Məhkəmə-hüquq islahatları bu sahədə mühüm dəyişikliklərə yol açır

9 Noyabr 2019 09:00 (UTC+04:00)

Azərbaycanda məhkəmə-hüquq islahatları yeni mərhələyə daxil olur. Belə ki, məhkəmə-hüquq islahatları çərçivəsində Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edilmiş ikinci qanun layihələri paketi müzakirəyə çıxarılıb.

Qeyd edək ki, məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi çərçivəsində ilk qanunvericilik aktları paketi bu ilin iyul ayında qəbul edilmiş və islahatların institusional komponentini əhatə etmişdi. 2020-ci ilin əvvəlindən qüvvəyə minəcək həmin dəyişikliyə əsasən ixtisaslaşmış məhkəmələrin iki sisteminin-inzibati məhkəmələr və kommersiya məhkəmələrinin yaradılmasının hüquqi təməli qoyulub. Hazırkı sənədlr toplusuna daxil olan layihələr 12 normativ hüquqi akta, Mülki Prosessual, Cinayət Prosessual,  İnzibati Prosessual, İnzibati Xətalar məcəllələrinə, “Məhkəmələr və hakimlər haqqında”, “Məhkəmə-Hüquq Şurasi haqqında”, “Dövlət məhkəmə ekspertizası haqqında”, “İnzibati icraat haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və digər qanunlara dəyişikliklər edilməsini nəzərdə tutur. Bu dəyişikliklər prosesi ölkənin inkişafına, hüquq sisteminə nə vəd edir?

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirdi ki,  məhkəmə-hüquq islahatları çərçivəsində ikinci qanun layihələri paketi bu istiqamətdə başlanan islahatların növbəti davamıdır: “2010-cu ilin əvvəlində məhkəmə sistemində islahatların dərinləşdirilməsi haqqında Prezidentin fərmanı oldu. Bu da məhkəmə sahəsində islahatların başlanğıcından xəbər verdi.

Habelə, həmin addım islahatların daha da dərinləşməsi və həyata keçirilən digər islahatların uğurlu təminatı kimi çıxış edirdi. Yəni bu bir yol xəritəsi idi. Ötən dövr ərzində həmin istiqamətdə bir çox işlər görülüb və görülməkdə davam edir. Hakimlərin qeyri-peşəkar davranışı və yaxud onlara qeyri-peşəkar təsirlərlə bağlı Məhkəmə-Hüquq Şurası tərəfindən Qaynar xəttin yaradılması bu istiqamətdə atılan mühüm alətlərdən biri oldu. Qanunvericilikdə mühüm dəyişiklik oldu və Kommersiya məhkəmələri yaradıldı. Bu da mühüm addım idi.

Prezident fərmanında 200 ştatın yaradılması ilə bağlı tapşırıq vardı və onun icrası istiqamətində artıq müsabiqə də keçirilib. Bununla bağlı test və yazılı imtahan baş tutdu. Elektron məhkəmə sistemi, hakimlərin əmək haqlarının artırılması istiqamətində də əhəmiyyətli addımlar atılıb. Həmçinin məhkəmə aparatı işçilərinin əmək haqlarının artımı istiqamətində qərarlar verildi. Bildiyim qədər ümumiyyətlə, 35 qanun layihəsi hazırlanmışdı ki, onun da artıq 5-I tam olaraq qəbul edilib. İndi də ikinci paket qanun layihələri Milli Məvlisə daxil olub. Burada alternative ekspertizanın təşkili məsələsi də öz əksini tapıb ki, bu da vacib əhəmiyyətli məsələdir”.

Hüquqşünas qeyd etdi ki, atılan bu addımlarla ölkənin məhkəmə-hüquq sistemi keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq: “Bütün bunlar bütövlükdə məhkəmə-hüquq sisteminin keyfiyyətcə dəyişilməsini zəruri edən şərtlər toplumuna daxildir. Həmin addımlar məhkəmələrin fəaliyyətinin effektivliyi və səmərəsinin artımına gətirib çıxaracaq. Əvvəlki illərin təcrübəsi göstərir ki, bir hakimin icraasında il ərzində 2000-ə yaxın iş olur. Bu da çox ağır yükdür, bir hakim ay ərzində 110-115 işə baxmalı olur. Nəticədə hakimlər həddən artıq yüklənirdilər. Belədə keyfiyyətli qərarların qəbul edilməsini tam olaraq təmin etmək bəzi hallarda alınmırdı”.

Onun fikrincə, bu işlərin həyata keçməsilə məhkəmə hakimiyyəti daha səmərəli və effektli olacaq: “Yeni həyata keçirilən və keçirilməsi gözlənilən tədbirlər şübhəsiz ki, məhkəmə hakimiyyətini daha səmərəli və effektli edəcək. Bu fonda həmin quruma inam və etimad daha da artacaq. Fərmanın əsas məqsədlərindən biri də məhz məhkəmə hakimiyyətinə inamın daha da gücləndirilmsi, hakimlərin müstəqilliyinin təmin edilməsilə bağlıdır. Paketdə yer alan dəyişikliklər həmçinin məhkəmələr tərəfindən qəbul edilən qərarlarda sabitliyin təmin edilməsi, eyni məsələ ilə bağlı müxtəlif məhkəmə qərarlarının qarşısının alınmasına yönələn addımlardır. Məhkəmə qərarlarında müəyyənlik vacib məsələdir. Habelə, sabitliyin təminatı, eyni məsələ ilə bağlı müxtəlif qərarların olmasının qarşısının alınması da çox əhəmiyyətli məsələdir. Bu həm hakimlərin işini asanlaşdıracaq, həm məhkəmə qərarlarını proqnozlaşdırmaq mümkün olacaq. İstənilən tərəfə artıq aydın olacaq ki, hər hansı bir işlə bağlı qəbul edilən qərar oxşar digər işlə bağlı qərar qəbulunda da əsas ola bilər. Bu isə oxşar mübahisəli məsələlərin həllində vahid yanaşmanın təmin edilməsi demək olacaq. Qanunvericiliyə bu istiqamətdə də dəyişikliklər paketi daxil olub.

Prezidentin iradəsi əsasında həyata keçirilən bu islahatların effektli nəticələr verməsi üçün bununla bağlı tapşırıq alan bütün qurumlar öz fəaliyyətlərini demək olar əsasən yerinə yetirib. Onu da qeyd etmək lazımdır ki, heç şübhəsiz bütün bunlar Prezident Adminstrasiyası ilə hüquq-mühafizə orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirən qurumun uğurlu koordinasiyasının nəticəsidir.  Hesab edirəm ki, bu islahatların tam olaraq təmin edilməsilə bütövlükdə həyata keçirilən digər islahatların da etibarlı təminatı daha da güclənəcək. Bütün istiqamətlərdə uğurlu nəticələrə nail olmaq mümkün olacaq”.

Rüfət NADİROĞLU