Aqrar sahənin sığorta dərdi çözülür, amma…

15 Oktyabr 2019 10:33 (UTC+04:00)

2020-ci ilin yanvarın 1-dən Azərbaycanda “Aqrar sığorta haqqında” Qanun qüvvəyə minəcək. Bu Qanunun qüvvəyə minməsi ilə “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” mövcud Qanun ləğv ediləcək.

Yeni qanunun qəbulunda məqsəd aqrar sahədə sığortanın tətbiqinin genişləndirilməsidir.

Kənd təsərrüfatı iqtisadiyyatın ən riskli sahəsi olmasına baxmayaraq, burada fəaliyyət göstərən istehsalçılar sığorta təcrübəsindən az faydalanırlar. Aqrar sahədə sığorta məhsullarına tələb zəif olduğundan sığorta şirkətləri də hər hansı ciddi təkliflə çıxış etmirlər. Mövcud vəziyyətlə əlaqədar olaraq aqrar sığorta sahəsində ciddi boşluq yaranıb.

Xatırladaq ki, Azərbaycanda 1967-ci ildən aqrar sahədə səğorta tətbiq edilir. Həmin tarixdə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin «Kolxozların əmlakının icbari sığortalanması haqqında» qərarı Azərbaycanda kənd təsərrüfatı sığortasının inkişafında müəyyən rol oynayıb. Belə ki, adıçəkilən qərara əsasən o vaxt kənd təsərrüfatı bitkilərinin sığortalanmasının yeni prinsipial şərtləri tətbiq olunmağa başlanmışdı.

Azərbaycan 1991-ci ildən başlayaraq yeni iqtisadi sistemə keçidi ilə əlaqədar olaraq təsərrüfat subyektlərinə və müəssisələrə daha geniş sərbəstlik verildi və bu özlüyündə könüllü sığortalanmanı zəruri etdi, həmçinin kolxoz və sovxozların icbari sığortalanması sistemi öz ömrünü başa vurdu. Hazırda qüvvədə olan “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Qanun aqrar sahədə sığortanın könüllülük əsasında tətbiqini nəzərdə tutur. “Aqrar sığorta haqqında” yeni Qanunda da könüllülük prinsipi əsas götürüləcək. Mövcud təcrübədə könüllülüyün aqrar sığortanı inkişaf etdirmədiyini göstərdi. Bəs, yeni qanunvericilikdə könüllülük prinsipinin tətbiqi aqrar sahədə sığortanın tətbiqini genişləndirəcəkmi?

Sığorta sahəsi üzrə ekspert Xəyal Məmmədxanlı deyir ki, mövcud qanun aqrar sığortanı stimullaşdıra bilmədi. Buna görə də yeni qanuna ehtiyac yarandı. Onun fikrincə, yeni qanunun da könüllülük əsasında tətbiqi müəyyən insanların bundan yayınmasına səbəb ola bilər. Amma o hesab edir ki, bəzi qanunların icbari qaydada tətbiqi əlverişli deyil: “Sahibkar da şüurlu varlıqdır, o da başa düşməlidir ki, məsələn, əkin apardığı sahədə yanğın olsa və ya sahələrə ziyanvericilər daraşsa, məhsulu məhv olacaq, sərmayəsi batacaq. Bizdə Türkiyə mövcud olan TASİM modelindən nümunə götürülüb. Türkiyədə də aqrar sığorta könüllülük prinsipi ilə həyata keçirilir”.

Ekspert söylədi ki, yeni modeldə aqrar sığortaya marağı artırmaq üçün dövlət kənd təsərrüfatı istehsalçısına dəstək verəcək: “Yeni qanunda sığorta haqqının bir hissəsini dövlət ödəyir. Dövlət bunu ona görə edir ki, fermer öz təsərrüfatını, əkin sahəsini, heyvanlarını sığortalasın. Hələlik aqrar sığortanın tətbiqi mexanizmi hazır deyil. Bilinmir ki, sığorta haqqları, sığorta məbləğləri, dövlətin və sahibkarın öhdəsinə düşəcəyi pay nə qədər olacaq. Bunun stimullaşdırma üçün kifayət edib-etməyəcəyini zaman göstərəcək. Önümüzdəki aylarda mexanizm, qaydalar tam hazır olduqdan sonra daha dəqiq rəy bildirmək mümkün olacaq”.

X.Məmmədxanlı düşünür ki, mexanizm hazırlanan zaman qabaqcıl beynəlxalq təcrübə öyrənilməlidir: “Dünyanın bir çox ölkələrində, o cümlədən Avstraliyada, Hollandiyada, Yeni Zellandiyada maraqlı bir mexanizmdən istifadə edilir. Həmin ölkələrdə fermerlər o halda güzəştli kredit ala bilir ki, onun sığortası olsun. Sığorta olmadıqda fermerə dövlət güzəştli kredit vermir, maliyyə vəsaitlərinə əlçatanlığı aşağı olur, kənd təsərrüfatı texnikası ilə təminatı çətinləşir. Bu mexanizm fermerləri stimullaşdırır ki, onlar hər zaman sığortalansınlar. Bizdə də bu kimi stimullaşdırıcı tədbirlər olsa sığortanın tətbiqi genişlənər. Azərbaycanda dövlət subsidiya verir. Elə bir mexanizm qurula bilər ki, daha çox subsidiyanı sığortası olan istehsalçı alsın”.

İstənilən halda ekspert yeni qanunun qəbulundan sonra aqrar sığortanın tətbiqinin genişlənəcəyini gözləyir: “Bizim apardığımız araşdırma göstərir ki, fermerlər, istehsalçılar öz təsərrüfatlarının qorunmasında maraqlıdır. Amma sığorta şirkətləri aqrar sahənin sığortalanmasına maraq göstərmir. Onların da haqlı səbəbləri var. Çünki aqrar sektor çox riksli sahədir. Tövlələr lazımı qaydada deyil, heyvanların saxlanma şəraiti yaxşı deyil. Ötən illərdə lizinq yolu ilə satılan mal-qaranın bir hissəsi məhv oldu. Bunun əsas səbəbi məhz düzgün qulluğun təşkil edilməməsi ilə bağlı idi. Eynilə əkin sahələri, burada məhsul istehsalı zamanı zəruri aqrotexniki qaydalara əməletmə səviyyəsi aşağıdır. Fermerlərə paylanan texnikaya qulluğun, istifadənin və texniki xidmətin yaxşı olmadığı müşahidə edilir. Ona görə də sığorta şirkətləri aqrar sahəni riskli hesab edib bu sahədə sığortalama aparmırlar.

Amma dövlət aqrar sahədə sığorta haqlarının bir hissəsini öz üzərinə götürəndən sonra və istehsal prosesinə nəzarət həyata keçirilərsə ümid etmək olar ki, yenu qanunun qəbulundan sonra aqrar sahədə sığortanın tətbiqi genişlənəcək”.

 

Vasif CƏFƏROV