Əli Əhmədov: Münaqişə nizama salınana qədər əsas birləşdirici ideya "Qarabağ Azərbaycandır" olmalıdır

10 Oktyabr 2019 14:40 (UTC+04:00)

"Prezident İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı bir çox ünvana hədəflənmiş çıxış idi. Ermənistan xülyasından əl çəkməlidir. Mesaj ünvanlanan hədəflərdən biri beynəlxalq təşkilatlardır ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar vasitəçilik missiyasənı üzərlərinə götürüblər".

Mövqe.az-ın xəbərinə görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov “Qarabağ Azərbaycandır! Münaqişənin həlli perspektivləri” mövzusunda keçirilən "dəyirmi masa"da deyib.

Ə.Əhmədov qeyd edib ki, Qarabağın erməni əhalisi Qarabağın Azərbaycan əhalisinin sayının 1 faizinə bərabərdir.

YAP sədrinin müavini qeyd edib ki, Prezident İlham Əliyevin mesajının ünvanı həm də Azərbaycan cəmiyyəti idi: "Bu gün ölkənin hər yerində "Qarabağ Azərbaycandır" sədasını eşidirik. Bu, torpaqları işğaldan azad etmək əzmini daha da qətiləşdirir. Yeni Azərbaycan Partiyası olaraq, bu ideyanın gerçəkləşdirilməsi üçün addımlar atırıq. Yollarda bu şüarları əks etdirən elektron monitorlar quraşdırılıb, plakatlar yerləşdirilib, kampaniya üçün köynəklər sifariş verilib. "Qarabağ Azərbaycandır və nida işarəsi" mesajı Azərbaycanda milli ideyanın formalaşması səviyyəsinə qalxmaqdadır".

Onun sözlərinə görə, Ermənistanın konstruktiv mövqeyinin olması danışıqlar prosesini normal aparılmasının vacib şərtlərindən biridir. Əgər Ermənistan qeyri-konstruktiv mövqeyini davam etdirəcəksə, beynəlxalq təşkilatlar, vasitəçilər danışıqlar prosesi ilə bağlı mövqeyində ciddi düzəlişlər etməlidir".