İslahatlar qeyri-neft sektorunu daha böyük sürətlə canlandırır

7 Noyabr 2019 08:52 (UTC+04:00)

Azərbaycanın gələn ilin üçün dövlət büdcəsi ölkəmizin müstəqillik tarixində ən irihəcmli büdcədir. Dövlət büdcəsinin gəlirlərinin tərkibində neft gəlirləri 56,1 faiz və ya 13,5 milyard manat, qeyri-neft gəlirləri 43,9 faiz və ya 10,6 milyard manat nəzərdə tutulur. Cari illə müqayisədə xüsusi çəki nisbətində neft gəlirləri 3 faiz bənd azalıb, müvafiq olaraq isə qeyri-neft gəlirlərinin xüsusi çəkisi isə 3 faiz bənd artıb. Milyard manatlarla ölçülən bu faizlər kiçik rəqəmlər deyil və qeyri-neft sektorunun artım sürətinin yüksək olmasını göstərir. Bəs, bu artımlar nəyin hesabına əmələ gəlir?

Təbii ki, bu məsələni bir amillə bağlamaq olmaz, ancaq ən ciddi və yönləndirici amil ölkədə gedən islahatlar kursunun davamlı olmasıdır. İlk növbədə Azərbaycanda yaradılmış əlverişli biznes mühitini qeyd etmək gərəkdir. İndi ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq “su içmək” qədər asandır. Bu sahədə olan stereotip maneələr tamamilə aradan qaldırılıb. Həm öz vətəndaşlarımız, həm də xarici iş adamları istədikləri sahəyə investisiya yatırıb gəlir götürmək imkanına malikdirlər. Bürokratik hasarlar isə, tam olmasa da, böyük ölçüdə sıradan çıxıb. Tək-tük baş verən mənfi hallar isə xəlvəti və böyük risk altında baş verir. Bu səbəbdən hər il qeyri-neft sektorunda onlarla yeni müəssisələr açılır, istehsal sahələri yaradılır, ölkəni ixrac potensialı genişləndirilir.

Bu günlərdə Milli Məclisdə gələn il üçün büdcənin müzakirəsi zamanı çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, 2020-ci ildə neft-qaz sənayesi ilə yanaşı, qeyri-neft sektorunda da əhəmiyyətli artım gözlənilir. Həyata keçirilən kompleks tədbirlər nəticəsində 2020-ci ildə qeyri-neft sahəsində 8,8 faiz artım proqnozlaşdırılır. Nazir qeyd edib ki, növbəti ildə qeyd olunan proqnozların reallaşdırılması üçün biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması və digər addımların davam etdirilməsi önəmlidir. Görülən işlər nəticəsində qeyri-neft sahəsində ildən-ilə artım qeydə alınır. Bu tendensiyanın növbəti illərdə də davam edəcəyi gözlənilir.

Vergi və gömrük orqanlarını əhatə edən islahatların nəticəsi özünü aydın büruzə verir. Gələn il bu xətlə dövlət büdcəsinə 7 milyard 875 milyon manat daxilolma nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 559 milyon manat və ya 7,6 faiz çoxdur. Gömrük orqanlarının xətti ilə büdcəyə 4 milyard manat, yəni, 2019-cu ilə nisbətən 298 milyon manat və ya 8 faiz çox vəsait daxil olması proqnozlaşdırılır. Növbəti ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 milyard 350 milyon manat və ya cari illə müqayisədə 14,3 milyon manat az transfer nəzərdə tutulur. 2020-ci il dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 32,3 faizi səviyyəsində və ya 26 milyard 914 milyon manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 1 milyard 724 milyon manat və ya 6,8 faiz çoxdur.

Göründüyü kimi qeyri-neft sektorunun büdcəyə təsiri ildən-ilə artır. Bu istiqamətdə son illər işə salınan iri müəssisələr də əhəmiyyətli dərəcədə öz paylarını artırırlar. İlin əvvəlində işə düşmüş karbamid zavodunda dekabr ayı da daxil olmaqla 200 min ton məhsul istehsal ediləcək. Gələn il üçün istehsalın həcmi 500 min tona qədər artırılacaq. Sonrakı illərdə də 620, 640 və 650 min ton karbamid istehsal olunacaq. Məhsul istehsalı büdcəyə daxilolmaların proporsional artımı deməkdir. Çünki, həyata keçirilən islahatlat kəmiyyətlə bərabər keyfiyyəti və zəruri məhsulların istehsalını, yəni innovativ layihələrin gerçəkləşdirilməsini təşviq edir ki, bu da yalnız gəlirli sahələrin inkişafını stimullaşdırır. Nəticədə ölkənin ümumi gəlirləri artır. Karbamid zavodunun məhsulunun 70 faizi ixrac edilir. Yəni, buna görə valyuta gəlirləri də çoxalır.

Gələn il Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanda ilk dəfə tikinti materialları istehsal edən avadanlıqların hazırlanması üzrə müəssisə yaradılacaq. Bu, artıq Azərbaycanda rəqabətqabiliyyətli, yeni və ənənəvi sahələrin inkişafı deməkdir. “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin ərazisində “AzerFloat” QSC-nin şüşə lövhələrin istehsalı zavodunun inşası dagələn il başa çatacaq. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 221,7 mln manatlıq məhsul istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 1,8% artıb. Bu tendensiya gələn il də davam edəcək. Eyni zamanda islahatların aqrar sektorda yaratdığı üstünlüklər gələn il qeyri-neft sektorunda əldə edilən gəlirlərdə öz payını xeyli artıracaq.

İslahatlar davam edir. Kadr islahatlarının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması bu istiqamətdə iş prinsiplərinin daha da şəffaflaşmasına, çevikliyin güclənməsinə, operativliyin artmasına təsir edəcək. Bununla istehsalın genişlənməsi, məhsuldarlığın artması gözlənilir. Demək, gəlirlərin artacağı da istisna deyil.

N.NOVRUZ