Deputat: "Qarabağ Azərbaycandır" şüarı altında ümumxalq yürüşü keçirilməlidir

10 Oktyabr 2019 15:13 (UTC+04:00)

Bütün Azərbaycan cəmiyyəti "Qarabağ Azərbaycandır" hərəkatı ətrafında birləşməlidir.

Mövqe.az-ın məlumatına görə, bunu “Qarabağ Azərbaycandır! Münaqişənin həlli perspektivləri” mövzusunda keçirilən dəyirmi masada Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, bu şüar altında ümumxalq yürüşü keçirilməlidir: "Azərbaycan bayrağı altında Bakının hansısa nöqtəsindən yürüş edilə bilər. Bununla iradəmizi orataya qoyub, Prezidentin yanında olduğumuzu göstərməliyik".

F.Ağamalı deyib ki, Azərbaycanda sayı ermənilərdən qat-qat çox olan etnik qruplar var, onlar əsrlər boyu azərbaycanlılarla eyni sırada, eyni mövqedə bu dövlət üçün canlarından, qanlarından keçiblər: "Əgər bu etnik qruplar azərbaycanlılarla bərabər, heç bir problem olmadan yaşayırlarsa, ermənilər də Azərbaycan qanunlarını, ərazi bütövlüyünü qəbul edərək Azərbayxan xalqı ilə bərabər yaşayıb dövlətçiliyə xidmət edə bilərlər".