Türk dövlətlərin dünya siyasətinə təsiri artır

18 Oktyabr 2019 09:11 (UTC+04:00)

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən son toplantısı göstərdi ki, həmin quruma daxil eyni kökdən olan ölkələr arasında siyasi inteqrasiya və əməkdaşlıq yeni bir mərhələyə qədəm qoyur. Ekspertlərə görə, bu yeni mərhələdə türkdilli dövlətlər arasında inteqrasiyanın daha da intensivləşəcəyinin şahidi ola bilərik. Özbəkistanın ora üzv olması, Macarıstanın müşahidəçi statusunda prosesdə iştirakı, hətta Cənubi Koreyanın prosesdə maraqlı olması məhz Türk Şurasının nüfuzunun artmasının göstəricisidir.

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi sədrinin müavini Nazim Cəfərsoy da qeyd etdi ki, hazırkı şəraitdə türkdilli dövlətlər arasında əməkdaşlıq daha da genişlənir: “Hazırda türkdilli dövlətlər arasında əməkdaşlıqda artım tempi müşahidə edilir. Siyasi inteqrasiya isə çox ağır və komplekt bir məsələdir. Burada söhbər Türk Şurasının imkanlarının həm coğrafi mənada genişlənməsindən, həm geosiyasi kontekstdə güclənməsindən gedir. Bu kontekstdən məsələyə baxanda Özbəkistan kimi önəmli bir ölkənin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qoşulması olduqca mühüm hadisədir. Çünki Özbəkistan türk coğrafiyasının mərkəzində ən əhəmiyyətli aktyorlardan biridir. Həm tarixi perspektiv, onun həlli və texniki imkanlar, həm də mədəni perspektivi baxımından Özbəkistanın sözügedən coğrafiyanın əhəmiyyətli ölkələrindən biri kimi Türk Şurasına üzv olması ilə qurumun imkanları artır”.

Həmsöhbətimiz bildirdi ki, türkdilli dövlətlərin inteqrasiyasının güclənməsilə burada olan ölkələrin regional və qlobal müstəvidə imkanları da genişlənir:

“Yəni bu fonda Türk Şurasının həm regional, həm də qlobal aləmdə imkanları artır. Digər tərəfdən, Macarıstanın türkdilli ölkələrin inteqrasiyasında iştirakı, Türk Şurasında müşahidəçi statusu alması da qurumun nüfuzunun artmasında əhəmiyyətli rol oynaya bilər. Bundan əvvəl də Macarıstanda Türk Şurasının Koordinasiya Mərkəzi qurulmuşdu. Nəticədə Bakı sammiti fonunda türkdilli dövlətlərin inteqrasiyası yolunda çox maraqlı bir tendensiya yaranıb. Türk Şurasına Özbəkistanın timsalında şərqdən bir üzv qəbul edildi, eyni zamanda, Qərbdən Macarıstan olmaqla müşahidəçi ölkə qəbul edildi.

Bu isə Türk Şurasının həm şərqə, həm də qərbə yönəlik imkan və nüfuzunun artmasına dəlalət edir. Bunu həm regional anlamda, həm də tək-tək ölkələr üçün ciddi əhəmiyyətli tərəfləri var. Düzdür, türkdilli dövlətlər arasında siyasi inteqrasiya hələlik istənilən, arzuedilən səviyyəyə çatmayıb. Ancaq Türk Şurasına yeni üzvlərin qəbulu həm türk dünyasında coğrafi bütövlüyün təmini mənasında, həm də türk dünyasının imkanlarının güclənməsi baxımından olduqca vacib amildir”.

N. Cəfərsoyun fikrincə, sözügedən inteqrasiya prosesi türk dövlətlərinin hər biri üçün qlobal siyasətdə geniş manevr imkanları və yeni əməkdaşlıq perspektivləri açır: “Bu amil təklikdə türk dövlətlərin hər birinə qlobal siyasətdə, xüsusən də Avrasiya məkanında daha geniş manevr etmək imkanları yaradır, həm də yeni-yeni əməkdaşlıq perspektivləri açır. Çünki Türk Şurası kontekstində əməkdaşlıq eyni zamanda qlobal perspektivə malikdir. Türkdilli dövlətlər arasında inteqrasiya prosesi Çindən Londona qədər yeni ipək yolu kimi xarakterizə ediləcək qlobal prosesin cərəyan etdiyi yolun üzərində olması etibarı ilə də çox əhəmiyyətlidir. Bu baxımdan türkdilli dövlətlərin inteqrasiyası prosesinin güclənməsi həm oradakı dövlətlərin beynəlxalq münasibətlərdə manevr etmək imkanlarını artırır, həm Türk Şurasının regional müstəvidə potensialının artırılmasına xidmət edir, həm də qlobal mənada  güc tarazlığında müəyyən mövqe tutmasına köməklik göstərir”.

R. SOLTANOV