Özəl şirkətlər istiqrazlardan uzaq qaçır

17 Oktyabr 2019 09:33 (UTC+04:00)

Azərbaycanda özəl şirkətlər borc vəsaitlərinə olan ehtiyacını ödəmək üçün daha çox kreditlərdən istifadə edir. Maliyyə bazarlarının digər alətlərindən, o cümlədən istiqraz buraxılmasından faydalanan şirkətlər olduqca azdır. Halbuki istiqraz buraxıb onu yerləşdirmək yolu ilə cəlb edilən borc kredit yolu ilə cəlb edilən borcdan daha ucuzdur. İstiqraz vasitəsilə maliyyə vəsaitinin cəlb edilməsi ucuz olmasına baxmayaraq bu təcrübə hələ də geniş yayılmayıb.

İstiqrazlar üzrə gəlirlər buraxılışın növündən asılı olaraq faiz (kupon), diskont (faizsiz) və qarışıq (həm faiz, həm də diskont) formada investorlara ödənilə bilər. Bir qayda olaraq qısa müddətli istiqrazlar əsasən diskontlu, orta və uzun müddətli istiqrazlar isə faizli buraxılır. Qanunvericiliyə əsasən istiqrazlar yalnız sənədsiz adlı formada buraxılır.

İstiqrazlar təminatlı və təminatsız ola bilər. Təmin edilmiş istiqrazlar – onlardan irəli gələn öhdəliklər girovla, qarantiya ilə, həmçinin dövlət və ya bələdiyyə zəmanəti ilə təmin olunan istiqrazlardır. İstiqraz biznesin inkişafı üçün böyük maliyyə vəsaiti cəlb etmək imkanı yaradır. Bu yolla cəlb edilən vəsaitin daha çox hissəsi dövriyyədə qalır. Bundan başqa, istiqraz üzrə faizlər ödənilməklə müəyyən müddətdən sonra yenidən istiqraz buraxıla bilər.

Hazırda bank olmayan kredit təşkilatlarının demək olar ki, böyük əksəriyyəti istiqraz emissiyasından vəsaitləri cəlb edə bilirlər. Bu ondan irəli gəlir ki, banklar depozit götürə bilirlər, kredit təşkilatları depozit götürə bilmədikləri üçün digər alətlərdən istifadə etməlidirlər və ən optimal, rahat alət istiqrazlardır.

Ümumiyyətlə dünyada hansısa təşkilatın istiqraz emissiya etməsinə məhdudiyyət yoxdur. Bizim qanunvericiliyin yeganə məhdudiyyəti ondan ibarətdir ki, istənilən təşkilat öz kapitalının iki misli həcminə qədər emissiya edib kütləvi təklif edə bilər.

Əlverişli olmasına baxmayaraq özəl sektor istiqraz buraxılmasında niyə maraqlı deyil və məsələ necə həllini tapmalıdır? İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Ruslan Atakişiyev deyir ki, beynəlxlaq təcrübədə istiqrazların, səhmlərin buraxılması ilə maliyyə vəsaitlərinin cəlb edilməsi ənənəsi geniş yayılıb. O qeyd etdi ki, Azərbaycanda iqtiqrazı bütün şirkətlər buraxa bilər, amma səhmləri yalnız açıq tipli cəmiyyətlər buraxmaq hüququna malikdir. Qanunvericiliyə görə açıq tipli səhmdar cəmiyyət olmayan şirkətlər səhm buraxa bilməz.

R.Atakişiyev bildirdi ki, iqtiqrazların buraxılması yolu ilə vəsait cəlbi kredit alınmasına nisbətən 2-3 faiz bəndi, bəzən daha çox ucuz başa gəlir. Lakin buna baxmayaraq özəl şirkətlərinin bu maliyyə alətlərinə marağının az olmasını ekspert həmin şirkətlərin idarəetmə sistemi ilə əlaqələndirdi: “Müəyyən çatışmazlıqlar var ki, həmin çatışmazlıqlar şirkətlərin iqtiqraz buraxılışını qeyri-mümkün edir. İlk növbədə istiqraz buraxan müəssisələrdə proqnozlaşdırıla bilən dayanıqlı maliyyə vəziyyəti olmalıdır. Hər bir şirkətin istiqraz buraxması o demək deyil ki, onu hamı alacaq, həmin istiqrazlar satılacaq. O şirkətin istiqrazını alırlar ki, həmin şirkət dayanıqlı inkişaf edir, yaxşı idarəçilik var, maliyyə vəziyyəti stabildir, istiqrazı geri qaytaranda pulu almaq mümkün olacaq. Şirkətlərdə korporativ idarəetmə sisteminin olmaması, mühasibat uçotunun dəqiq aparılmaması, burada şəffaflığın təmin edilməməsi, maliyyə hesabatlarının davamlı və aydın şəkildə açıqlanmaması şirkətlərin bu yolla borclanmasını çətinləşdirir”.

R.Atakişiyev söylədi ki, iqtiqrazları daha çox iri şirkətlər buraxa bilir. Xırda şirkətlər isə istiqraz buraxsa da onlara bazarda inam, etibar zəif olduğundan iqtiqrazların alınması ehtimalı aşağı olur. Onun fikrincə indiki dövrdə şirkətlər vəsait cəlb etmək üçün başqa bazar əlatlərindən istifadə edə bilər: “O cümlədən kommandit ortaqlığı müqaviləsi formasından istifadə etmək olar. Kommandit ortaqlığı müqaviləsi ortaqlığı o deməkdir ki, hər hansı bir şirkət müvəqqəti özünə ortaq cəlb edir. Ortaqlıq müddəti bir və ya iki-üç il ola bilər. Müvəqqəti ortaqdan gəlirdən pay bölgüsü əsasında maliyyə cəlb edilir. Bundan başqa françayzinq yolu ilə, alınan borcların rəsmiləşdirilməsi yolu ilə, nizamnamə kapitalına qoyuluşları artırmaq yolu ilə maliyyə vəsaitinin cəlb edilməsi təcrübəsi var. İslam maliyyə ələtləri vasitəsilə də vəsait cəlb edilə bilər. Çoxlu sayda maliyyə alətləri var ki, onların vasitəsilə maliyyə vəsaitini cəlb etmək olar”.

Bütün maliyyə alətlərinin inkişafının əsasında şəffaflığın dayandığını deyən ekspert vurğuladı ki, müəssisənin fəaliyyəti şaffaf deyilsə o, bu alətlərdən istifadə edə bilməz: “Ona görə də özəl şirkətlər banka üz tutub kredit götürmək istəyirlər. Banklar kredit verən zaman şəffaflıq məsələsinə xüsusi diqqət ayırmır, vəsaitin xərclənməsinə da banklar tərəfindən nəzarət həyata keçirilmir. Digər maliyyə alətlərindən istifadə edərək vəsait cəlb edəndə isə əldə edilən vəsaitin xərclənməsi məsələsində şəffalığa önəm verilir. Buna edə bilməyən şirkətlərin istiqrazı alınmır”.

 

Vasif CƏFƏROV