Azərbaycan xarici borc məsələsində əlverişli mövqedədir

9 Noyabr 2019 10:45 (UTC+04:00)

Dünya iqtisadiyyatı üçün əsas risk mənbələrindən biri də borclanma səviyyəsinin yüksəlməsidir. Son məlumatlara əsasən ölkələrin xarici borc yükü ümumi daxili məhsul (ÜDM) istehsalından 2,3 dəfə çoxdur. Xarici borclanma ilə bağlı son vəziyyətlə əlaqədar açıqlama verən Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Qeorqiyeva bildirib ki, dünya ölkələrinin borcu yeni rekord səviyyə çatıb. Onun məlumatına əsasən dövlət, özəl və bələdiyyə sektorlarının ümumi xarici borcu 188 trilyon dollara yüksəlib.

Ölkələrin xarici borcunun həcmində sürətli artım gedir. Bir il əvvəl iqtisadiyyatların xarici borcu 182 trilyon dollar təşkil edirdi. BVF dünya hökumətlərini bu göstəricinin azaldılması üçün bacardıqları hər şeyi etməyə çağırıb. Fondun rəhbərinin fikrincə borclanmanın sürətlə artması dünya iqtisadiyyatında artımı yubadır. O qeyd edib ki, belə olduqda ödəmələri təmin etmək daha problemli olacaq.

Qeyd edək ki, xarici borclar adətən 2 səbəbdən yaranır; ölkədə xərcləmələr gəlirdən çox olduqda, həmçinin tələb olunan investisiyaları daxili qaynaqlar hesabına maliyyələşdirmək mümkün olmadıqda. Bu vəziyyətdə xarici qaynaqlı vəsaitə tələbat artır ki, nəticədə də xarici borclanma baş verir. Məhz xərclərin artması gələcəkdə borc yükünü artırdığından hökumətlər xarici borcların qaytarılması üçün xərcləri azaldır. Bu isə başqa xarakterli sosial problemlər yaradır.

Buna görə də hazırda ən çox tövsiyə edilən məsələ xərclərin ölkənin milli gəlirinə uyğunlaşdırılmasıdır. Necə deyərlər həm hökumət, həm özəl sektor ayağını yorğanına görə uzatmalıdır. Hər bir ölkə daha çox borc cəlb edib, sonra onu qaytarmaq dərdi ilə üzləşən ölkələrin vəziyyətindən nəticə çıxartmalıdır. Ölkələrin xarici borclanmaya gedən zaman ehtiyatlı olması vacibdir.

Bunu dünyanın əsas maliyyə qurumları (BVF, Dünya Bankı və s.) da tövsiyə edir. Həmin qurumlar xarici borclanmaya gedən zaman müəyyən həddin gözlənilməsini məsləhət görür. BVF-nin tövsiyyəsinə görə, xarici borc yükü ÜDM istehsalının 80 faiz həsmini keçməməlidir. Fond bildirir ki, bu tövsiyyəni hələ ağır borc yükü olmayan ölkələr xüsusilə nəzərə almalıdır. Əks təqdirdə onlar da Avropa Birliyi və digər inkişaf etmiş ölkələr kimi borc bataqlığın düşə bilər.

Azərbaycan ağır xarici borc yükü olmayan ölkələrdən biridir. Ölkənin xarici borcu 8 milyard dollar həcmindədir. Xarici borcun əsas hissəsini dövlətin borcu, dövlət zəmanəti ilə cəlb edilən borclar və dövlət şirkətlərinin cəlb etdiyi borclar təşkil edir. Özəl sektorun da xarici borcu var. Amma onların borcu böyük məbləğlə ifadə edilmir. Məsələn, kommersiya banklarının ümumi borcu 2018-ci ildə 900 milyon dollar təşkil edib.

