LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”

26 Oktyabr 2019 07:30 (UTC+04:00)

Regionların sosial-iqtisadi inkişafına xidmət edən dövlət proqramlarının ən uğurlu nəticələrindən biri də ölkədə daha əlverişli biznes və investisiya mühitinin formalaşması, iş adamlarının fəaliyyət imkanlarının genişlənməsi, bölgələrin istehsal potensialının səmərəli realizə edilməsidir. Həyata keçirilmiş tədbilərin mahiyyəti və konseptual məzmunu iqtisadiyyatın liberallaşdırılması və sərbəst bazar prinsiplərinin dərinləşdirilməsindən ibarət olub, nəticədə milli sahibkarların ümumi daxili məhsuldakı xüsusi çəkisi 84 faizə çatıb.

Sahibkarlığın İnkişafı Fondunun fəaliyyətinin Azərbaycan iqtisadiyyatının inkişafının prioritetləri və mərhələlər üzrə həlli tələb olunan vəzifələrlə uzlaşdırılması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və bu fəaliyyətin genişləndirilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə 2002-ci, 2004-cü, 2005-ci, 2006-cı, 2008-ci və 2010-cu il tarixli fərmanları ilə Fondun statusu və vəsaitlərinin istifadə edilməsi qaydaları təkmilləşdirilib, güzəştli kredit vəsaitlərinin daha məqsədəuyğun yerləşdirilməsinə və sahibkarlıq subyektlərinin bu kreditlərdən səmərəli istifadə etməsinə əlverişli şərait yaradılıb.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş hədəfləri nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” 28 dekabr 2017-ci il tarixli fərman imzalayıb. Həmin fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb.

Bu qurumun yaradılması ilə bağlı təkliflər hazırlanarkən sahibkarlığın inkişafı və tənzimlənməsi sahəsində beynəlxalq təcrübədə tətbiq olunan mütərəqqi idarəçilik təcrübəsi araşdırılıb. Belə ki, bir sıra inkişaf etmiş ölkələrdə sahibkarlığın, xüsusilə KOS-ların inkişafı məqsədilə investisiyaların, müasir texnologiyaların, qabaqcıl idarəetmə təcrübəsinin və dövlət tənzimləmə mexanizmlərinin tətbiqinə, yüksək keyfiyyətli, rəqabət qabiliyyətli və ixracyönümlü məhsulların istehsalının stimullaşdırılmasına, sahibkarlıq subyektlərinə informasiya, hüquqi və iqtisadi məsləhət xidmətlərinin göstərilməsi və onların dövlət təşkilatları, yerli və xarici tərəfdaşlarla səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasına yardım göstərən müvafiq təsisatlar fəaliyyət göstərir.

Azərbaycanda özəl bölmənin inkişafında xüsusi rolu olacaq Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılması dövlət başçısının özəl sektorun, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına verdiyi böyük önəmin, göstərdiyi davamlı diqqət və qayğının növbəti təzahürü olub. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi qarşısında qoyulan əsas vəzifə ölkədə KOS-ların iqtisadiyyatda rolunun və əhəmiyyətinin, rəqabət qabiliyyətliliyinin artırılması, inkişafının dəstəklənməsi, KOS-lara xidmətlərin göstərilməsi, dövlət orqanları və təşkilatlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsi, KOS sferasında dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması, dövlət dəstəyi sahəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiq edilməsidir. Dövlət başçının müəyyənləşdirdiyi vəzifələrə uyğun

olaraq, Agentlik KOS-lara dəstək infrastrukturunun inkişafına köməklik göstərməli, KOS-ların dəstəklənməsi məqsədilə yerli, xarici və beynəlxalq təşkilatların maliyyə vəsaitlərinin cəlb edilməsi, məqsədli proqramların hazırlanmasını və icrasının təşkilini təmin etməlidir.

