İcra başçısının müavini Elina işi ilə bağlı ifadə verdi - Foto+ Yenilənib

18 Sentyabr 2019 14:30 (UTC+04:00)

Bu gün Səbail Rayon Məhkəməsində məktəbdə intihar edən şagird Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən direktor Sevinc Abbasovanın məhkəməsi keçirilib.

“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Azər Tağıyevin icraatında olan prosesdə baxış iclası baş tutub. Məhkəmə iclasına 3 jurnalist buraxılıb, müdafiə tərəfi daha çox media nümayəndəsinin iştirak etməsini istəsə də, hakim bunun yer azlığı ilə bağlı mümkün olmayacağını bildirib.

Daha sonra prokuror ittiham aktını elan edib. İttihamda qeyd olunub ki, 8 e sinif şagirdi E.Hacıyeva mütəmadi olaraq dərslərə gecikib, geyimi məktəbli formasına uyğun olmayıb, bundan öncə bir dəfə məktəbdə ülgüclə boğazını kəsib, şagirdlər daim Elinanı sıxışdırıb, lakin direktor Sevinc Abbasova bununla bağlı hər hansı addım atmayıb, sadəcə E.Hacıyevanın anasına şifahi məlumat verməklə kifayətlənib. E.Hacıyeva aprelin 4-də özünü məktəbin 3-cü mərtəbəsindən atandan sonra S.Abbasova təcili tibbi yardımı vaxtında çağırmayaraq E.Hacıyevanın həyatını təhlükədə qoyub.

İttihama münasibət bildirən keçmiş direktor Sevin Abbasova isə özünü təqsirli bilmədiyini deyib.

Daha sonra isə E.Hacıyevanın anası Sevil Hüseynova, nənəsi Solmaz Əsgərova, atalığı Seymur Hüseynov, atası və Səbail rayon icra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova ifadə veriblər. Ardınca prosesdə 1 saatlıq fasilə elan olunub.

***

Xalidə Bayramova məhkəmədə şahid qismində verdiyi ifadədə deyib ki, məktəbin direktoru Sevinc Abbasova ilə çox yaxşı münasibətləri olub: 

“İstintaqa verdiyim ifadəmi təsdiq edirəm. Belə ki, aprelin 4-ü, saat 11-ə işləmiş Sevinc xanım mənə zəng edib dedi ki, bir qızımız 2-ci mərtəbədən yıxılıb, amma yerdə qan filan yoxdur. Mən dedim ki, panikaya düşməyin, sonra başçıya məruzə etdim, ondan icazə alıb məktəbə getdim. Başçı ilə danışandan sonra direktora zəng edib dedim ki, polisə xəbər verin və “skorıy” çağırın. Dedi çağırmışıq.

Saat 10:24-də polis rəisi Cəmil müəllimə zəng edib hadisəni dedim, o isə xəbəri olmadığını bildirdi. Mən məktəbə saat 11:01-də çatdım, bu, kameralara da düşüb. Polislər orada idi, Elinanı divanda uzandırmışdılar. Direktor çox həyəcanlı idi, dedim uşağın üstünə nəsə ört, o da gedib əski gətirdi, əlindən alıb tulladım, dedim normal balış ver. Sonra ona dedim ki, “istəyirsən səni şillələyim, özünə gəl?” Soruşdum ki, həkim çağırmısız, biri dedi zəng etdik məşğuldur, biri dedi zəng etdik telefona cavab verən olmadı, 

Mən də birbaşa Rauf müəllimə zəng edib dedim ki, “skorıy” göndərin, 4 dəqiqə sonra həkimlər gəldi. Dedim nə yaxşı tez gəldiniz, dedilər biz elə bu küçənin tinindəydik. İstintaqın rəisi İntiqam müəllim isə uşağı divanda qoyub direktoru dindirirdi, istintaq aparırdı. Mən də bunu ona irad tutdum. 

