyət bir partiya kimi bu təşkiların fəaliyyətini görmür. Onun fəaliyyəti yalnız və yalnız Əli Kərimlinin bloggerlik fəaliyyəti və bəzi digər funksionerlərin verdikləri bəyanatlardan ibarətdir. Onu bu gün cəmiyyətdə artıq belə tanıyırlar. Bundan başqa, AXCP-də hər hansı bir partiya fəaliyyəti gözə dəymir. Partiyaya üzv olanlar qarşılarına müəyyən məqsədlər qoyaraq bura gəlib. Partiyanın da bu mənada öz qarşısına müəyyən məqsəd və hədəflər qoyub. Ancaq görünən odur ki, AXCP çoxdan qarıya qoyduğu hədəflərdən uzaqlaşıb. Əli Kərimli isə ancaq bloggerlik fəaliyyətilə məşğuldur.

Digər tərəfdən, AXCP ötən illər ərzində heç bir nəticəyə imza ata da bilməyib. 25 ildir müxalifətdədirlər, seçkiləri uduza-uduza gəlirlər. Ona görə sıravi cəbhəçilər də öz gələcək taleləri barədə düşünərək AXCP ilə əlaqələrini kəsmək yolunu tutur.   Sıravi üzvlər görür ki, AXCP hakimiyyətə gəlmək şansını nəinki itirir, getdikcə bu şansdan tamamilə məhrum olur. Ona görə də AXCP-də zaman-zaman qopmalar özünü göstərir. Bu hadisə digər radikal partiyalarda da baş verir. Onlarda dağılma prosesi artıq uzun illərdir ki, gedir. Hazırda AXCP ətrafında rəhbərliyin yaxın dostları və qohm-əqrəbasından başqa elə bir insanlar qalmayıb. Partiyanın rayon təşkilatının strukturları çoxdan dağılıb”.

Partiya sədri qeyd etdi ki, yaranmış durumda AXCP daxilində narazılıq və etirazın olması qanunauyğun prosesdir: “Həmin təşkilatı tərk edənlərin sayı getdikcə daha da artacaq. Nəticədə yaxın perspektivdə bu partiya tam iflasa uğramış vəziyyətə düşəcək. Belə aqibət digər radikal müxalifət düşərgəsini də gözləyir. İndiyə kimi, bu təşkilatların heç birində seçkilərdə məğlub olmalarının, geriləməyə məruz qalmalarının səbəbləri müzakirə olunmayıb. Bu da ondan xəbər verir ki, həmin partiyalar ideologiya üzərində deyil, əslində ayrı-ayrı şəxslərin ətrafında formalaşan təşkilatlar olub. Ona görə də orada demokratizmdən danışmaq da mümkün deyil. Özləri demokratiyadan bol-bol danışır, guya ki, demokratiya uğrunda mübarizə aparırlar. Amma reallıqda radikal müxalifət partiyalarının fəaliyyətini diqqətlə izlədikdə açıq şəkildə görərik ki, bu təşkilatların rəhbərləri öz daxilində belə demokratiya və açıq fikirə hörmətlə yanaşmırlar. Elə vəziyyət yaradıblar ki, partiya lideri nə desə, aşağılar da heç bir fikir bildirmədən onu icra etməlidir. Əslində, normal demokratik təşkilatlarda qərarların qəbulunda yerli təşkilatların fikirlərinə xüsusi önəm verirlər. AXCP-də isə bu proseslər baş vermir. Ona görə də AXCP hər zaman belə parçalanmalara məruz qalır.  Belə qopmalar fonunda AXCP-nin tamamilə iflasa uğraması gözləniləndir”.

R. SOLTANOV