İqtidarla müxalifət arasında mühüm dialoq

12 Sentyabr 2019 09:04 (UTC+04:00)

Azərbaycan iqtidarı hər zaman siyasi opponentlərilə dialoq mühitinə xüsusi önəm verib və bunu əməllərilə sübut edib. Bu arada yenə hakim Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə iqtidarla müxalifət nümayəndələri arasında növbəti dialoqun əsası qoyuldu. Belə ki,

"Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda YAP-ın təşəbbüsü ilə keçirilən dəyirmi masada müxalifətin geniş spektri iştirak edib. Bu dəyirmi masanın baş tutması fonunda demək olarmı ki, iqtidarla müxalifət arasında yeni dialoqun əsası qoyulur? Belə dialoqun davamlı olmasını gözləmək olarmı? Bu kimi addımlar hansı nəticələrə gətirib çıxaracaq?

ADP sədri Sərdar Cəlaloğlu baş tutan tədbiri iqtidar-müxalifət dialoqundan daha çox, ictimai təşkilatlar kontekstində dəyərləndirməyə üstünlük verdi: “Son dəyirmi masada təkcə siyasi partiya nümayəndələri iştirak etməyib. Tədbirə həmçinin, qeyri-hökumət təşkilatının nümayəndələri, mətbuat, digər insanlar, ziyalılar da qatılmışdı. Ona görə də təşkil olunan dəyirmi masanı iqtidar-müxalifət münasibətləri kontekstindən daha çox, bötüvlükdə ictimai təşkilatlar kontekstində dəyərləndirmək lazımdır.

Düşünürəm ki, bu format, ideya gələcəkdə də saxlanılacaqsa, məhz iqtidar-müxalifət dialoquna çevrilməlidir. Çünki söhbət siyasi proseslərdən gedirsə, burada əsas olanı siyasi qüvvələrin iştirakı və müzakirəsidir. Ona görə ki, ölkədə cərəyan edən siyasi hadisələrə təsir edən də elə siyasi təşkilatlardır”.

Partiya sədri bu tip dialoqun davamlı olmasını vacib bildi: “Tədbirin sonunda razılığa gəldik ki, belə dialoq davamlı olsun. Ancaq onun nə dərəcədə davamlı olub-olmaması təşəbbüskarlardan asılı olacaq. Öz tərəfimizdən bu cür dialoqları və onun davam etdirilməsini ölkəmiz, cəmiyyətimiz üçün yararlı hesab edirik. Xüsusən də milli problemlərin gündəmə gətərilməsi, tərəflərin mövqeyinin müəyyənləşməsi çox vacibdir”.

S. Cəlaloğlu qeyd etdi ki, başlanan dialoq mühiti ümummili məsələlərdə iqtidarla müxalifət arasında əməkdaşlığın yaranmasına stimul verə bilər: “Belə dialoqların davamlı olması iqtidarla müxalifət arasında ümummilli problemlərin həllində iş birliyinə, əməkdaşlığa, milli həmrəyliyin gücləndirilməsinə, Azərbaycanın siyasi gücünün güclənməsi, nüfuzunun artmasına gətirib çıxara bilər. Məhz bu kimi dialoqların mütəmadi olması nəticəsində Azərbaycanda bir çox təhlükəli proseslərin qarşısı alına bilər. Amma bunun üçün aparılan dialoqlar real və səmimi prosesə çevrilməlidir”.

Milli Məclisin deputatı Elman Nəsirov qeyd etdi ki, hakim Yeni Azərbaycan Partiyası Azərbaycanda səfərbər olunmuş cəmiyyətin, vətəndaş həmrəyliyinin yaradılması, formalaşması və inkişafında müstəsna rola malikdir: “YAP hər zaman bu istiqamətdə ardıcıl fəaliyyət göstərib və bu onun ən mühüm hədəfidir. Təbii ki, bu kimi məsələlərin reallaşmasında cəmiyyətin seqmentini təşkil edən siyasi partiyalar, o cümlədən müxalifət təşkilatları ilə dialoq, ümummilli məsələlərdə onlarla anlaşma əldə edilməsi prioritet məsələlər sırasındadır. Amma təəssüf ki, bir çox hallarda müxalifətin radikal deyilən  kəsimi hakim partiyanın ümummilli məsələdə tutduğu bu mövqeyə də müxalif mövqedə dayanır. Halbuki dövlətçilik məsələsində müxalifət iqtidar yanaşması olmamalıdır. Dövlətçilik məsələsində eyni mövqe sərgilənməlidir.

Dəfələrlə YAP-ın müxalifətlə siyasi dialoqunun şahidi olmuşuq. Bu ənənə var və indi də davam etdirilir. Hesab edirəm ki, baş tutan sonuncu belə tədbir də söylədiyimzin təsdiqidir”.

Deputatın fikrincə, bu sayaq təmaslar ölkəmizdə əmin-amanlıq və sabitliyin daha da möhkəmlənməsinə xidmət edir: “Belə dialoqlar nəticə etibarı ölkəmizin qarşısında dayanan ümumilli məsələlərin müzakirəsi, xaricdəki dövlətimizə düşmən dairələrin ölkəmizə qarşı qara yaxma kampaniyası və çirkli oyunlarının  qarşısını almaq, dövlətin qarşısında dayanan mühüm, xüsusən də Dağlıq Qarabağ konfliktinin həlli məsələsində ortaq mövqeyin tapılması baxımından olduqca böyük əhəmiyyət kəsb edir. Belə dialoqlar nəticə etibarı ilə ölkəmizə sabitlik, əmin-amanlıq və təhlükəsizlik mühitinin daha da möhkəmlənməsinə xidmət göstərir.  Belə təmaslar həmçinin hakim partiya ilə müxalifət arasında hər hansısa bir anlaşılmazlığın aradan qaldırılmasına da xidmət edir. Ona görə bu kimi dialoqlar olduqca faydalıdır və Azərbaycanın inkişafı və qarşıda dayanan problemlərin həlli mənafeyinə xidmət edir. Yetər ki, istək olsun”.

Həmsöhbətimiz belə dialoqların davamlı olacağını da gözləyir: “Hər şey iqtidarın xoşməramlı niyyətindən və müxalifətin də eyni kontekstdə yanaşmasından asılıdır. Xoş niyyətlər üst-üstə düşəcəyi təqdirdə belə təmaslar da intensiv xarakter alacaq”.

R. SOLTANOV