Ətin qiyməti arta bilər, amma...

13 Sentyabr 2019 08:05 (UTC+04:00)

Son zamanlar quru ot və yoncanın qiymətində müəyyən qiymət bahalaşması hiss olunur. Heyvandarlıq üçün mühüm yem komponenti hesab olunan bu məhsulların qiyməti 15-20 faiz artıb.

Aydın məsələdir ki, yem məhsullarının qiymətinin bahalaşması fonunda mal-qara saxlamaqla məşğul olan fermerlərin xərcləri də artır. Bu xərclərin artması da öz növbəsində sonradan fermerlərin öz məhsullarını satması prosesinə də təsir edir. Bəs, quru ot, yoncanın qiymətində artım ətin qiymətinə necə təsir edəcək?

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli yonca və otun qiymətinin bahalaşmasının anoloji olaraq ətin maya dəyərinə təsir etdiyini desə də, qeyd etdi ki, hazırkı dönəmdə ətin qiymətində artıma getmək cəhdlərinin hər hansı bir iqtisadi əsası yoxdur: “Adətən ot və yoncanın qiymətində artımlar hər il baş verir. Azərbaycanda bildiyiniz kimi əsas yemləndirmə vahidi yonca hesab olunur. Ölkəmizdə normalda yoncanı sezonda 5 dəfə biçirlər. Sahədə ilk qiyməti təxminən 1 manat 20 qəpik olsa da, mövsümün dəyişməsilə daha da artır. Hardasa, 4,80-5 manat həddinə çatır.

Şübhəsiz ki, yonca və otun qiymətinuin artması ətin də maya dəyərinə təsir edir. Amma burada bir problem var ki, onun da ölkə daxilində həli üçün hökmən yemçiliyin strukturunun dəyişməsinə ciddi şəkildə nail olmalıyıq. Belə ki, ölkəmizdə əsas yem vahidi olaraq yonca götürülür. Amma bütün dünyada yem bitkisi olaraq yoncadan daha əlverişli, daha məhsuldar olması ilə seçilən çoxsaylı bitkilər əkilir. Təəssüf ki, hələlik həmin bitkilər ölkəmizin əkin strukturuna daxil olmayıb. Məsələn, heyvandarlıqda «kaşa» bitkisi çox qiymətlidir. Bu bitki nəinki tək xırda və iri buynuzlu heyvan üçün, həmçinin arıçılıqda mühüm yem vahidi hesab olunur.

Eyni zamanda, amarat bitkisi də var ki, belə qiymətli bitki növünü də Azərbaycanda becərmirlər. Bura soyanı da əlavə etmək olar. İtaliya otu deyilən qiymətli yem bitkisinin ölkəmizdə əkininə başlanılsa, yoncaya maraq da yaddan çıxar. Çünki heyvandarlıq üçün bu bitki də çox qiymətlidir. Bu kimi bitkiləri hökmən əkin strukturumuza daxil etməliyik, onun toxumçuluğu təşkil olunmalıdır. Yemin bahalaşmasına təsir edən faktorlardan biri də torpağın sürətlə keyfiyyət baxımından aşağı düşməsi amilidir. Örüş sahələri də sıradan çıxır. Əvvəllər heyvandarlığın əsas yem komponenti otarmaq hesabına təmin olunurdusa, bu gün həmin amil heyvanları təmin etmədiyindən təminat da daha çox sahədən gələn otun hesabına olur. Bu səbəbdən ölkədə böyük həcmdə yem bitkilərinin əkininə tələbat yaranıb. Bununla bağlı, “Azərbaycanda heyvandarlığın inkişafı və örüş sahələrinin bərpası” adı  altında 2019-2023-cü illəri əhatə edən proqram gündəmdədir. Burada örüş yerlərilə bağlı konseptual inkişaf məsələləri yer alıb. Orada qoyulan hədəflərə əməl olunsa və yem bitkilərinin əkini məsələsinin genişləndirilməsi məsələsi təmin edilsə, ot bazarında bahalaşma tendensiyasının aradan götürülməsinə nail ola bilərik.

Ətin qiymətinə təsir edən 70 faiz faktor yemlə bağlıdır. Yem nə qədər ucuz olsa, ət də ucuz olur. Yemin bahalaşması isə avtomatik olaraq ətin də qiymətinin qalxmasına təsir edir. Üstəlik ölkədə si-istifadə halları da var. Yem bahalaşan kimi əsası oldu-olmadı hökmət ətin də qiymətini qaldırmağa çalışırlar. Ət ölkəmizdə strateji qida növü sayılır. Son zamanlar qiymət bazarının tənzimlənməsinə dövlət nəzarətinin daha da artırılması prosesi həyata keçirilib.

Hazırda sırf yemə görə ətin qiymətinin də qaldırılmasının heç bir iqtisadi əsası yoxdur. Çünki həlı payız-qış mövsümünə qədəm qoymamışıq ki, burada ətin qiymətinin bahalaşmasından danışaq. Ona görə indidən ətin qiymətini qaldırmağa yönəlik cəhdlər hər halda iqtisadi sabotajdır. Onun indi baş verməsinin iqtisadi əsası yoxdur”.

Rüfət NADİROĞLU