LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”

19 Oktyabr 2019 07:30 (UTC+04:00)

Davamlı inkişafın barometri sayılan büdcənin real göstəriciləri və artım səviyyəsi istənilən dövlətdə təkcə vətəndaşların yaşayış səviyyəsini deyil, ümumən hökumətin fəaliyyətinin səmərəliliyini, faydalı iş əmsalını dəyərləndirməyə imkan verir. Müstəqil Azərbaycanın mühüm makroiqtisadi göstəricilərə imza atması, ilk növbədə, onun dövlət büdcəsində real əksini tapır.

Sosial məsuliyyət prinsipini rəhbər tutan ölkə iqtidarı dövlət büdcəsinin mədaxil və məxaric hissəsini vətəndaşların mənafeyi baxımından qurmağa və yüksək sosial rifaha nail olmağa çalışır. Bu baxımdan 2020-ci ilin hökumətin müzakirəsinə çıxarılmış büdcə layihəsi ölkənin makroiqtisadi siyasətinin əsas hədəflərini özündə ehtiva edir. Büdcə zərfində qeyri-neft gəlirlərinin qeyri-neft ümumi daxili məhsulda və büdcə gəlirlərində xüsusi çəkisinin artırılması; Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin tədricən azaldılması; dövlət büdcəsinə hesablanmış vergilərin və sair daxilolmaların yığım faizinin artırılması; hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə yığım faizinin artırılması istiqamətində işlərin davam etdirilməsi, ölkənin şəhər və rayonları üzrə yerli gəlir və xərclərin tarazlaşdırılması üçün həmin ərazilərdə faktiki fəaliyyət göstərən ödəyicilərin vergiləri hesabına maliyyə yardımının (dotasiyanın) azaldılması istiqamətində işlərin davam etdirilməsi kimi məsələlər əksini tapıb.

2020-ci ilin büdcəsində neftin baza qiymətinin 55 dollardan götürülməsi və qeyri-neft gəlirlərinin neft transfertlərini üstələməsi nəzərdə tutulur. Büdcədə qeyri-neft gəlirlərinin payındakı artım Dövlət Neft Fondundan artan transfertlərdən 2,5 dəfə çoxdur. Ümumilikdə, gələn ilin büdcə gəlirlərinin tərkibində qeyri-neft gəlirləri 10 milyard 536,5 milyon manat olmaqla, 43 faiz təşkil edəcək.

Gələn ilin dövlət büdcəsinin gəlirləri 24484,0 mln. manat məbləğində proqnozlaşdırılır və bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1316,0 mln. manat və ya 5,7 faiz çoxdur. Dövlət büdcəsinin xərcləri isə 25 mlrd. 617 mln.manat təşkil edəcək və bu da 2019-cu illə müqayisədə 427,7 mln. manat çoxdur.

Büdcə gəlirlərinin tərkibinə qeyri-neft gəlirləri (10536,5 mln. manat) 43 faiz, neft gəlirləri (13847,5 mln. manat, o cümlədən, Dövlət Neft Fondundan transfert 11767,5 mln. manat) 57 faiz təşkil edəcək. 2020-ci il üzrə dövlət büdcəsinin tərkibində gözlənilən qeyri-neft gəlirləri cari ilə nisbətən 1068,8 mln. manat və ya 11,3 faiz çoxdur. 2020-ci il dövlət büdcəsinin kəsirinin 1133,7 mln.manat olması planlaşdırılır ki, bu da carı ilin göstəricisindən 888,3 mln. manat və ya 43,9 faiz azdır.

Ənənəvi olaraq kəsirin maliyyələşdirilməsi xaricdən cəlb edilən kreditlər, daxili borclanma, o cümlədən, qiymətli kağızların buraxılışı, özəlləşdirmədən daxilolmalar və vahid xəzinə hesabının qalığı hesabına aparılacaqdır. Təqdirəlayiq haldır ki, ölkəmiz xarici dövlət borclarının ÜDM-in tərkibində tutduğu xüsusi çəkisinin az olması baxımından dünya ölkələri içərisində ilk onluqda qərarlaşıb.

Müsbət tendensiyalardan biri də dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektorunun payının ilbəil artmasıdır. Hökumət son illərdə ümumi daxili məhsulun artımı, qeyri-neft sektorunun inkişafı və biznes mühitinin liberallaşdırılması sahəsində mühüm irəliləyişlərə nail olub. Rəqabətədavamlı istehsal və emal müəssisələrinin

fəaliyyətinə geniş imkanların yaradılması yolu ilə yerli istehsalın stimullaşdırılması, habelə sənaye potensialının möhkəmləndirilməsi tədbirləri inkişafın təmayülünü qeyri-neft sektorunun xeyrinə dəyişib. Nəticədə qeyri-neft sektorunun artım dinamikası neft-qaz sənayesini əhəmiyyətli dərəcədə üstələyib.

Son illər respublikada sosial yönümlü siyasətin bütün mahiyyəti üzrə gerçəkləşdirilməsinə imkan verən, bu sahədəki ənənəvi yanaşma və metodları daha da təkmilləşdirən mükəmməl qanunvericilik sisteminin yaradılması, mühüm fərman və sərəncamların imzalanması, habelə bu sahədə mövcud beynəlxalq konvensiyaların ratifikasiyası da mühüm əhəmiyyətə malikdir.

