LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”

13 Sentyabr 2019 07:18 (UTC+04:00)

Respublikamızda əmək bazarına nəzarətin daha da gücləndirilməsi məqsədilə bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi mahiyyətcə əmək ehtiyatlarından səmərəli istifadəyə, əmək bazarında mövcud münasibətlər sisteminin hüquqi müstəvidə tənzimlənməsinə, işçi hüquqlarının etibarlı müdafiəsinə və qeyri-leqal məşğulluğun ardan qaldırılmasına xidmət edir.

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2013-cü il 27 dekabr tarixli qanun və həmin qanunun tətbiqi ilə bağlı imzalanmış 2014-cü il 3 fevral tarixli fərman qeyri-leqal məşğulluqla mübarizənin gücləndirilməsi, bu sahədə çevik və səmərəli, müasir tələblərə uyğun iş üsullarının formalaşdırılmasına yaxşı imkanlar açıb. Fərmana uyğun olaraq Vergilər Nazirliyinin yaxından iştirakı ilə Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyində (ƏƏSMN) yaradılmış elektron informasiya sistemi işəgötürənlərlə işçilər arasında yaranmış əmək münasibətlərinin operativ, dəqiq və əhatəli uçotunun aparılması baxımından mühüm əhəmiyyətə malikdir.

Həmin dəyişikliklər əsasında tətbiq edilən mühüm yeniliklərdən biri də əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsidir. Əmək müqaviləsi bildirişi - əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin ƏƏSMN-nin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə daxil edilən elektron sənəddir. Əmək Məcəlləsinin 49-cu maddəsinə edilmiş dəyişikliyə əsasən, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

Nazirlər Kabinetinin 6 iyun 2014-cü il tarixli qərarı ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar” təsdiq edilib. Həmin Qaydaların 3-cü bəndində işəgötürənlər və ya onların səlahiyyət verdiyi şəxslər tərəfindən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı müddəalar təsbit olunub. Həmin müddəalara əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənlərin və ya onların səlahiyyət verdiyi şəxslərin gücləndirilmiş elektron imzası olmalıdır.

Prosesin həyata keçirilməsinə nəzarət prosesində ƏƏSMN-lə yanaşı, Vergilər Nazirliyinin də yaxından iştirakı Vergi Məcəlləsinin tələblərindən irəli gəlir. Belə ki, işəgötürənlər tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi Vergi Məcəlləsinin 58.10-cu, İnzibati Xətalar Məcəlləsinin 53.1-ci və Cinayət Məcəlləsinin 162-1-ci maddələri ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan üç min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir.

Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə isə işəgötürən Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb edilir. Burada "xeyli sayda" dedikdə on nəfər və ondan çox olan işçilərin sayı nəzərdə tutulur. "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həminin qanunun tətbiqi ilə bağlı "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Fərmanın 3-cü bəndinin 14-cü abzasına əsasən, cinayətin əlamətləri vergi nəzarəti zamanı aşkar olunduqda Cinayət Məcəlləsinin 162-1-ci maddəsində nəzərdə tutulmuş cinayətə dair iş üzrə ibtidai istintaq Vergilər Nazirliyinə həvalə edilib.

Vergilər Nazirliyi vergi ödəyicilərini həmin yeniliklərdən irəli gələn məsələlərlə bağlı məlumatlandırılması istiqamətində sistemli işlər həyata keçirib. Bu məqsədlə işəgötürənlərə əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə yalnız gücləndirilmiş elektron imza - o cümlədən "ASAN imza" vasitəsilə daxil edilməsinin mümkünlüyü izah edilib.

Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı işəgötürənlərin məlumatlandırılması da təmin edilir. Bununla əlaqədar Vergilər Nazirliyinin rəsmi internet saytında elanın yerləşdirilməsi, habelə işəgötürənlərin SMS vasitəsilə məlumatlandırılması təmin edilir. Əmək müqavilələri barədə əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsində işəgötürənlərə zəruri köməklik göstərilir.