Azərbaycanın xarici borcunun 90 faizindən çoxsuna hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilən kreditlər üzrə şərti öhdəliklər daxildir. Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilən kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

Son illərdə özəl sektorun borcunda azalma, dövlətin xarici borcunda isə artım müşahidə edilib. Azərbaycanın xarici dövlət borcunun artımı əsasən xarici amillərin təsirindən yaranan vəziyyətlə bağlıdır. 2014-cü ilin ikinci yarısından neftin kəskin şəkildə ucuzlaşması həm dövlətimizin və həm də ölkənin xarici valyutada gəlirlərinin xeyli dərəcədə azalmasına səbəb oldu. Bunun nəticəsində tədiyyə balansında tarazlıq pozuldu, ölkədən çıxan valyutanın həcmi ölkəyə gələn valyutanın həcmindən xeyli çox oldu, manat 2 dəfədən çox ucuzlaşdı, bank və digər maliyyə sistemində problemlər yarandı. Belə vəziyyətdə dövlət tədiyyə balansında tarazlığı təmin etmək, makroiqtisadi sabitliyə nail olmaq və bank sektoruna inamı qorumaq üçün xarici borclanmanı artırmağa məcbur idi.

Ölkəmizin xarici dövlət borcunda kəskin artım yalnız 2017-ci ildə olub. Əvvəlki illərdə artım sürəti aşağı idi. 2017-ci ildə xarici dövlət borcunda artımın başlıca səbəbi “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin xarici öhdəliklərinin dövlətin üzərinə götürməsi ilə bağlıdır. Dövlət təxminən 3 milyard dollar həcmində öhdəliyi öz üzərinə götürüb. Eyni zamanda Cənub Qaz Dəhlizi layihəsində Azərbaycanın payının maliyyələşdirilməsi üçün 3,15 milyard dollar borc cəlb edilib.

Dövlətin xarici borcunun artması ilə əlaqədar olaraq iqtisadiyyatın ümumi borc yükü 22-23 milyard dollar səviyyəsinə yüksəldi. Amma son iki ildə xarici borcun ÜDM-yə nisbətində azalma var. 2018-ci ildə Azərbaycan iqtisadiyyatının xarici borcunun ÜDM-yə nisbəti 54-55 faiz səviyyəsində olduğu halda, 2019-cu ildə bu göstərici 50 faizdən aşağı düşüb.

Azərbaycan xarici borcun ÜDM-yə nisbəti baxımından Türkiyə (60 faizdən çox), Qazaxıstan (117 faiz), Ukrayna (120 faiz), Belorusiya (80 faiz), Gürcüstan (110 faiz), Ermənistan (100 faiz) kimi yaxın qonşu ölkələrindən daha yaxşı vəziyyətdədir. Avropada, ABŞ-da və inkişaf etmiş ölkələrdə iqtisadiyyatın xarici borcunun ÜDM-yə nisbəti daha böyükdür.

İqtisadi cəhətdən qiymətləndirdikdə daha çox borclanmaq risk yaradır. Xarici borclar çox olduqda onu qaytarmaq çətinləşdiyindən ölkədə ciddi maliyyə çatışmazlığı baş verir. Bundan sonra ölkə iqtisadiyyatının inkişafı faktiki tormozlanır. Borc yükü artan bütün ölkələrdə dövlət daha sərt maliyyə tədbirlərinə əl atmağa məcburdur. Bu isə onsuz də gücsüzləşən iqtisadiyyatın bir qədər də zəifləməsini şərtləndirir. Elə bir vəziyyət yaranır ki, dövlət büdcəsinin mədaxil hissəsinin icra etmək problemə çevrilir. Bir tərəfdən ölkə iqtisadiyyatının gücsüzləşməsi, digər tərəfdən dövlət büdcəsinin formalaşdırılmasının çətinliyi hökuməti 2 ağır qərarı qəbul etməyə vadar edir. Hökumət borc yükünü azaltmaq üçün həm xərcləri azaldır (xüsusilə investisiya, təhsil və əməkhaqqı xərclərini), həm də bu dəfə özü xaricdən daha çox borc almağa başlayır. Çünki iqtisadiyyat ağır vəziyyətdə olanda xarici maliyyə qurumları özəl sektora borc vermək istəmir, kreditorlar daha güclü təminat istəyir. Buna görə də yegənə çıxış yolu dövlətin borclanmanı artırmasıdır.

Bu baxımdan Azərbaycanın xarici borclanma ilə bağlı yürütdüyü siyasət daha uğurludur. Ölkəmiz 2025-ci ilə qədər xarici borcun idarə edilməsi ilə bağlı siyasətini təkmilləşdirərək borcun ÜDM-yə olan nisbətini 12 faizə qədər azaltmağa müvəffəq ola bilər. Azərbaycanın borc yükünün azalması onun xaricdən daha ucuz və daha uzun müddətə borc almasını asanlaşdıracaq.

 

Vasif CƏFƏROV