Sağlam uşaq dünyaya gətirmək istəyirsinizsə... - Ginekoloqun vacib tövsiyələri

22 Oktyabr 2019 19:43 (UTC+04:00)

Milli.Az saglamolun.az-a istinadən mama-ginekoloq Pərvin Mikayılzadənin yazısını təqdim edir.

Körpənin doğulmasına dair keçirilən hazırlıq mərhələsi çox məsuliyyətli bir işdir.

Gələcəkdə hamiləlik dövründə, doğuşda və körpənin sağlamlığında heç bir problemin yaranmaması naminə əvvəldən hamiləliyə hazırlıq vacibdir.

Hamiləlikdən öncə həyat yoldaşınızla birgə ginekoloqa müraciət edin. Hamiləliyə hazırlıq proqramının hələ hamiləliyin planlaşdırılmasından 3 ay öncədən keçirilməsi məsləhət görülür. Belə olan halda müayinə zamanı aşkarlana bilən əksər problemlər bu dövr ərzində öz həllini tapa bilər.

Ginekoloji müayinə zamanı cinsi yolla keçən xəstəliklər və PAP yaxma da daxil olmaqla, kompleks bir müayinə bu vaxta qədər bilmədiyiniz bəzi problemlərin ortaya çıxmasını təmin edə bilər.

Bütün peyvəndləri etdirməyinizdən əmin olun.  Bəzi uşaq infeksiyalarını keçirməyə bilərsiniz. Bunlara qarşı peyvənd etdirməyiniz vacib ola bilər. Bəzi vaksinlərin vurulması belə anlarda heç də təhlükəli hesab olunmur. Lakin məxmərək kimi peyvəndin hələ hamiləliyin planlaşdırıldığı andan 3 ay öncə edilməsi zəruri hesab olunur.

Bəzi infeksiya və viruslar (sitomeqalovirus, toksoplazmoz, herpes, məxmərək, ureoplazma, mikoplazma) uzun illər orqanizmdə qalaraq heç bir əlamətlə ifadə edilməməklə həyatın sonuna qədər aşkar edilməyə bilər.

Bu infeksiyalara hamiləlik zamanı yoluxma ana və döl üçün təhlükə yarada bilər.  İnfeksiyaların qanda aşkar edilməsinin ən dəqiq metodu PZR (polimer zəncirvari reaksiya) ilə aparılan DNT-nin müəyyən edilməsi metodudur.

Həm qadın, həm də kişinin sağlamlığını dəyərləndirmək üçün müayinə və analizlərin siyahısı:

- Terapevt konsultasiyası, sidiyin və qanın ümumi analizinin verilməsi.

- Endokrinoloqun konsultasiyası və qalxanvari vəzin ultrasəs müayinəsi (USM).

- Kiçik canaq orqanlarının USM və ginekoloqun konsultasiyası. Kişi üçün, uroloqun və ya androloqun konsultasiyası.

- Cinsi yolla yoluxan infeksiyaların laborator müayinəsi.

- TORCH (cinsi yolla keçən) infeksiyaların müayinəsi.

- Qanda hormonların təyini.

- Spermoqramma.

- Kişi və qadının tibbi-genetik müayinəsi.

Kiçik çanaq orqanlarının ultrasəs müayinəsi follikulun yetişməsinin dərəcəsini qiymətləndirməyə, endometriyanın qalınlığını və mayalanma üçün əlverişli dövrü müəyyən etməyə kömək edəcək.

Uşağın cinsinin planlaşdırmasının real üsulu X və Y spermatozoidlərinin bir-birindən fərqlənən xüsusiyyətlərinə əsaslanır. Belə hesab olunur ki, X-spermatozoidlər bir qədər ləng olsalar da həyat qabiliyyətinə və davamlılığına görə Y-spermatozoidlərdən daha güclüdürlər.

Əgər ana və ata tərəfindən ovulyasiya günü düzgün müəyyən edilərsə, bu zaman oğlan və ya qiz uşağının doğulacağı daha çox ehtimalla planlamaq olar.  Dölün cinsinin planlaşdırılması zamanı bu üsuldan istifadə edərkən ovulyasiya gününü ultrasəslə dəqiq izləmək lazımdır.

Son zamanlarda yeni doğulmuşlarda anadangəlmə xəstəliklər və qüsurların artmasını nəzərə alaraq tərəflərdən birində irsi xəstəliklərin olması və ya ailədə doğulmuş uşaqlardan heç olmasa birində anadangəlmə qüsurun olması faktı varsa, bu zaman mütləq həkim-genetikin baxış məsləhəti vacib sayılır. 30-35 yaşından sonra hamilə olan qadınlara da həkim-genetikin baxışı məsləhətdir.

Hamiləliyə hazırlıq xanımın həyatında ən həyacanlı məqamlarından biridir. Yeni bir insana həyat vermək xoşbəxtlik və ən əsası məsuliyyətdir.

Hamiləliyə hazırlıq, onun planlaşdırması sizi bir çox problemlərdən sığortalaya bilər.