Azərbayсana gələn avtomobil sayı sürətlə artır

10 Oktyabr 2019 09:49 (UTC+04:00)

Azərbaycanda avtomobil istehsalının genişlənməsinə və çeşidinin artmasına baxmayaraq, ölkəmizdə avtonəqliyyat vasutələrinin idxalında artım hələ də davam edir. Rəsmi məlumatlara əsasən, 2019-cu ilin yanvar-avqsut ayları ərzində ölkəmizə 26 695 ədəd avtomobil idxal edilib.

İdxal olunan avtomobillərin 24 088 ədədi minik maşını olub. 2018-ci ilin yanvar-avqust dövründə idxal edilən avtomobillərin sayı 14 034 ədəd (minik avtomobillərinin sayı 12 525 ədəd), 2017-ci ilin yanvar-avqsut dövründə idxal edilən avtomobillərin sayı 5 662 ədəd ( minik avtomobillərinin sayı 4 874 ədəd), 2016-cı ilin yanvar-avqust dövründə 3 454 ədəd (minik avtomobillərinin sayı 2 981 ədəd) təşkil edib. Müqayisə göstərir ki, avtomobil idxalı 2017-ci ildə 64 faiz, 2018-ci ildə 147,8 faiz, 2019-cu ildə 90 faiz artıb.  Avtomobil idxalında artım Neftçalada ikinci avtomobil zavodunun işə düşməsindən sonra da davam edib. Bəs, idxalın artımına səbəb nədir və bu, yerli istehsala necə təsir edə bilər?

Avtonəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı hesab edir ki, avtomobil idxalında artım müəyyən səviyyə çatana qədər davam edəcək. Onun fikrincə, manatın məzənnəsinin sabit qalması dollarla saxlanılan pulların bir hissəsinin avtomobil alışına sərf edilməsinə səbəb olub. O düşünür ki, daxili bazarın tələbatı var və idxal həmin səviyyə çatana qədər davam edəcək, sonra isə sabit məcrada qalacaq.

E.Muradlı idxal edilən avtomobillərin əksəriyyətinin istehsal tarixindən 5-10 il ötən avtombillər olduğunu söylədi. Onun sözlərinə görə, alıcıların çoxu istehsal tarixindən bir  neçə il ötən avtomobilləri almaqda tərəddüd etmir: “Alıcıların böyük hissəsi rahat avtomobillər arzulayır. Həmin avtomobilləri Gürcüstandan alıb gətirib alıcıya satmaq həm alan, həm də satan üçün sərfəli olur. Azərbaycanda istehsal edilən avtomobillər ekonom klass avtomobillər hesab edilir. Bu avtomobillərdə təchizat aşağı standartlardadır və qiymət də buna uyğundur. Konfortlu avtomobillərin istehsalı isə baha başa gəlir. Nə qədər ki, yerli istehsalımız aşağı standartlı, ekonom avtomobil hazırlayacaq, o vaxta kimi daxili bazar idxal avtomobilləri ilə dolacaq”.

Eksperin qənaətincə, yerli istehsal olan avtomobillərin tanıdılması, onların təşviqi üçün şirkətlər pul xərcləməlidir. O bildirdi ki, alıcıda bu avtomobillərin normal, standartlara uyğun olduğuna dair inam yaradılmalı, eyni zamanda avtomobillərin keyfiyyəti ilə bağlı zəmanət gücləndirilməlidir: “İnsanlar bilməlidir ki, aldıqları yerli avtomobilləri neçə il və ya neçə min kilometr məsafəyə qədər rahat sürə biləcək. Əgər alıcıda inam yaranarsa və qiymətlər əlverişli olarsa o zaman yerli istehsal aşağı qiymətə avtomobil axtaran alıcıların rəğbətini qazana bilər. Bu da reklam işinin təşkilindən asılıdır”.

E.Muradlı qeyd etdi ki, Azərbaycana gətirililən avtomobillərin əksəriyyəti Gürcüstandan idxal olunur və onların böyük hissəsi istifadə müddətini başa vurmuş avtomobillərdir. O vurğuladı ki, bu avtomobillərin həm istehsal tarixindən çox zaman ötüb, həm də bir çoxunun yürüş məsafəsi olduqca böyükdür. Ekspert yürüş məsafəsinin azaldılması üçün avtomobilin yaddaşına müdaxilələr edildiyini də bildirdi. E.Muradlı belə avtomobillərin istifadə edənlər üçün risk yaratdığını, eyni zamanda ekologiyaya böyük zərər vurduğunu söylədi.

İqtisadçı-ekspert Rəşad Həsənov alıcıların yerli avtomobillərə deyil, daha çox idxal avtomobillərinə maraq göstərməsini inam və çeşidlə əlaqələndirir. Onun sözlərinə görə, əsas səbəb yerli istehsal olan qeyri-ərzaq məhsullarına inamın ərzaq məhsulları qədər yüksək olmaması ilə bağlıdır.  Ekspertin fikrincə, son illərdə alıcılarda yerli ərzaq məhsullarına tələb xeyli artıb. Lakin alıcılar yerli istehsal olan qeyri-ərzaq məhsullarına ərzaq məhsulları qədər üstünlük vermirlər. Onun qənaətincə bunun əsas səbəbi məhsulun keyfiyyətinə dair olan inamla bağlıdır. O bildirdi ki, bu psoxoloji yanaşma daha çox maşınqayırma məhsullarına münasibətdə özünü göstərir. R.Həsənov düşünür ki, istehsal olunan avtomobillər keyfiyyət baxımından orta standartlara cavab verərsə, alıcı bu məhsulların alışına üstünlük verəcək: “Yerli məhsullara inamın artması üçün bir qədər zamana da ehtiyac var. Gələcəkdə yerli avtomobillərə tələbin artması mümkündür. Bu məsələdə qiymət və keyfiyyət önəmli amillərdir. Ona görə də bazarla işləməli, bazarın tələbləri nəzərə alınmalıdır. Xüsusilə son iki ildə hökumətin həyata keçirdiyi siyasət yerli avtomobil sənayesi üçün kifayət qədər əlverişli rəqabət mühiti formalaşdırır".

İdxalın artımının digər səbəbi kimi ekspert yerli istehsal çeşidinin az olması ilə əlaqələndirir. O qeyd etdi ki, Azərbaycana idxal edilən avtomobillər müxtəlif çeşiddə olması ilə seçilir:“Bu avtomobillər arasında həm komforlu, həm ekonomklass maşınlar var. Eyni zamanda yolsuzluq avtomobilləri də var. Bundan başqa müxtəlif yanacaq növləri ilə işləyən avtomobillər də mövcuddur. Son bir ildə ölkəmizə hibrid sistemlə təchiz edilən minik avtomobillərin idxalının artması da müşahidə edilir. Növbəti dövrlərdə vəziyyətin necə dəyişəcəyi daha çox yerli istehsalın özünü necə tanıtmasından, öz keyfiyyətini bazarda necə sübut edəcəyindən asılıdır. Məlumdur ki, Şamaxı avtomobil zavodu, Naxçıvan avtomobil zavodu bazarda özünə yer tuta bilməyib. İndiki halda yeni açılan avtomobil zavodlarının əsas hədəfi məhz keyfiyyət baxımından özünü yerli bazarda sübut etmək və yerli alıcını inandıra bilməkdir”.

 

Vasif CƏFƏROV