Azərbaycan kosmik dövlət statusunu genişləndirir

31 Oktyabr 2019 08:04 (UTC+04:00)

Azərbaycanda kosmik sənayenin inkişafı dinamik xarakter alıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və müasir Azərbaycan tarixinin önəmli layihələrindən biri olan “Azerspace-1” peykinin 2013-cü ildə orbitə çıxarılması ilə ölkəmiz azsaylı dövlətlərin təmsil olunduğu “kosmik klub”a üzv oldu. Əslində isə Azərbaycanda bir çox digər sahələrdə olduğu kimi, kosmik sənayenin əsasları da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərin təşəbbüsü ilə 1974-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində “Kosmik cihazqayırma konstruktor bürosu” yaradılıb və burada kosmik tədqiqatların aparılmasına başlanılıb.  
Əsrimizin əvvəlindən Azərbaycana rəhbərlik edən İlham Əliyev fəaliyyətinin ilk günündən etibarən bütün digər sahələrdə olduğu kimi, kosmik sənayenin inkişafını da diqqət mərkəzində saxladı. Ölkə rəhbərinin 2009-cu ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” ilə Azərbaycanda müasir kosmik layihələrin həyata keçirilməsinə start verildi. Bununla da xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırıldı və “Azerspace-1” ölkəmizin informasiya təhlükəsizliyinin vacib komponentinə çevrildi.  
“Azərkosmos” ASC-nin fəaliyyətə başladığı dövrdən etibarən ися qurum Azərbaycanda kosmik sahədə kadr potensialının yaradılmasına xüsusi dəstək verib. Şirkətdə toplanan təcrübənin tələbələrə ötürülməsi və yerli mütəxəssislərin hazırlanması istiqamətində mühüm tədbirlər görülüb. “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində texniki ixtisaslara üstünlüyün verilməsi “Azərkosmos”un azərbaycanlı gənclərdən ibarət texniki heyətinin formalaşması zamanı seçim imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.
Bu gün Azərbaycan peykləri tam şəkildə yerli mütəxəssislər tərəfindən idarə olunur. Bu isə böyük potensialın yarandığını təsdiqləyir.

Prezident İlham Əliyev oktyabrın 29-da “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyevi ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması ilə əlaqədar qəbul edib. Етiraf etmək lazımdır ki, mötəbərliyi ilə seçilən belə bir müasir texnologiyalar sahəsi üzrə dünya tədqiqatçılarının elmi müzakirələr və inkişaf perspektivlərini müəyyənləşdirmək üçün Bakını seçməsi xırda məsələ deyil və həm də təsadüfi deyil. Bu uğur barədə danışan dövlət başçısı deyib: “Bu qələbə bir daha ona görə önəmlidir ki, bizim çox güclü rəqiblərimiz var idi. Dörd şəhər Konqresin keçirilməsi üçün səy göstərirdi. Bakı ilə yanaşı, Sinqapur, Rio-de-Janeyro və Dehli şəhərləri. Yəni, həm təcrübə, həm də əhali baxımından Hindistanla Braziliya Azərbaycanla müqayisəedilməz səviyyədədir. Ancaq bu mübarizədə qələbə əldə etməyimiz əlbəttə ki, bizim nüfuzumuzdan xəbər verir. Beynəlxalq astronavtika aləmi bu dörd şəhərdən məhz Bakını seçib. Bizə inanırlar, bizim siyasətimizə böyük dəstək göstərilir, Azərbaycanda gedən proseslərə dünya miqyasında böyük rəğbət var. Təkcə bu ayın ərzində həm Türk Şurasına, eyni zamanda, dünyanın BMT-dən sonra ən böyük təşkilatına – Qoşulmama Hərəkatına sədrliyimiz bunun əyani sübutudur. Azərbaycanla birlikdə 120 ölkə yekdil qərarla Azərbaycanı Qoşulmama Hərəkatına sədr seçibdir və bu, doğrudan da böyük tarixi nailiyyətdir. Astronavtika Konqresinin 2022-ci ildə Bakıda keçirilməsi növbəti böyük qələbəmizdir. Mən bu hadisəni çox önəmli siyasi qələbə kimi qəbul edirəm”.

Azərbaycanın kosmik sənayedə nüfuzu o səviyyəyə çatıb ki, bütün dünya üçün inkişaf nümunəsi sayılan şəhər dövlət Sinqapur, habelə 20-lik dövlətləri sırasında olan iki dövlət namizədlik yarışında Bakıya uduzub. Bu o deməkdir ki, Azərbaycan kosmik sənayesinin inkişafına töhfələr verir və bu istiqamətdə ən qabaqcıl texnologiyalara önəm verir. Müdrüklərin sınaqlardan keçmiş bir məsəli var: “Allah deyir səndən hərəkət, məndən bərəkət”. Azərbaycanın rəhbərliyi çalışır, qarşısında duran vəzifələri yerinə yetirmək, dünya birliyi ilə ayaqlaşmaq üçün gərgin işləyir, təşəbbüslər irəli sürür, münasibətləri işgüzar əsasda inkişaf etdirir və bütün bunların səmərəsini görür. Ölkə irəli gedir, iri dövlətlərlə baş-başa verməyi bacarır. Buna görə də iqtisadi-mədəni inkişafı sürətlə yüksəlir. Astronavtika Konqresinin 2022-ci ildə Bakıda keçirilməsi bu istiqamətdə yeni səhifələr açacaq.

Respublikamızın bu inkişaf parametrləri düşmənə-torpaqlarımıəzı işğal edən və dünya ictimaiyyətinin tələbinə məhəl qoymadan işğalı davam etdirən Ermənistana göz dağıdır. Öz məhdud və qəsər iqtisadiyyatı ilə məkr və hiylə yuvasında çəkilən bu, dövlət adına ləkə olan dövlət hələ də müasir beynəlxalq şəraitin real şərtlərini görə bilmir. Yer üzündə hansısa bir təcavüzkarın xoşbəxt sonluğu haqda fakt demirəm, rəvayət varmı?! Yoxdur! Olmayacaq da! Azərbaycanın uğurları düşmənin süqutunu anbaan yaxınlaşdırır.

N.NOVRUZ