Neftçi Qarabağ-ın qol seriyasını qırıb

4 Noyabr 2019 13:55 (UTC+04:00)

Qarabağ-ın Azərbaycan Premyer Liqasında qol seriyası qırılıb.

Goal.az PFL-nın rəsmi saytına istinadən xəbər verir ki, X turda Neftçi-nin qonağı olan Ağdam təmsilçisi mövsümdə ilk dəfə meydanı qol vurmadan tərk edib – 0:0. Bununla da son çempionun 17 oyunluq qol seriyası başa çatıb.

Cari mövsümün əvvəlki 9 qarşılaşmasında 19 topa imza atan Qarabağ ötən çempionatın son 8 görüşündən də qolsuz ayrılmayıb. Həmin matçlarda komanda 26 dəfə rəqib qapısına yol tapıb.

Qol sevinci yaşadığı 17 matçda 45 dəfə fərqlənən "Köhlən atlar"ın seriyası 2019-cu il martın 9-dan sonra başlayıb. Həmin gün evdə Zirə-ylə qolsuz heç-heçə qeydə alınıb.

Bu, Qarabağ-ın Azərbaycan çempionatlarında 3-cü göstəricisinin təkrarıdır. Klub tarixinin rekordu 2016-cı ildə qeydə alınan 23 matçlıq qol seriyasıdır. 2018-19-cu illərdə 19, 1992-93-cü illərdə isə 17 oyunluq seriya yaşanıb.