2020-ci ildə sosialyönümlü xərclər dövlət büdcəsinin 40,7 fazini təşkil edəcək və bu da 2019-cu ilin analoji göstəricisindən 2662,2 mln. manat, yaxud 9 faiz çoxdur. Əməkhaqlarının ödənilməsi 6723,4 mln. manat, pensiya və sosial müavinətlərin ödənilməsinə 3213,4 mln. manat, icbari tibbi sığortanın tətbiqinə 902,9 mln. manat xərclənəcək.

Yürüdülən uğurlu iqtisadi siyasət - çevik və şəffaf vergi-gömrük islahatları nəticəsində ölkəmizin maliyyə imkanlarının daha da artması ilə paralel dövlətimizin uğurlu sosial islahatlar paketinin reallaşdırılması da təmin edilir. Təkcə onu demək lazımdır ki, bu prosesini əyani təzahürü olaraq icbari tibbi sığorta sisteminin tətbiqi təmin edilib, bu sistemin 2020-ci ildən bütün ölkədə tətbiqi nəzərdə tutulub. Bundan əlavə, İşsizlikdən Sığorta Fondunun yaradılması, məşğulluq strategiyasının qəbulu, ünvanlı sosial yardımın əhatə dairəsinin genişləndirilməsi, özünüməşğulluq proqramlarının təmin edilməsi sosial islahatların mühüm tərkib hissəsidir.

2019-cu ilin müvafiq dövründə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı şəhid olmuş insanların ailələrinə 11 min manat məbləğində birdəfəlik ödəniş edilib, minimum əməkhaqqı, sosial müavinət, pensiya və tələbə təqaüdləri artırılıb, zəlzələdən ciddi zərər çəkmiş vətəndaşlar üçün evlərin inşasına başlanılıb, devalvasiya nəticəsində banklara borcu yaranmış vətəndaşların borcları müəyyən şərtlər civarında kompensasiya edilib, yanğından zərər çəkmiş sahibkarlara kompensiya ödənilib, mavi yanacağa görə nəzərdə tutulmuş limit artırılıb. Bu və digər sosialyönümlü addımlar, şübhəsiz, vətəndaşlar tərəfindən də rəğbətlə qarşılanır.

Bəzi statistik göstəricilər fonunda Azərbaycanda sosial sahədə həyata keçirilən islahatların real miqyasını təsəvvür etmək çətin deyil. Şəhid ailələrinə birdəfəlik müavinətlərin verilməsi, onların aylıq müavinətin 242 manatdan 300 manata, Əfqanıstan veteranlarının müavinətinin 220 manatdan 300 manata yüksəldilməsi, məcburi köçkünlərə verilən aylıq müavinətlərin 50 faiz qaldırılması, minimum əməkhaqqının 40 faiz artırılaraq 130 manatdan 180 manata çatdırılması, minimum pensiyaların 40 faiz artırılaraq 116 manatdan 160 manata qədər qaldırılması, 100 minə yaxın tələbənin təqaüdünün yüksəldilməsi əhali tərəfindən də yüksək dəyərləndirilir.

2019-cu il aprelin 1-də imzalanmış "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncam əsasında 14 kateqoriya üzrə sosial müavinətlər, 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artırılıb. 576,8 min nəfəri əhatə edən sərəncamın icrası üçün cari ilin 9 ayında 302 milyon manat, illik 400 milyon manat əlavə vəsait ayrılıb.

Dövlət başçısının 2019-cu il iyunun 18-də imzaladığı sərəncamlar sosialyönümlü islahatların davamlı səciyyə daşıdığını bir daha təsdiqləyib. Bu

baxımdan minimum əməkhaqqının məbləğinin il ərzində ikinci dəfə 40 faizə yaxın artırılaraq 250 manata çatdırılması xüsusi vurğulanmalıdır. Minimum əməkhaqqının artımı 950 minədək vətəndaşı əhatə edib və onlardan 600 min nəfəri dövlət sektorunda, 350 min nəfəri özəl sektorda işləyənlərdir. Bu islahatın reallaşdırılması üçün üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu ilin sentyabr-dekabr ayları üzrə 245 milyon manat əlavə vəsait ayrılması nəzərdə tutulub. Minimum əməkhaqqının məbləğinin 250 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşları üzrə orta əməkhaqqının da orta hesabla 40 faiz artmaqla 265 manatdan 367 manata çatmasına imkan verir.

Ümumilikdə, yeni sərəncamlar 1 milyon 350 minədək vətəndaşın əməkhaqqında ciddi artımlara səbəb olub. Ölkədə minimum əməkhaqqının məbləği yaşayış minimumunu (180 manat) 40 faizədək üstələyib. Bundan əlavə, dövlət başçısının təşəbbüsü ilə pensiyaların minimum məbləğinin oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılıb, 2020-ci ilin yanvarında isə daha 15 faiz artırılması nəzərdə tutulur.

Müasir dövrdə hər bir dövlətin davamlı və sabit inkişafının ən mühüm göstəricilərindən biri də onun büdcəsidir. Bu baxımdan əminliklə demək olar ki, 2020-ci ildə hökumət uğurlu fəaliyyətini davam etdirəcək, qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyəcək.

Samir Mustafayev