Xaricdən təkər almağa ehtiyac qalmayacaq

21 Sentyabr 2019 09:00 (UTC+04:00)

Azərbaycanda 2020-ci ildə Sumqayıt Kimya Sənaye Parkında avtomobil şini (təkər) istehsalı zavodunun tikintisinə başlanılacaq. Müəssisənin inşaası Çinlə ortaq layihə əsasında həyata keçiriləcək. Bu haqda açıqlamanı İqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazir qeyd edib ki, bu ilin sonuna qədər layihənin texniki-iqtisadi əsaslandırması hazır olacaq. Ş.Mustafayevin bir neçə gün öncə Çinə səfəri zamanı da bu barədə danışıqlar aparılıb.  

Nazirin əvvəlki açıqlamalarına əsasən, Azərbaycanda avtomobil şini istehsalı zavodunun tikintisinə sərmayələr 300 milyon dollar təşkil edəcək. Zavod Sumqayıt Kimya Sənaye Parkı ərazisində tikiləcək. Zavodun tikintisini “Çin Milli Elektrik Mühəndisliyi Ko. Ltd” (CNEEC) şirkəti həyata keçirəcək. Nazir qeyd edib ki, “CNEEC” şirkəti Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusuna əldə edəcək. Hazırda layihədə pay iştirakı CNEEC – 90%, Azərbaycan İnvestisiya Şirkəti – 10% şəklindədir. Nazir danşıqlar zamanı AİŞ-in sazişdə payının artacağını istisna etməyib.

Ş.Mustafayev onu da bildirib ki, zavodun istehsal gücü illik 3,3 milyon avtomobil şini təşkil edəcək. Bunlardan 3 milyonu minik avtomobili, 300 mini yük avtomobili üçün nəzərdə tutulur. Müəssisənin illik gücü yalnız yerli bazar üçün nəzərdə tutulmur. Şinlər qonşu ölkələrə də ixrac olunacaq, bu da təbii olaraq Azərbaycanın ixrac potensialının artmasına xidmət edəcək. Müəssisədə 800 yeni iş yeri yaradılacaq.

Nəqliyyat sahəsi üzrə ekspert Azər Allahverənov Azərbaycanda avtomobil şini müəssisəsinin yaradılmasını əhəmiyyətli hesab edir. Onun fikrincə bununla sənayenin yeni bir istiqamətinin əsası qoyulmuş olacaq. Ekspert xatırlatdı ki, vaxtilə ölkəmizdə şin istehsal edən müəssisə olub. Bakıda fəaliyyət göstərən şin zavodu əsasən yük avtomobillərinə olan tələbatı qismən təmin edirdi.

A.Allahverənov dedi ki, həmin müəssisə fəaliyyətini dayandırıb və ölkəmizdə istifadə edilən avtomobil şinlərinin hamısı idxal hesabına ödənilir. Ekspert qeyd etdi ki, son illərdə avtomobillərin sayının xeyli dərəcədə artması avtomobil şinlərinə tələbi də artırıb: “Nəzərə alaq ki, son 10 ildə Azərbaycanda avtomobillərin sayı sürətlə artdı və 2018-ci ilə aid olan rəsmi statistikaya əsasən 1 milyon 370 min avtomobil qeydiyyatdadır. Onun 1,17 milyon ədədi minik avtomobilidir. Avtomobillərin sayının artması şinə olan tələbi də artırdı. Yerli istehsal olmadığından bütün şinlər xaricdən idxal edilir”.

A.Allahverənovun sözlərinə görə, bu sahədə əsas nöqsanlardan biri təzə şinlərlə bərabər köhnə, işlənmiş şinlərin Azərbaycana gətirilməsi, eyni zamanda ölkədaxilində köhnə şinlərin təmir edilərək satışa çıxarılmasıdır. Onun qənaətincə şin bazarında vəziyyəti bu həddə gətirən əsas səbəblərdən biri idxal edilən məhsulların baha başa gəlməsi ilə əlaqədardır. “Çünki idxal edilən şinlərə görə gömrükdə rüsum ödənməlidir və bu malın qiymətinin bir qədər də yüksəlməsinə səbəb olur”, - deyən ekspert bəzi avtomobil sahiblərinin yeni şinlər ala bilmədiyindən köhnə şinlərdən istifadə etməli olduğunu vurğuladı.

O hesab edir ki, yeni müəssisə yaradılarsa və həmin müəssisə daha çox, keyfiyyətli məhsul istehsal edərsə bazarda mövcud qiymətlərdən daha aşağı qiymətə avtomobil şinlərinin satışı olacaq: “Yerli istehsal məhsulunun qiyməti aşağı olduqda idxalçılar da öz məhsullarının qiymətini bir qədər də azaltmalı olacaq. təzə şinlərlə

Amma burada keyfiyyət məsələsi də çox önəmlidir. İstehsal edilən şinlərin keyfiyyəti idxal mallarından aşağı olarsa onun satış imkanları çətinləşəcək. İstehlakçı nisbətən baha, amma keyfiyyətli şinləri almaqda maraqlıdır. Məsələn, idxal edilən bir avtomobil şini 100 manata satılır. Onunla 50 min kilometr məsafəni qət etmək mümkündür. Yerli istehsal şini 50 manata satılır, amma onunla 20 min kilometr məsafəni qət etmək imkanı var. Bu halda istehlakçı 100 manata olan şini almağı daha üstün tutacaq.

Müasir texnologiyalar imkan verir ki, yüksək keyfiyyət tələblərinə cavab verən şinlər istehsal etmək olsun. Mənin fikrimcə keyfiyyət göstəricisi istehlakçı üçün əsasdır.

Düşünürəm ki, qiymət, keyfiyyət, yerli iqlimə uyğunluq kimi parametrlərə diqqət yetirilməlidir. Bu göstəricilər yaxşı olarsa yerli şinlər idxal şinləri ilə rəqabətdə üstün olacaq”.

 

Vasif CƏFƏROV