Minsk qrupunun dəyişdirilməsi yenidən aktuallaşdı

19 Sentyabr 2019 08:06 (UTC+04:00)

ATƏT-in Minsk qrupunun fəaliyyəti yenə bu qurumun Qarabağ münaqişəsinin həllində acizliyini göstərir. Hələ də Minsk qrupu münaqişənin real həlli istiqamətində addım atmır. Belə vəziyyətdə Minsk qrupunun  tərkibinin və yaxud formatının dəyişdirilməsi kimi məsələlər dəfələrlə gündəmə gətirilib. Amma hələ ki, bu istiqamətdə bir irəliləyiş yoxdur. Lakin mövcud vəziyyət sözügedən istiqamətdə addım atılmasını vacib edir. Bu əsasda Minsk qrupun tərkibinin dəyişdirilməsi və ya onun başqa formatla əvəzlənməsi nə dərəcədə mümkün ola bilər?

Politoloq Nəzakət Məmmədova bildirdi ki, Minsk qrupunun hazırkı həmsədrləri onun tərkibinin və yaxud formatın dəyişdirilməsinə imkan verməyəcəklər: “Minsk qrupunun tərkibinin və yaxud formatının dəyişdirilməsi müşkül məsələdir.

Minsk qrupunun həmsədri olan dövlətlər faktiki olaraq, dünya siyasətində hegemon rol oynayan dövlətlərdir. Onlar bir çox məsələlərdə hegemon qismində çıxış edirlər, o cümlədən də Dağlıq Qarabağ məsələsində. Zaman-zaman həmsədrlərin dəyişdirilməsi, formatın yenilənməsi istiqamətində müxtəlif cəhdlər olub. Amma bu ideyaların hamısı iflasa uğrayıb. Bu gün də ABŞ, Rusiya və Fransa məsələni öz monopoliyasında saxlamaqda davam edir. Belədə onlar məsələ ətrafında spekulyasiya ilə məşğuldurlar. Nə işğala məruz qalan tərəf kimi Azərbaycana öz torpaqlarını güc yolu ilə azad etməyə, nə də həmsədrlərin tərkibinə digər konstruktiv mövqeli dövlətlərin daxil edilməsinə imkan vermirlər. Belə konstruktiv dövlətlərə Almaniya və Türkiyəni göstərmək olar. Bu dövlətlər tənzimlənmə prosesinə qoşularlarsa, bəlkə də münaqişənin həlli istiqamətində müəyyən irəliləyişlər ola bilərdi.

Qarabağ məsələsi dünya siyasətinin bir parçasıdır. Bu gün dünyada mövcud olan reallıqların əsası bir əsr əvvəl qoyulub. Həmin zaman qalib gələn Antanta dövlətləri bu gün də dünya siyasətində hegemon mövqedədir. Bu amil özünü Cənubi Qafqaz, Yaxın Şərq məsələsində də göstərir. Böyük dövlətlər dünyanın ayrı-ayrı bölgələrində məhz bu prinsip əsasında hərəkət edirlər. O cümlədən Cənubi Qafqaza münasibətdə də onların bu cür planlarının şahidi oluruq. Yəni 100 il əvvəl baş verən proseslərin bu gün də anoloji davamı gedir. Bu gün də dünya gücləri müxtəlif regionları ayrı-ayrı adlar adı altında öz nəzarətlərində saxlayır. Belədə müxtəlif, heç də xoş olmayan məqsədlərlə özlərinin geosiyasi planlarının həyata keçməsi üçün  bir çox regionlarda hegemonluq edirlər. Bir əsr əvvəl olduğu kimi yaşadığımız Cənubi Qafqaz regionunda da eyni dünya gücləri hegemonluq etmək uğrunda mübarizə aparırlar. Amma sadəcə artıq onlar məsələni Minsk qrupu adı altında həyata keçirirlər. Bu da əslində yırtıcı geosiyasi planın pərdələnmiş bir formasıdır. İşğal faktoru ortadadır, işğalçı da bəlli, işğala məruz qalan da. Lakin görürük ki, bir əsr əvvəl regionda işğalçı xristian Ermənistanının yaranmasında ABŞ, İngiltərə, Fransa, Rusiya necə cəhd edibsə, bu gün də həmin siyasəti davam etdirirlər. Əsas məqsədləri də türkdilli dövlətlər arasında yaratdıqları xristian anklavınının ərazisinin mümkün qədər genişləndirilməsinə nail olmaqdan ibarətdir. Nəticədə ondan da öz forpostu kimi yararlanırlar. Yəni Ermənistan tək Rusiyanın forpostu deyil. Digər güclər də bunun uğrunda çarpışır. Nəticə olaraq onu qeyd edim ki, ABŞ, İngiltərə, Fransa və Rusiya yaxın pesrpektivdə Misnk qrupunun tərkibinin və yaxud formatının dəyişdirilməsinə imkan verməyəcək”.

Bu səbəbdən də ekspertin fikrincə, yaxın dövrdə bu istiqamətdə ciddi dəyişiklik olacağı gözlənilmir: “Bu 4 ölkə dünya siyasətində monopolist dövlətlərdir. Beynəlxalq hüquqa görə bütün dövlətlər bərabərdir. Ancaq adlarını çəkdiyim bu dövlət daha bərabərdirlər. Məhz bu güclər imkan vermir ki, problem öz həllini tapsın. Həmin güclər güclü Azərbaycanın olmasını istəmir. İstəyirlər ki, Azərbaycanı da forpost etsinlər. Amma bunu bacarmayıblar. Hər halda güclənməyimizə də hər vəclə maneə olurlar. Azərbaycan onların marağını nəzərə alsa da, dünya gücləri ədalətsizcəsinə münaqişənin çözülməməsində maraqlıdır. Həmsədrlər özlərinin geniş imkanlarından istifadə edib işğalçı tərəfə düzgün yola gəlmək üçün təzyiq də göstərmir. Bu səbəbdən onlar imkan verməyəcək ki, Minsk qrupunun tərkibi dəyişsin.Onlar bir əsr əvvəl olduğu kimi, Türkiyə və Almaniyaya münasibətdə etdikləri diskriminasiyanı həyata keçirməkdə davam edirlər”.

Rüfət NADİROĞLU