“Kölgə iqtisadiyyatı”nın dairəsi daralır

7 Noyabr 2019 09:01 (UTC+04:00)

Azərbaycanda son vaxtlarda güclənən iqtisadi islahatların əsas məqsədlərindən biri də “kölgə iqtisadiyyatı”nın həcminin kiçildilməsidir. Müxtəlif qiymətləndirmələrə əsasən ölkəmizdə “kölgə istisadiyyatı”nın həcmi bir neçə milyard manat dəyərindədir və buradan həm dövlət büdcəsinə, həm də Dövlət Sosial Müdafiə Fonduna əlavə daxilolmalar üçün böyük potensial var.

İqtisadçı-ekspert Pərviz Heydərov Azərbaycanda “kölgə iqtisadiyyatı”nın həcminin böyük olduğunu və son dövrlərdə gizli iqtisadiyyatın həcminin kiçildilməsi istiqamətində ciddi addımların atıldığını dedi. O qeyd etdi ki, dünyanın bütün ölkələrində “kölgə iqtisadiyyatı” var. O cümlədən ən böyük iqtisadiyyata sahib olan ABŞ-da “kölgə iqtisadiyyatı”nın əlamətlərinə rast gəlinir. Ekspert bildirdi ki, bu məsələdərdə əsas fərq “kölgə iqtisadiyyatı”nın həcmi ilə bağlıdır. P.Heydərov ümumilikdə inkişaf etməkdə olan ölkələrdə “kölgə iqtisadiyyatı”nın həcminin inkişaf etməkdə olan ölkələrə nisbətən kiçik olduğunu və bunun səbəbinin heç də inzibati amillərlə bağlı olmadığını söylədi: “İnkişaf etmiş ölkələrdə iqtisadiyyat elə bir sistem halına gəlib çıxıb ki, onlarda “kölgə”də fəaliyyət göstərmək üçün əsas qalmır. MDB ölkələrində isə “kölgə iqtisadiyyatı”nın həcmi böyükdür. Bunun da əsas səbəbi həmin ölkələrin bazar iqtisadiyyatına yeni keçmələri və hələ də bir çox məsələrlərin dövlət tərəfindən tənzimlənməsi ilə bağlıdır. Belə şəraitdə “kölgə iqtisadiyyatı”nın həcmi böyük olur. Azərbaycanda da rəsmi statistika ilə faktiki vəziyyət arasında çox böyük fərq var. Bunu hökumət nümayəndələri də təsdiqləyir. Əgər belə olmasaydı, vergi inzibatçılığının gücləndirilməsi hesabına milyonlarla manat dəyərində vəsait dövlət büdcəsinə ödənilməzdi”.

P.Heydərov vurğuladı ki, məhz “kölgə iqtisadiyyatı”na qarşı start götürən inqilabi addımların sayəsində sosial sahədə güclü addımlar atmaq mümkün oldu: “Bunu mütləq nəzərə almaq lazımdır. Məsələn, minimum əməkhaqqı yaşayış minimumu səviyyəsinə yalnız bu il çatdırıldı. Halbuki, dövlət gəlirlərimiz 2015-2016-cı illərdən əvvəl indikindən yüksək idi. Buna baxmayaraq, sözügedən bərabərləşməni yalnız bu il əldə edə bildik. Niyə və nəyin hesabına? Sözsüz ki, bilavasitə, son 1 il ərzində ölkədə həyata keçirilməyə başlanılan şəffaflığın, yeni yanaşmanın və islahatların sayəsində... Demək istədiyim budur ki, sosial dövlət modeli quruculuğunda bütün problemlərin kökündə məhz “kölgə iqtisadiyyatı” dayanırdı ki, dövlət və hökumət sosial istiqamətdə nə qədər güclü siyasət yeridir-yeritsin, effektlilik səviyyəsinin bir hissəsi bu amil tərəfindən "qara dəlik işığı udduğu" tək mənimsənilirdi. Bu, çox ciddi problemdir. Təkcə bir faktı xatırladım ki, 2018-ci ildə “kölgə iqtisadiyyatı”nın səviyyəsinin azaldılması istiqamətində görülən işlər nəticəsində iri topdansatış obyektlərində 930 milyon manat, şəbəkə marketlərdə 122 milyon, özəl tibb müəssisələrində 230 milyon manat vəsaitin dövlət büdcəsindən yayınma aşkarlanaraq, büdcəyə daxil edilmişdi. Bunlar hələ vergi yoxlaması nəticəsində ortaya çıxanlardır. Bu, nəyi göstərir? Bizdə “kölgə iqtisadiyyatı” kifayət qədər böyük paya sahibdir və milli gəlirin bölgüsündə ədalətsizlik elementlərinin kökündə də elə məhz, bu amil dayanır. Odur ki, dövlətimizin sosial aspektdə illərlədir nümayiş etdirdiyi, cari ildən daha da gücləndirdiyi səylərin maksimal səviyyədə effekt verməsi üçün “kölgə iqtisadiyyatı”nın səviyyəsini azaltmaq zərurəti hələ də ciddi şəkildə ortada dayanır”.

