PKK-nın Ermənistan və Qarabağa yeni axını başlanır

10 Oktyabr 2019 09:24 (UTC+04:00)

Türkiyə Suriyanın şimalında antiterror əməliyyatlarına başlayır. Belə vəziyyətdə sıxışdırılan terrorçuların, xüsusən də PKK-nın yenidən Ermənistana, işğal altında olan torpaqlarımıza qanunsuz axını mümkündürmü? Bu baş verərsə, ona qarşı hansı addımlar atılmalıdır?

“Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Nazim Cəfərsoyun fikrincə, indiki situasiyada böyük güclər sözügedən terror qruplaşmalarının başqa ölkələrə axınında maraqlı olmadığından PKK və digər terrorçu dəstələrin Ermənistan və işğal altındakı əraziləri axını çətin olacaq: “Ermənistanla Suriya bildiyiniz kimi birbaşa sərhədə malik deyil, arada Türkiyə var. İran tərəfdən Suriyadakı terrorçuların Ermənistana keçməsinə gəldikdə isə, nəzəri baxımdan bunun baş verəcəyini düşünmək olar. 

Suriyada iki terrorçu qrup var: İŞİD və PKK. İŞİD-ə Türkiyə, İraq və İrandan müvafiq keçid nöqtəsi olmasa, keçib getmələrinə imkan verməzlər. Çünki bu, onlar üçün risqdir. Heç kim öz ölkəsindən İŞİD-in keçməsinə razı olmaz. ABŞ da İŞİD-in İraqdan keçməsində maraqlı olmayacaq. O baxımdan həmin terrorçuların İraq ərazisindən keçməsi Bağdadın da marağına ziddir. Bu mənada həmin coğrafiyadan İŞİD-in keçməsi ciddi problemlidir. İŞİD-in İrandan keçməsi ABŞ-a Tehranı cəzalandırmaq üçün əlinə əsaslı bəhanə verər. Tehran özü də bu fikirdədir ki, İŞİD elə Vaşinqtonun dəstəklədiyi qrupdur. Ona görə Tehran da buna imkan verməz.

Digər tərəfdən, İŞİD terrorçularının Ermənistana keçməsinə Moskva da razı olmaz. Kreml imkan verməz ki, özünün maraq dairəsində olan coğrafiyada terror təşkilatı at oynatsın. İŞİD-in tərkibində bilirik ki, çoxsaylı Rusiya vətəndaşları da var. Türkiyənin Suriyanın şimalında həyata keçirəcəyi əməliyyatın əsas hədəfi olan PKK və onun bu ölkədəki qolu PYD məsələsində isə vəziyyət bir qədər dəyişir. Əməliyayt fonunda bu qüvvələri böyük ehtimalla Suriyanın Amerika qorunması altında olan hissəyə daşınacaqlar. Vəziyyətin gərginləşməsi fonunda onların həmçinin İraqa, Bərzani tərəfə keçməsi də gözləniləndir”.

Milli Məclisin deputatı Elman Məmmədov isə düşünür ki, Türkiyənin Suriyanın şimalında keçirəcəyi hərbi əməliyyatlar fonunda oradakı PKK və digər terror qruplaşmalarının Ermənsitana və işğal olunmuş ərazilərimizə axını mümkündür: “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşmalar artıq 20 ildən çoxdur ki, davam edir. Eyni zamanda, Türkiyə və başqa dövlətlərdə fəaliyyət göstərən terror təşkilatlarının təlim bazaları, qərargahların xeyli hissəsi İrəvanın razılığı və iştirakı ilə Azərbaycanın işğal altında olan ərazilərində  yerləşdirilib. Onlar arasında erməni terror təşkilatları, PKK, PYD və digərləri də var.

Türkiyədə təqib olunan bir çox terrorçular həqiqətən də Ermənistan vasitəsilə gizlənir. Çünki onların erməni terror təşkilatı ASALA ilə aralarında həmrəyliklə bağlı rəsmi razılaşmaları var.  Onlar artıq xeyli müddətdir işğal olunmuş torpaqlarımızda özlərinin hərbi düşərgə, bazalar və təlim mərkəzlərini yaradıb. İndi Türkiyənin Suriyada hərbi əməliyyat keçirməsi fonunda yəqin ki, oradan işğal olunmuş ərazilərimizə gələn terrorçu dəstələrin sayı daha da artacaq. Bu da sözsüz ki, İrəvanın razılığı ilə baş verir. Çünki həmin ərazilərimiz Ermənistanın işğalı altındadır. Belə bir vəziyyətdə, PKK indi Suriya ərazisindən Türkiyəyə qarşı terror əməliyyatı keçirdiyi kimi, gələcəkdə Ermənistan ərazisində möhkəmlənməklə Türkiyə və Azərbaycana qarşı terror aktları həyata keçirə bilərlər. Ona görə birmənalı olaraq Azərbaycanla Türkiyə nə vaxtsa həmin terrorçuların ardınca bu ərazilərə də gələcək. Azərbaycan hərbi gücdən istifadə etməklə torpaqları işğaldan azad edəndə bu terrorçuların hara qaçacağını isə tarix göstərəcək. Fikrimcə, Azərbaycan başqa dövlətlərdən daha tez bu əməliyyatlara başlayıb torpaqlarımızı terrorçulardan və düşməndən azad edərik. Türkiyə də bu cinayətkarları tapıb cəzalarını verməlidir”.

Rüfət NADİROĞLU