Xaricdə Azərbaycanın qeyri-neft mallarına tələb artır

9 Oktyabr 2019 09:10 (UTC+04:00)

Azərbaycandan qeyri-neft məhsullarının ixracının artması bu növ məhsullara xarici bazarlarda tələbin yüksəlməsini göstərir. Ölkəmizdə istehsal edilən məhsulların xaricdə tanıdılması, marketinq tədbirlərinin həyata keçirilməsi ixrac imkanlarının artırılmasına kömək edir. Tələbin artması fonunda gələcəkdə yerli istehsalın üzərinə düşən yük də artacaq. İstehsalçı bir tərəfdən daxili tələbi ödəməlidir, digər tərəfdən ixrac tələbi təmin olunmalıdır. Bu, istehsalçıdan daha böyük həcmdə dövriyyə tələb edəcək. Qeyri-neft ixracının artması bu məsələnin aktuallığını da yaradacaq.

Bunu Azexport.az portalına daxil olan sifarişlər də göstərir. 2017-ci ildə portala 475 milyon dollar dəyərində ixrac sifarişi daxil olub. 2018-ci ildə sifarişlərin həcmi 514,1 milyon dollara yüksəlib. 2019-cu ilin yanvar-iyul dövründə isə ixrac sifarişlərinin həcmi 346,6 milyon dollar təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 10 faiz artım deməkdir. Dinamika göstərir ki, ilin yekununda ixrac sifarişlərinin həcmi əvvəlki ildəki göstəricidən yüksək olacaq.

Ümumilikdə, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 31 iyul  tarixinə  kimi  (31  ay  ərzində)  Azexport.az  portalına  dünyanın  133 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 1,336 milyard dollar olub. Bu faktın özü Azərbaycanın qeyri-neft mallarına xaricdə marağın yüksəlməsinin göstəricisidir.

Xaricdə Azərbaycan mallarına artan tələbi ödəmək məqsədilə yerli istehsal artırılmalıdır. Lakin bu zaman kəmiyyət dəyişikliyinə getməklə bərabər, keyfiyyət dəyişikliyinə də nail olunmalıdır. Elə istehsal müəssisələri yaradılmalıdır ki, burada istehsal edilən məhsullar xarici tələbatı ödəyə bilsin. Bunun üçün həmin məhsulların qiyməti və keyfiyyəti alıcını qane etməlidir.

Böyük ixrac təcrübəsi olan ölkələrin inkişaf  yoluna nəzər yetirdikdə görürk ki, onlar ixracı artırmaq, xarici tələbi ödəmək üçün tanınmış şirkətlərin investisiya imkanlarından istifadə ediblər. Böyük şirkətlərin yaratdığı müəssisələr həm texnoloji cəhətdən, həm də məhsulun maya dəyərinin əlverişli olması baxımından daha rəqabətədavamlı olur.

Qeyri-neft məhsullarının istehsal potensialının artırılması üçün Azərbaycan sənayenin emal sektorunu daha da inkişaf etdirməlidir. Bu məqsədlə yerli şirkətlərin imkanlarından bəhrələnməklə bərabər iri investisiya qabiliyyətinə malik, böyük təcrübəsi olan xarici şirkətlərin də imkanlarından faydalanmaq lazımdır.

Son bir neçə ildə Sumqayıt Texnologiyalar Parkı, Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı, Yüksək Texnologiyalar Parkı kimi nümunələrin yaradılması xarici investorlarla əməkdaşlıq üçün gözəl zəmin formalaşdırıb. Azərbaycan bu cür əlverişli sənaye zonaları yaratmaqla sənayeləşmə prosesində xarici investorlarla əməkdaşlıqda maraqlı olduğunu da göstərmiş olub.

Qeyd edək ki, qloballaşan dünyada şirkətlərin istehsal zəncirlərinin yayılması inkişaf etməkdə olan ölkələr üçün yaxşı fürsətlər yaradır. İstehsal zəncirinin yayılması bir məhsulun müxtəlif hissələrinin ayrı-ayrı müəssisələrdə və coğrafi məkanlarda istehsal edilməsi və son məhsulun digər bir ölkədə yığılması ilə xarakterizə olunur. İstehsal zəncirlərinin qloballaşması ilə bağlı son dövrlərədək mövcud olan yanaşma ondan ibarət idi ki, inkişaf etmiş ölkələr yüksək dəyər yaradan fəaliyyət növlərini özlərində saxlayaraq, əməktutumlu fəaliyyətləri inkişaf etməkdə olan ölkələrə köçürürlər. Lakin son illərdə bir sıra tədqiqatlar göstərir ki, sənayedə araşdırma, layihələndirmə, məhsul dizaynı və digər yüksək əlavə dəyər yaradan fəaliyyətlər də inkişaf etməkdə olan ölkələrə köçürülür. BMT-nin Sənayenin İnkişafı Təşkilatı tərəfindən aparılan tədqiqatlara əsasən, yüksək əlavə dəyər yaradan iş və xidmətlərin inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə köçürülməsi tendensiyası yaxın illərdə inkişaf etmiş ölkələr üçün əsas, inkişaf etməkdə olan ölkələr üçün isə fürsət olaraq qalacaqdır.

Azərbaycan da bu əlverişli vəziyyətdən faydalanmalıdır. Ölkəmizdə sənayenin gələcəkdə də inkişafı üçün bütün zəruri şərtlər mövcuddur. Əlverişli biznes investisiya mühiti, ixtisaslı kadr potensialı, institusional potensial, yenilənmiş enerji və nəqliyyat infrastrukturu, xammal resurslarının mövcudluğu, beynəlxalq bazarlara çıxış və geniş maliyyə imkanları bu şərtlərin əsasını təşkil edir.

Müşahidələr göstərir ki, sənayenin inkişafı daxili bazarın həcmindən asılı olmayaraq idxaləvəzləyici yanaşmadan ixracyönlü istehsal modelinə keçidi tələb edir. Ölkənin daxili tələbat və yüksək artım potensialına malik ixrac imkanları növbəti illərdə sənaye istehsalının strukturunun təkmilləşdirilməsində xüsusi rol oynayacaqdır.

Ölkəmiz üçün ilk növbədə yerli xammala əsaslanan rəqabətqabiliyyətli ağır sənaye istehsalının genişlənməsi zəruridir. Son dövrlərdə ölkədə yerli xammal hesabına daxili tələbatı ödəyəcək həcmdə sement istehsal gücləri qurulub. Metallurgiya, neft-qaz emalı, neft-kimya və kimya sahələrində müasir tələblərə uyğun yeni istehsal güclərinin qurulması zəruridir.

Azərbaycanda emal sənayesinin digər sahələrində yeni istehsal güclərinin yaradılması üçün geniş imkanlar vardır. Son illər ölkədə əsasən yeyinti sənayesi, yüngül sənaye, mebel sənayesi, tikinti materiallarının istehsalı sahələrində qabaqcıl texnologiyaların tətbiqi ilə rəqabətqabiliyyətli çoxlu sayda müəssisələr qurulmuşdur. Bu sahələrdə istehsal həcmlərinin genişləndirilməsi ilə yanaşı, digər sahələrdə, o cümlədən kimya, metallurgiya, maşın və avadanlıq istehsalı, alternativ enerji qurğu və avadanlıqlarının istehsalı, müdafiə sənayesi sahələrində yeni emal müəssisələrinin yaradılması tədbirləri davam etdirilməlidir.

 

Vasif CƏFƏROV