Ekspert dedi ki, istər əmək münasibətlərinin rəsmiləşdirilməsi, istərsə də əməkhaqlarının “ağardılması” nəticəsində əhəmiyyətli şəffaflaşma baş verib: “Xüsusən də, qeyri-neft sektorunun özəl bölməsində muzdla işləyənlərin sayında artım müşahidə edilməsi o deməkdir ki, islahatlar bəhrəsini verdi. Ümumiyyətlə, dövlət-biznes münasibətlərində şəffaflığın təmin edilməsi, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, vergi uçotunun bərpası və biznesin öz dövriyyələrini leqallaşdırması istiqamətində əldə olunan nəticələr qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının artmasına gətirib çıxardı. Özü də, bütün bunlar nəzərdə tutulduğundan və proqnozlaşdırıldığından xeyli əvvəl baş verdi. Bunlar bir daha təsdiq edir ki, neft gəlirlərinin büdcədə payı yüksək olduğu dövrdə vergitutma sahəsində iqtisadi inkişafı stimullaşdıran, “kölgə iqtisadiyyatı”nın qarşısını alan islahatlara getmək şansı daha geniş xarakter daşıyır. Nə qədər ki, büdcəyə Neft Fondundan transfert imkanı var, bu cür islahatlara getmək lazım və vacib sayılır. Əsas hədəf isə ondan ibarət olmalıdır ki, vergi dərəcələri iqtisadi aktivliyi, “kölgə iqtisadiyyatı”nın leqallaşması dərəcəsini stimullaşdırsın və pərdəarxası qazanc əldə etmək istəyinin rüşeym halında da olsa belə, mövcudluğuna zəmin saxlamasın. Bununla belə, gəlirlərini tam şəkildə şəffaf bəyan etmək istəməyən vergi ödəyicilərinin sayı hələ də az deyil və bu tendensiya təəssüf olsun ki, hər vaxt özünü göstərməkdə davam edəcək. Bəli, vergi islahatları nəticəsində cari ilin ötən dövrü ərzində əvvəlki illə müqayisədə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi əhəmiyyətli şəkildə artıb. Bu artımlar qeyri-neft-qaz sektorunun hesabına baş verib, iqtisadiyyatın ayrı-ayrı sektorlarında “ağarma”nın rolu sayəsində özünü büruzə verib.

Ticarət və xidmət sferalarında hələ də üzə çıxarılası vəsaitlər mövcuddur. Bunlar, haqsız rəqabətə və onun genişlənməsinə, leqal biznesin sıxışdırılmasına, dövlətin və cəmiyyətin maliyyə dayaqlarının zəifləməsinə gətirib çıxarır. Sözsüz ki, tam şəffavlığa nail olmaq üçün təkrar edirəm, müəyyən vaxt lazımdır. Bu vaxt ərzində sırf inzibati metodlar işə yarıya bilməz. Hökmən, büdcə-fiskal siyasəti inzibati addımlarla bərabər həyata keçirilməlidir”.

 

Vasif CƏFƏROV