İslam bankçılığına tələb artır, amma…

19 Sentyabr 2019 09:10 (UTC+04:00)

İslam bankçılığı dünyada geniş yayılan bankçılıq təcrübələrindən biridir. Ənənəvi bankçılıqdan fərqli olaraq İslam bankçılığında faizlə kredit vermək qadağandır. Bundan başqa qeyri-müəyyən və riskli əməliyyatların tətbiqinə icazə verilmir. İslam bankçılığının əsaslandığı şəriət qanunları yalnız real istehsala və real aktivlərə sərmayə qoymağa icazə verir, spekulyasiyalarla işləmək qadağan olunur.

Ənənəvi bankçılıqda prinsip belədir ki, şəxs istədiyi banka pul yatırır, ancaq bankın həmin puldan necə istifadə edəcəyi ilə maraqlanmır. Onu maraqlandıran yalnız yatırdığı əmanətdən qazanacağı faizdir. Kredit qoyuluşunda da oxşar vəziyyətdir. İslam bankçılığında isə gəlir ortaq biznes fəaliyyətindən qazanılır.

İslam bankçılığında müştəri bankla birgə pulun hansı istiqamətə yönəlməsində iştirak edir və risklər bərabər bölünür. İslam bankçılığında bank krediti verdiyi şəxslə bərabər maliyyələşdiriləcək biznes sahəsini seçir. Əldə olunan gəlir qoyulan paya uyğun, yəni proporsional şəkildə bölüşdürülür. İslam bankçılığında müştəri bankla birgə pulun hansı istiqamətə yönəlməsində iştirak edir və risklər bərabər bölünür. İslam bankçılığında bank krediti verdiyi şəxslə bərabər maliyyələşdiriləcək biznes sahəsini seçir. Əldə olunan gəlir qoyulan paya uyğun, yəni proporsional şəkildə bölüşdürülür.

İslam bankçılığının əhəmiyyəti 2008-ci ilin sonlarında, qlobal böhran dövründə yenidən güclənib. Qlobal böhran göstərdi ki, İslam bankçılığı dünya bankları arasında ən az zərər çəkən maliyyə sahəsidir. Çünki İslam banklarının 90 faizindən çoxu böhrandan zərər görmədi. Amma ənənəvi banklar böyük zərərə uğradılar.

Bu səbəbdən də getdikcə İslam bankçılığı inkişaf edir. Onların aktivləri hər il orta hesabla 10-15 faiz artır. İslam maliyyə institutlarının orta gəlirliliyi 10-20% ətrafında dəyişir. İslam bankçılığı daha çox real sektora – tikinti, istehsal və sair sahələrə sərmayə qoyulur.

Bu mənada Azərbaycanda da İslam bankçılığı xidmətinin göstərilməsi zəruridir. Çünki ölkəmizdə İslam prinsiplərini rəhbər tutan çoxlu sayda insan var. Həmin insanlar sələmin haram buyrulduğunu nəzərə alaraq banklarla əmakdaşlıq etmək istəmir. İslam bankçılıq xidmətinin təşkil edilməsi mömin insanların da bank xidmətlərindən istifadəsinə yol açacaq. Bu mənada İslam bankçılıq xidmətinin tətbiqi yeni maliyyə resursları əldə edilməsi baxımından yaxşı imkan yaradır.

Dünyada İslam bankçılığı geniş yayıldığı halda Azərbaycanda bu növ bankçılıq xidməti hansısa şöbəyə həvalə edilir. Azərbaycanın ən böyük kommersiya bankı olan Azərbaycan Beynəlxalq Bankı İslam bankçiliğinin tətbiqi layihəsinə mərhələlərlə həyata keçirmək istəyirdi. Bu məqsədlə bankda yeni departament də yaradılmışdı. Amma bir müddətdən sonra departament ləğv edildi. 

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyir ki, Azərbaycanda İslam bankçılığının geniş yayılmamasının əsas səbəbi qanunvericiliyin buna icazə verməməsidir: ““Banklar haqqında” Qanunun 33-cü maddəsinə görə, bank ticarətlə məşğul ola bilməz. Amma İslam bankçılığının fəlsəfəsi budur ki, bank öz müştərisi ilə riskləri və gəlirləri bölüşür. Bu isə birbaşa ticarətlə məşğul olmaq deməkdir”.

Ə.Həsənovun fikrincə, get-gedə daha çox insanın İslam bankçılığına meyl etməsi bu növ bank xidmətlərində faizlərin qadağan olması, bunun əvəzində müştərinin müəyyən müddət ərzində bankın ortağına çevrilməsi ilə bağlıdır. O qeyd etdi ki, İslam bankçılığı Azərbaycanda yox dərəcəsindədir və bu sahənin yaxın gələcəkdə inkişafı da proqnozlaşdırılmır: “Azərbaycanın biznes strukturlarında İslam bankçılığının tələb etdiyi şəffaflıq prinsipi lazımi səviyyədə deyil. Bir biznes qurumu bankdan pulu götürüb sonradan banka haqq verməmək üçün gəlirlərini gizlədə bilər. Bu,sui-istifadəyə və bankların gəlir götürə bilməmə səbəbindən bu xidmətləri dayandırmağa məcbur olmasına səbəb ola bilər”.

Espert düşünür ki, İslam bankçılığının inkişafı dövlət üçün də sərfəli olardı: “Bu, həm ümumilikdə gəlirlərin artmasına, risklərin az olmasına, həm də dindar istifadəçilərin rahatlıqla öz pullarını bank sisteminə etibar etməsinə şərait yaradacaq. Belı olsa həmin pullar evdə yatıb qalmayacaq, sərmayə şəklində istifadə ediləcək və ölkənin maliyyə sistemin fayda verəcək”.

Qeyd edək ki, dünyada ilk müasir İslam bankı 1975-ci ildə Birləşmiş Ərəb Əmirliklərində yaradılan Dubay İslam Bankı olub. İslam bankçılığını tənzimləyən ilk qanunvericilik isə 1983-cü ildə Malaziyada qəbul edilib.

 

Vasif CƏFƏROV