“Qripə adi xəstəlik kimi baxmayın” - Həkim

12 Oktyabr 2019 22:01 (UTC+04:00)

Səhiyyə naziri Oqtay Şirəliyev "2019-2020-ci ilin payız-qış mövsümündə respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" əmr imzalayıb.

Sənəddə 2019-2020-ci ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Bəs qrip belə geniş yayılıbmı?

Mövqe.az bildirir ki, həkim Adil Qeybullanın Modern.az-a dediyinə görə, qrip karantin infeksiyası hesab edilir. 

"Əgər söhbət qrip infeksiyasından gedirsə, bu qripin A, B, C formaları var. İnsanlar arsaında bu formalardan ən çox yayılanı "A qripi"dir. Yer kürəsində hər il qrip infeksiyasından minlərlə insan tələf olur. Ümumiyyətlə bu gün dünyada  Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi 4 karantin infeksiyası var. Bunlardan taun, vəba, sarı qızdırma və  təbii çiçək infeksiyalarıdır".

Adil Qeybulla qeyd edib ki, təbii çiçək infeksiyası aradan qaldırılıb, onun yerinə qrip əlavə olunub.

"Qrip əleyhinə tədbirlər deyəndə, yəqin ki, burda soyuqdəymə xəstəlikləri nəzərdə tutulur. Ümumiyyətlə. nəzərə almaq lazımdır ki, soyuqdəymə xəstəliklərini biz el arasında qrip adlandırırıq.Yuxarı tənəffüs yollarına bir çox viruslar yayılır və nəticədə immunitet zəifləyir. Soyuqdəymə zamanı nəsə soyuq bir şey içəndə bu viruslar fəallaşır. Nəticədə yuxarı tənəffüs yollarında iltihab yaranır. Hər kəs də bunu qrip adlandırır. Həmin soyuq alan şəxs digər insanlarla təmasda olduğu zaman ona da bu virusu yoluxdurur. Beləliklə, insanlar arasında qrip virusu sürətlə yayılmağa başlayır. Tibbdə buna kəskin respirator xəstəliklər deyilir".