Rəqabət Məcəlləsinin bəxti açıla bilər

6 Noyabr 2019 13:53 (UTC+04:00)

Azərbaycan iqtisadiyyatında aparılan islahatların dərinləşdirilməsi iqtisadi fəaliyyəti tənzimləyən qanunvericilik bazasının da təkmilləşdirilməsini zəruri edir. Bu məqsədlə iqtisadi inkişafa böyül töhfə verəcək Rəqabət Məcəlləsinin qəbul edilməsi çox əhəmiyyətlidir.
Xatırladaq ki, ölkəmizdə 2006-cı ildən Milli Məclis Rəqabət Məcəlləsinin layihəsini müzakirə edib. Həmin ildə layihə birinci oxunuşdan keçib. 2007-ci ildə layihədə bir sıra dəyişikliklər edilərək ikinci oxunuşdan da keçib. Lakin bu qanun layihəsi iki oxunuşdan keçsə də, 3-cü oxunuşa çıxarılmayıb.
Rəqabət Məcəlləsinin layihəsi yenidən hazırlanıb. Bu barədə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində qeyd edilib. Rəqabət mühiti ilə bağlı qanunvericilik bazasının formalaşdırılması məqsədilə Rəqabət Məcəlləsinin layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.
Rəqabət Məcəlləsinin qəbul edilməsi Azərbaycan üçün önəmli addımlardan biri olacaq. Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmaq istəyir. Bu məqsədlə həmin təşkilatla 1997-ci ildən danışıqlar aparılır və indiyə qədər təşkilata üzvlük prosesi davam etməkdədir. Həmin təşkilata qəbul olunmaq üçün əsas şərtlərdən biri də Azərbaycanda mövcud olan iqtisadiyyatı və ticarəti tənzimləyən bir sıra qanunverici aktlarının təşkilatın prinsiplərinə uyğunlaşdırılmasıdır. Qanunvericilik aktlarından biri də Rəqabət Məcəlləsidir. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması baxımından Rəqabət Məcəlləsinin qəbul olunması mühüm əhəmiyyət kəsb edir.
Bütün hallarda bu məcəllənin qəbulu ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək. Rəqabət Məcəlləsi bazardakı rəqabət münasibətlərini müəyyənləşdirəcək və birmənalı şəkildə bazarda qiyməti qorumaq üçün yeni mexanizmlərin tətbiq edilməsinə imkan yaradacaq. Süni qiymət artımlarına səbəb olan şərait aradan qalxacaq. Bu baxımdan məcəllənin qəbul edilməsi önəmlidir. Bazarda inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi üçün hüquqi baza formalaşdıraraq, istehlak bazarında rəqabətin qorunması əhəmiyyətli rol oynayacaq. Bütövlükdə məcəllənin qəbulunun birmənalı şəkildə istehlak bazarına müsbət təsir edəcəyi aşkardır.
Lakin bu o demək deyil ki, Rəqabət Məcəlləsi qəbul edildikdən sonra, qısa müddət ərzində ölkədə inhisarçılıq olmayacaq və ya bazarda süni qiymət artımlarının qarşısı tam alınacaq. Əlbəttə ki, məcəllənin müsbət təsirlərini müəyyən zaman kəsiyindən sonra müşahidə edə biləcəyik. Amma istənilən halda inhisarçılığa meylli olan qüvvələrin fəaliyyətinin rəqabətli şəraitə uyğunlaşdırılması istiqamətdə bir addım olacaq. Çünki Rəqabət Məcəlləsi özündə bazar iqtisadiyyatı şəraitinə uyğun mövcud qanunvericilik çərçivəsində rəqabəti təşkil edir. Bu prinsiplərə uyğun gəlməyən hər hansı bir təşkilat mövcud məcəllənin müvafiq bəndlərini pozmuş olur ki, o da son nəticədə müxtəlif şəkildə bazar iqtisadiyyatı şəraitinə müvafiq olaraq, müəyyən cəza sanksiyaları ilə üzləşəcək.
Rəqabət gücləndikdə yeni istehsal sahələrinin yaradılmasında, əmtəələrin, o cümlədən görülən işlərin və yerinə yetirilən xidmətlərin çeşidinin artırılmasına və keyfiyyətinin yüksəldilməsinə kömək edir. Yalnız sağlam rəqabət və inhisarlaşmamış bazar iqtisadiyyatı şəraitində rəqabətin qabiliyyəti məhsul istehsalına, işlərin görülməsinə, xidmətlərin göstərilməsinə imkan verə bilər və bu da ölkədə iqtisadiyyatın inkişafının əsas amilidir.
Qeyd edək ki, bazar iqtisadiyyatı şəraitində yaşayan bütün ölkələrdə adələtli rəqabət mühitinin yaradılması uğrunda dövlətlər daim mübarizə aparıb. Bu mübarizənin bir əlaməti olaraq antiinhisar fəaliyyətinə qarşı müxtəlif tədbirlər görülüb, o cümlədən qanunvericilik aktları buna uyğunlaşdırılıb. Rəqabət mübarizəsinin tarixi qədim olsa da, onun qanun şəklində qəbulu təxminən 130 il əvvələ təsadüf edir. İlk dəfə ABŞ-da “Şerman” adlanan qanun qəbul edilib. Bundan sonra digər ölkələr də bu təcrübədən istifadə etməyə başlayıb. Antiinhisar qanunvericiliyimiz uzun bir tarixi yolu keçib, inhisarla mübarizənin metod və prinsipləri inkişaf edib və təkmilləşib. Bu dövr ərzində rəqabət özünü yeni formalarda əks etdirməyə başlayıb.
Azərbaycanda hələ 1993-cü ilin martında “Antiinhisar fəaliyyəti haqqında”, 1995-ci ildə “Haqsız rəqabət haqqında”, 1998-ci ildə isə “Təbii inhisarlar haqqında” Qanun qəbul olunub. Təcrübə göstərir ki, rəqabət mühitinin sağlamlaşdırılması məqsədilə qəbul edilən qanunvericilik aktlarının mükəmməl olması həm iqtisadiyyat, həm də cəmiyyət üçün əhəmiyyət kəsb edir. Qanunlar təkmil olduqda ölkənin iqtisadi rəqabət qabiliyyəti yüksəlir.
Azərbaycan Rəqabət Məcəlləsini daha dolğun şəkildə hazırlaya bilər. MDB ölkələrinin bir çoxunda bununla bağlı qanunlar qəbul edilib. Azərbaycan həmin ölkələrdə qəbul olunan qanunlarla müqayisədə daha sanballı bir sənəd qəbul etmək imkanındadır. Məsələn, Rusiyada qanun yalnız əmtəə bazarını əhatə edir. Qazaxıstanda da eynilə məcəllə əmtəə bazarı ilə məhdudlaşır. Azərbaycan həm əmtəə, həm də maliyyə bazarını əhatə edən mükəmməl sənəd qəbul edərsə, o, daha təkmil olacaq.

Vasif CƏFƏROV