Əhaliyə ödənilən pullar artırılacaq

7 Noyabr 2019 08:51 (UTC+04:00)

 

«Görülən işlər nəticəsində bu ilin 10 ayı ərzində ölkəmizdə əməkhaqqı fondu əhəmiyyətli dərəcədə artıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan sosialyönümlü dövlətdir. Dövlətimizin başçısının rəhbərliyilə həyata keçirilən tədbirlərin mərkəzində vətəndaşlarımızın sosial rifahı durur». Bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir onu da qeyd edib ki, 2020-ci ildə əhaliyə ödənişlərin məbləğində artım gğzlənilir. Bu ödənişlər demək olar ki, hər il artırılır.   Bu hal ölkədə iqtisadi dinamikaya necə təsir edəcək?

İqtisadçı-ekspert Fuad İbrahimov bildirdi ki, əmək haqqı və müavinətlərin artımı inflyasiyanın qarşısı alındığı təqdirdə, ölkədə iqtisadi dinamikaya olduqca müsbət təsir göstərəcək: “Ölkəmizin iqtisadi dinamikasına maaş və müavinətlərin artımının təsiri səbətdə olacaq artımın nə dərəcədə olmasından asılıdır. Bu müstəvidə səbətdə baş verəcək artım səviyyəsi iqtisadi dövriyyəyə cəlb olunacaq.

Bir çox iqtisadçılar düşünür ki, əmək haqqı və müavinətlərin artımı eyni zamanda inflyasiyaya da təsir göstərir. Amma bu zaman bir məsələni nəzərə almalıyıq ki, ölkəmizdə antiinflyasiya tədbirləri də görülür. Bu sayaq tədbirlər vaxtında görülərsə, maaş və müavinətlərin artımı fonunda inflyasiyanın qarşısı alınarsa, bu vəziyyətdə sözügedən artımlar iqtisadi dinamikaya müsbət təsir göstərəcək. Yəni iqtisadiyyata cəlb olunan bu vəsaitlər artıq bütün göstəricilərinə görə, müsbət müstəvidə inkişafa təkan verəcək. Əmək haqqı və müavinətlərin artımı vətəndaşlarımızın iqtisadi fəallıq baxımından daha da aktivləşməsinə gətirib çıxaracaq. Artım nəticəsində inflyasiya fonunda neqativ hadisə baş versə, şübhəsiz ki, olay iqtisadi dinamikaya mənfi təsir edəcək. İnflyasiyanın qarşısı kompleks şəklində alındığı təqdirdə, proses iqtisadi dinamikaya müsbət effek verəcək. Düşünürəm ki, belə də olacaq. Çünki son iki ildə müsbət inkişaf dinamik olaraq artır”.

İqtisadçı-ekspert Natiq Cəfərli qeyd etdi ki, maaş və təqaüdlərin artımı ilə ölkədə iqtisadi fürsətlər də artacaq: “Əslində, qanunda da nəzərdə tutulub. Gələn ilin yanvarından orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq istər əmək haqqı, istər təqaüd, istərsə də sosial müavinətlərdə indeksləşmə aparılacaq. Bu hal kifayət qədər qanunda nəzərdə tutulmuş məsələdir və hər il həyata keçirilir. Amma bundan əlavə hansı artımların olacağı ilə bağlı yəqin ki, ya Prezident fərmanı olacaq, ya da büdcənin qəbulu ilə bağlı müzakirələr zamanı Milli Məclis tərəfindən müəyyən dəyişiklik və qərarlar verilə bilər.

Ümumilikdə əhalinin gəlirləri, maaş, müavinət, təqaüdlər artdıqca təbii ki, iqtisadi fürsətlər də artır. Onların alım gücü artır. Onun da artması ticarət dövriyyəsinə müsbət təsir edir. Ticarət dövriyyəsinin artması isə öz növbəsində iqtisadi aktivliyin daha da güclənməsinə gətirib çıxarır. Bu nöqteyi-nəzərdən insanların alıcılıq qabiliyyətinin yüksəlməsi iqtisadi proseslərə müsbət təsir edən, iqtisadi dinamikanı artıran amillərdəndir. Alıcılıq qabiliyyətinin artması insanları daha çox məhsul və xidmətlərdən istifadə etməyə vadar edəcək. İnsanlar mal və xidmətlərin alınması, istifadəsində daha çox önə çıxsa bu da öz növbəsində biznes çevrələrinin gəlir və dövriyyəsini artıracaq. Bunlar bir-birilə bağlı məsələlərdir. Dünyanın hər yerində istehlakçının alıb gücünün artması iqtisadi artıma müsbət təsir edən əsas amillərdən biridir”.

Rüfət NADİROĞLU