Agentliyin daha bir fəaliyyət istiqaməti KOS-lara təlim-tədris, məsləhət, innovasiya, hüquq, maliyyə xidmətlərinə, həmçinin kadr və informasiya-kommunikasiya resurslarına çıxış, marketinq və satışa dəstək, layihələrin idarə olunması, korporativ idarəetmə və s. digər bu kimi beynəlxalq təcrübədə tətbiq edilən kommunikativ mexanizmlərin, eləcə də dövlət orqanları və təşkilatları tərəfindən göstərilən xidmətlərin vahid məkanda - KOS evlərində təşkili, sahibkarlara göstərilən dövlət xidmətlərinin elektronlaşdırılmasıdır. Bütün bu kommunikasiya və xidmətlər sahibkar məmnunluğunu təmin etməklə operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə uyğun həyata keçiriləcək.

Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi dövlət satınalmalarında KOS-ların iştirakının genişləndirilməsinə istiqamətlənmiş tədbirlər, kiçik və orta sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi, müvafiq xarici və yerli təşkilatların KOS-ların dəstəklənməsinə cəlb edilməsi və sahəvi normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər hazırlayır. Qabaqcıl ölkələrin təcrübəsi göstərir ki, kiçik və orta sahibkarlara göstərilən xidmətlərin vahid məkanda “bir pəncərə” prinsipi üzrə təşkili müsbət nəticələr verməklə, həmin xidmətlərin keyfiyyətinin və əlçatanlığının təmin edilməsində mühüm əhəmiyyət kəsb edir.

Agentlik tərəfindən KOS-lar üçün digər xidmətlərin, xüsusilə bazar araşdırmaların aparılması, elmi-tədqiqat və təhsil müəssisələri ilə əlaqələrin qurulması və qabaqcıl elmi-texnoloji yeniliklərin tətbiqi, sahibkarların istehsal etdikləri məhsulların satışına dəstək göstərilməsi, biznes inkubatorların fəaliyyətinin təşkili, sahibkarların müraciətlərinə baxılması və s. xidmətlərin “KOS evləri” vasitəsilə həyata keçirilməsi sahibkarlar üçün faydalı olmaqla yanaşı, onların səmərəli fəaliyyətinin təşkilində əhəmiyyətli rol oynayır.

KOS subyektlərinin hüquqi və biznes biliklərinə, mütəxəssis bankına və müxtəlif xarakterli məlumat mənbələrinə çıxış imkanlarının artırılması, dövlət xidmətlərindən bir məkanda istifadə imkanlarının yaradılması, biznes və tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi məqsədilə vahid məlumat portalı yaradılıb.

Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin fəaliyyətinin təmin olunması üçün təşkilati tədbirlər həyata keçirilib və sahəvi normativ hüquqi bazanın formalaşdırılması istiqamətində işlər aparılıb. Azərbaycan Respublikası Prezidentinin "Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında" Fərmanına əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu "Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi" yaradılıb.

Fərmanla mərkəzi və yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlərin və verdikləri hüquqmüəyyənedici sənədlərin vahid "G2B" (dövlət-biznes) elektron reyestrinin yaradılması nəzərdə tutulub. Fərmanla müəyyən edilib ki, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən, mikro, kiçik və orta sahibkarlığın tənzimlənməsində, həmin sahibkarlıq subyektlərinin maraqlarının

qorunmasında və problemlərinin həllində iştirak edən, onlara bir sıra xidmətlər göstərən, dövlət qurumlarının və özəl qurumların bu sahədə xidmətlərini əlaqələndirən və səlahiyyətli qurum kimi çıxış edən publik hüquqi şəxsdir; Agentliyin nizamnamə fondu 5 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır; Fərmanda nəzərdə tutulan reyestrin operatoru funksiyalarını Agentlik həyata keçirir; Agentlik öz fəaliyyətində sahibkar məmnunluğu, operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərini rəhbər tutur; Agentliyin Aparatının işçilərinin say həddi 240 ştat vahididir.

Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanla verdiyi tapşırıqların icrası olaraq, Agentliyin və onun tərkibində KOS evlərinin fəaliyyətə başlaması bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılmasına, institusional dəstək mexanizmlərinin daha da təkmilləşdirilməsinə, KOS-lar üçün zəruri bütün xidmətlərə vahid məkanda rahat çıxışın təmin edilməsinə şərait yaradıb.

Samir Mustafayev