Şoran torpaqlar problemi hələ də həllini tapmır

9 Oktyabr 2019 08:53 (UTC+04:00)

Azərbaycanın bəzi ərazilərində əkinçiliyin əsas problemlərindən biri də torpaqların şoranlaşmasıdır. Şoran torpaqlar ölkə ərazisinin təxminən 1,5 faizini əhatə edir. Mil-Qarabağ, Muğan-Salyan, Şirvan düzlərində, Samur-Dəvəçi ovalığı, Naxçıvan düzü və Abşeron yarımadasının suvarılan zonalarında bu torpaqlar daha geniş yayılıb. Bu torpaqların şoranlığı Qərbdən Şərqə Xəzər dənizi sahillərinə doğru artır. Ümumiyyətlə, suvarılan əkin sahələrinin təqribən 47%-i müxtəlif dərəcədə şoranlaşıb.

Azərbaycan dünyanın aztorpaqlı ölkələrindən sayılır. Su fondunu nəzərə almasaq, respublikamızda hər nəfərə düşən torpaq sahəsi 0,8 hektardır. Dünyada isə adambaşına düşən torpağın payı 2 hektardan bir qədər artıqdır. Onzus da torpaq fondu az olan ölkəmizdə mövcud torpaqların münbitliyinin pozulması əlverişli deyil. Çünki torpaqların münbitliyi pisləşdikdə bu, həm məhsuldarlığa mənfi təsir edir, həm də kənd təsərrüfatının bitkiçilik sektorunda iqtisadi səmərəliliyi azaldır. Buna görə də torpaqların münbitliyinin qorunması vacib məsələ kimi qarşımıza çıxır.

Şoranlaşan torpaqların bəzilərində əkin işi aparmaq olur. Amma elə şoranlaşmış ərazilər var ki, orada əkin işi aparmaq olduqca çətindir və ya praktiki olaraq mümkün deyil. Bu cür torpaqlarda yenidən münbitliyi təmin etməklə onları əkin dövriyyəsinə qaytarmaq olar. Bəs, bunun üçün nə etmək lazımdır?

Qeyd edək ki, Azərbaycan torpaqlarının 3,9 milyon hektarı qeyri-kənd təsərrüfatı torpaqlarıdır. Torpaq ehtiyatlarının 4,779 milyon hektarı və ya 56 faizi isə kənd təsərrüfatına yararlı torpaqlardır. Kənd təsərrüfatına yararlı torpaqların 1,885 milyon hektarı şumlanan torpaqlar, 227,2 min hektarı daimi bitki altında olan torpaqlar, 2,655 milyon hektarı daimi otlaq və biçənək altında olan torpaqlardır. Ölkəmizdə adambaşına 0,17 əkin sahəsi düşür ki, bu da dünya üzrə orta göstəridən xeyli azdır.
Torpaqların münbitliyinin pozulmasına səbəb olan amilləri iki qrupa bölmək olar; təbii və insan fəaliyyəti ilə bağlı olan amillər. Əlbəttə ki, təbii amillərin qarşısını almaq mümkün olmadığından həmişə əsas tədbirlər insan amilinə qarşı yönəldilir. İnsan bir tərəfdən öz fəaliyyətini düzgün qurmaması səbəbindən deqradasiya prosesini gücləndirir, digər tərəfdən baş verən deqradasiya prosesindən özü əziyyət çəkir. Bunu məhz kənd təsərrüfatı sahəsində sahibkarların üzləşdiyi məhsuldarlığın zəif olması məsələsində daha qabarıq şəkildə görmək mümkündür.

Aqrar məsələlər üzrə ekspert Qadir Bayramlı hesab edir ki, şoranlaşan torpaqların yenidən əkin dövriyyəsinə qaytarılmasının 2 yolu var. Onun fikrincə, yaxşı olardı ki, torpaqların təmizlənməsini dövlət öz üzərinə götürsün. O bildirdi ki, şoranlaşmaya, duzlaşmaya məruz qalan torpaqların çox olması bu işin yalnız dövlət tərəfindən aparılmasının mümkün olduğunu göstərir: “Kür-Araz ovalığında olan ərazilərin xeyli hissəsi şoranlaşıb və ya eroziyaya uğrayıb. Torpaqların əvvəlki münbitliyini təmin etmək məqsədilə ya dövlət xüsusi proqram hazırlayıb həyata keçirməlidir, ya da fermerlərin vasitəsilə şoranlaşma aradan qaldırılmalıdır. Bu məqsədlə fermerlərə uzun müddətə, azfaizli kredit verilə bilər, texniki kömək göstərilə bilər.

Amma istər dövlət, istərsə də fermerlər həyata keçirsin, fərqi yoxdur, bu tədbirlər elmi, müasir metodlarla aparılmalıdır. İşin həcmini müəyyənləşdirmək məqsədilə həmin torpaqların yenidən inventarlaşdırılması aparılmalıdır və onlar şoranlaşma dərəcəsinə görə bölünməlidir. Bilmək lazımdır ki, hansı torpaqlar çox, hansılar isə orta və ya zəif şoranlaşıb. Şoranlaşmış ərazilər dəqiq müəyyən ediləndən sonra proqram hazırlanmalı, mütəxəsislər cəlb edilməlidir. Elmi-tədqiqatsız, o sahənin mütəxəsisləri cəlb edilmədən tədbirlər pərakəndə həyata keçirilsə, müsbət nəticə almaq olmaz. Həm xarici təcrübə öyrənilə bilər, həm də əvvəlki təcrübdələrdən yararlanmaq olar. Bu məsələlərlə məşğul olan dövlət qurumları, institutlar olub, bizim bu sahədə yaxşı mütəxəsislərimiz də var. Hesab edirəm ki, bu sahəni bilən mütəxəsislər bir yerə yığılıb ayrıca təşkilat yarada bilər. Həmin təşkilat lazım olan maliyyə, texniki vasitələrlə təmin edilə bilər”.

Q.Bayramlı düşünür ki, torpaqların şoranlılığının azaldılması, münbitliyinin artırılması kənd təsərrüfatına çox şey qazandıra bilər: “Torpaqlarımız da çox deyil və ildən-ilə onların bir hissəsi ya eroziyaya uğrayır, ya da şoranlaşmaya məruz qalır. Yaylaqlarda olan torpaqların strukturunda pozulma da müşahidə edilir. Çünki bu yerlərdə otlanma normasına əməl edilmir və yaylaqlarımız keyfiyyətini itirir.

Ona görə də kənd təsərrüfatına yeni torpaqların qazandırılmasına böyük ehtiyac var. Hələlik şoranlaşmış torpaqlardan başlamaq olar. Abşeronun özündə neftlə çirklənən 10 minlərlə hektar torpaq sahəsi var. Onları çirklənmədən təmizləyib kənd təsərrüfatına qazandırmaq olar. Buna görə də hökmən xüsusi bir dövlət proqramına ehtiyac var.

Torpaqlar şoranlaşdıqda məhsuldarlığa da təsir edir. Məhsuldarlıq torpağın növündən, humusun miqdarından və aqrotexniki tədbirlərdən asılıdır. Kür-Araz ovallığında boz torpaqlar geniş yayılıb. Burada əsasən pambıq əkilir. Aqrotexniki qaydalarla becərildikdə şoranlaşmış torpaqda yaxşı məhsul almaq mümkündür. Amma indi bu torpaqların şoranlaşma prosesinin qarşısı alınmasa və torpaqlar təmizlənməsə getdikcə məhsuldarlıq aşağı düşəcək, həm də şoranlaşma genişlənəcək”.

 

Vasif CƏFƏROV