Orada dedilər ki, Elina çoxlu dərman içib. Qız özü dedi ki, dünən 30, bu gün isə 60 tablet atıb. Amma Elina suallara normal cavab verirdi deyə bunun inandırıcı olmadığını fikirləşdim. Elina dərman içdiyini dediyi üçün onu Toksikologiyaya apardılar, amma orada zədələri görüb “Semaşko”ya göndərmişdilər. Biz həmin vaxt kameralara baxdıq, gördüm ki, uşaq sinifdən çıxıb birbaşa gedib pəncərədən özünü atır. Həmin vaxt polislər dedilər ki, 2 yox, 3-cü mərtəbədən atıb. Mən onda lap narahat oldum. “Semaşko”nun baş həkiminə zəng edib xahiş etdim ki, məni içəri buraxsınlar. Qəbul şöbəsindən məni Çovdarov soyadlı həkim qarşıladı, liftə çatanda gördüm ki, Elinanın anası geri qayıdır. Dedi ki, onları içəri buraxmayıblar. Mən dedim gəlin birlikdə gedək. Reanimasiyaya çatanda anasını buraxmadılar, dedilər əvvəlcə yuxarıya məlumat verməliyik. Mən içəri keçib çəkiliş etməyə başladım, biz bütün hadisələrdə çəkiliş edirik ki, arxivdə qalsın. Sonra nəsə problem olanda araşdıra bilək. Bu məqsədlə də hər şeyi çəkdim. Orada psixoloq dedi ki, bu uşağa psixiatr lazımdır, yoxsa burdan çıxandan sonra da özünü öldürmək istəyəcək. Elina psixoloqa artıq yaşamaq istəmədiyini, ölmək istədiyini demişdi. Elina gündəliyində də ancaq ölüm haqda yazırmış. Onun çox sevdiyi yazıçı da intihar edib. O uşaq yaşamaq istəmirdi. Sonra Elinanın mədəsini yudular, həmin vaxt çox bərk ağlayırdı, qışqırırdı, onu nəsə incidirdi. Mən bunları da çəkmişəm, həmin vaxt çəkiliş edəndə tibb bacısı mənə “çəkmək olmaz!” deyib oradan çölə çıxartdı. Çölə çıxanda anası ilə atasını gördüm, onlarla danışdım, onu da videoya çəkdim. Oradan çıxan kimi direktora zəng edib dedim ki, müavinlərini də, müəllimlərini də yığ, xəstəxanada olun, uşağın növbəsini çəkin. 

Mən məktəbdə Elinanı ilk dəfə görəndə tez-tez “ölmək istəyirəm” deyib təkrarlayırdı. Mənə dedi ki, “bu sinif, bu uşaqlar dəhşətlidir. Bu məktəbdən getmək istəyirəm”. Sonra Elina dedi ki, 86 oğlanı telefonunda bloka atıb. Direktor da həmin vaxt ora-bura gedib “Ay Elina, niyə belə elədin?” deyirdi. Mən xəstəxanada növbətçi həkim Fazillə danışdım, dedi heç bir narahatlıq yoxdu, uşaq yaşayacaq. Müalicəni isə Vaqif həkim aparırdı. Biz Elinanı daha yaxşı xəstəxanaya aparmaq istədik, həkimlər dedilər ehtiyac yoxdur.

Elinanın xalası qızı Diana da həmin məktəbdə oxuyub. Diananın yoldaşları ilə “Astral” klubunda ad günü məclisinə görə problem olmuşdu, onunla bağlı bizə müraciət etmişdilər. Amma Elina ilə bağlı hər hansı narahatlığın olması haqda məktəbin direktoru bizə heç bir məlumat verməyib.

Elina ilə ilk söhbətimdən gördüm ki, o çox mərd, gözəl, təmiz qızdır. Çünki heç kimi satmaq istəmirdi. Ondan soruşurdum ki, bunu kim edib, sənə kimsə nəsə edib? Ad çəkmirdi, ancaq uşaqlardan narazılıq edirdi. Direktorun onu incidib-incitmədiyini soruşdum, onunla heç bir problemi olmadığını dedi. Elina mərd qız idi, sadəcə onu bu vəziyyətə gətirmişdilər. Elinanın bundan öncəki hərəkətləri barədə direktorun məlumatı olmalı idi və bizə bu barədə müraciət etməli idi. Amma etməmişdilər”.

X.bayramova suallara cavabında E.Hacıyeavnın anasına barışıq üçün pul təklif etmədiyini deyib: “Deyirlər ki, direktorla qohumam, “podruqa”yam. Bunlar yalandır. Mən sadəcə onlara kömək edirdim”. 

Sevinc Abbasova isə X.Bayramovaya heç bir sualı olmadığını, hər şeyi düz danışdığını deyib.