Nazir: Məqsədimiz daxili bazarda elektron ticarətin payını artırmaqdır

21 Oktyabr 2019 12:20 (UTC+04:00)

Azərbaycanda elektron ticarətin ümumi ticarətdə payı 14 faiz təşkil edir.

Mövqe.az-ın məlumatına görə, bunu 2-ci Bakı Elektron Ticarət Forumunda (BEF-2019) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə deyib.

Nazir bildirib ki, yaxın illərdə dünyada elektron ticarət sürətlə inkişaf edəcək:

“Ölkəmiz də istisna deyil. Azərbaycanda elektron ticarətin inkişafı üçün zəruri şərait mövcuddur. Texnoloji innovasiyalar elektron ticarətdə yeni imkanlar açır”.

R.Quluzadənin sözlərinə görə, hazırda Azərbaycanda internet istifadəçiləri arasında xarici elektron ticarət platformaları daha populyardır:

“Məqsədimiz daxili bazarda elektron ticarətin payını artırmaq, eyni zamanda milli məhsullarımızı xarici bazarlara çıxarmaqla elektron ticarəti təşviq etməkdir”.