Qanunvericiliyin tələblərinin pozulması halında işəgötürənlərin üzləşəcəkləri sanksiyalar, cərimələr və cinayət məsuliyyəti barədə onlara zəruri xəbərdarlıqlar edilir. Bununla bağlı nazirlik işəgötürənlər üçün xüsusi xəbərdarlıq forması hazırlayıb. Həmin formada əmək müqaviləsinin imzalanmamasının, habelə əmək müqaviləsi bildirişinin müvafiq elektron informasiya sisteminə daxil edilməməsinin doğurduğu hüquqi məsuliyyət barədə fiziki və hüquqi şəxslərə ətraflı məlumatlar verilir. Xəbərdarlıq formasında, həmçinin, işəgötürənlərə əmək müqavilələrinin bağlanılması ilə bağlı əlavə məlumat almaq üçün nazirliyin 195 nömrəli Çağrı Mərkəzinə müraciət etmək tövsiyə olunur.

Əmək münasibətlərinə vergi nəzarəti sahəsində yerli vergi orqanları tərəfindən həyata keçirilən tədbirlərin düzgün uçotunun aparılması, eləcə də nəzarətin həyata keçirilməsi məqsədilə ölkə ərazisi vergi orqanlarının sahə nəzarətini həyata keçirən strukturlar tərəfindən nəzarətə götürülüb və bütün obyektlərdə vergi nəzarəti tədbirləri gücləndirilib. İşəgötürənlər tərəfindən iş yerlərinin rəsmiləşdirilməməsi hallarının qarşısının alınması, əməkhaqqından tutulan gəlir vergisi üzrə vergitutma bazasının genişləndirilməsi və qeyri-leqal məşğulluğun leqallaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Bunun nəticəsidir ki, Əmək Müqaviləsi Bildirişi Elektron İnformasiya Sistemində əmək müqaviləsi ilə işləyənlərin sayı 65 821 nəfər artaraq 1 467 782 təşkil edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, cari ilin 1 aprel tarixinə Vergilər Nazirliyində qeydiyyatda olan aktiv fiziki şəxs fərdi sahibkarların sayı birinci rüb ərzində 10 568 nəfər artaraq 371 569 nəfər təşkil edib.

Azərbaycan Sahibkarklar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASTMK) hüquqşünasi Tapdıq Osmanov hesab edir ki, ölkə iqtisadiyyatının inkişafında və şəffaflığın təmin olunmasında, istehsalatda işçilərin əmək hüquqlarının etibarlı müdafiəsində və qeyri-leqal məşğulluqla mübarizənin gücləndirilməsində əmək müqavilələri mühüm əhəmiyyət daşıyır: "Konfederasiya Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasında, sahibkarların iqtisadi-hüquqi mənafelərinin və əmək münasibətlərinin qorunmasında müxtəlif təşəbbüslərlə çıxış edir. Hansı müəssisə və təşkilatda əmək qanunvericiliyinə düzgün əməl olunursa, işəgötürənlə işçi arasında sosial dialoq imkanlarından səmərəli istifadə edilirsə, orada istehsalatda sabit və mütləq nailiyyətlər əldə olunur. İşçi ilə işəgötürən arasında ən etibarlı münasibət, dialoq elə əmək müqaviləsidir".

Əmək Məcəlləsinə edilən dəyişikliklərə uyğun olaraq informasiya sistemi fəaliyyətə başladıqdan sonra həm işəgötürənlər, həm də işçilər öz öhdəliklərini,vəzifələrini daha aydın şəkildə anlayırlar. Cinayət Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, işçilərin əmək müqaviləsi bağlanmadan işə cəlb olunmasına görə işəgötürənlər üçün 7 min manatdan 10 min manatadak cərimə, yaxud 3 il müddətinə azadlıqdan məhrumetmə müəyyənləşib. Qaydaların bu qədər sərtləşdirilməsində başlıca məqsəd ölkədə bütün işəgötürənləri işçilərlə əmək müqaviləsi bağlamağa dəvət etməkdir.

Samir Mustafayev